Rumıniya Prezidenti Trayan Besesku Milli Məclisdə olmuşdur

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 19-da Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar.

Rumıniya Prezidenti Milli Məclisin iclas zalına baxmış, parlamentdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur.

Sonra Rumıniya dövlətinin başçısı Milli Məclisin sədri ilə görüşmüşdür.

Görüşdə Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Rumıniya arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. Dövlətlərimizin başçılarının səyi, qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu günədək ölkələrimiz arasında əməkdaşlığa dair 52 sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızı daha da genişləndirmək üçün möhkəm hüquqi baza yaratmışdır.

Milli Məclisin sədri iki ölkə arasındakı xidmətlərinə görə Rumıniya Prezidentinin Azərbaycanın ən ali mükafatı "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik etmiş, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.

O.Əsədov ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin də rolunu xüsusi qeyd etmiş, hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının fəaliyyətini xüsusi qeyd etmişdir.

Sonra Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ölkəmizin iri regional layihələrdə iştirakı və digər məsələlər barədə məlumat vermişdir. Azərbaycanın haqq işini daim müdafiə etdiyinə görə Rumıniya Prezidentinə və rumın xalqına minnətdarlığını bildirmişdir.

Trayan Besesku demişdir ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və yaxın dostudur. Məlumdur ki, Azərbaycan da Rumıniyanı özünün yaxın dostu hesab edir.

Rumıniya dövlətinin başçısı daha sonra demişdir: "Biz Azərbaycana təkcə neft və qaz ixrac edən ölkə kimi baxmırıq. Azərbaycan həm də regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan dövlətdir".

Ali qonaq demişdir ki, Rumıniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir. Biz problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Milli azlıqların öz mədəniyyətlərini, dil və digər xüsusiyyətlərini qoruması, inkişaf etdirməsi, onların yaşadıqları ölkələrin ərazi bütövlüyü çərçivəsindən kənara çıxmamalıdır.

Trayan Besesku dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 aprel.- S. 2.