Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycan
Televiziyasına müsahibəsi
Aprelin 19-da
Bakıda rəsmi səfərdə olan Rumıniya Prezidenti
Trayan Besesku Azərbaycan Televiziyasına müsahibə
vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.
- Cənab Prezident, Azərbaycan ilə Rumıniya
arasında münasibətlərin indiki vəziyyəti barədə
nə deyə bilərsiniz?
Bu münasibətlərdə
prioritetlər hansılardır?
- Siyasi nöqteyi-nəzərdən
münasibətlərimiz yüksək səviyyədədir.
Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən
sonra tanıyan ikinci ölkə olub. Dünən biz bir
sıra sənədlər imzaladıq. Bu sənədlər
bizi beynəlxalq aləmdə siyasi baxımdan bir-birimizin
mövqelərini dəstəkləməyə və bu
mövqelərlə bağlı daimi müzakirələr
aparmağa imkan verəcəkdir. İqtisadi nöqteyi-nəzərdən
bu münasibətlərimiz qənaətbəxşdir, lakin
onlar siyasi əlaqələrimiz qədər yüksək səviyyədə
deyildir. Düşünürük ki, AGRİ Azərbaycanın
qaz təchizatı baxımından əsas rol
oynadığı böyük əhəmiyyətə malik
regional layihədir. Azərbaycan bazarında Rumıniya şirkətlərinin
informasiya-kommunikasiya texnologiyaları sahəsində tərəfdaşlığı
da mövcuddur. Qarşılıqlı münasibətlər
daha da inkişaf edir. Dünən biz qərara aldıq ki, hərbi
əməkdaşlıqla bağlı protokolu ilin sonuna qədər
imzalayaq. Bildiyiniz kimi, Azərbaycan zabitləri Buxarestdə
Rumıniya Hərbi Akademiyasında təhsil alırlar.
Münasibətlərimiz
müxtəlif sahələrdə inkişaf edir. Azərbaycan
Xəzər regionu və Avropa arasında körpü rolunu
oynayır. Bizim, eyni zamanda, digər region ölkələri
olan Özbəkistan və Qazaxıstanla da çox gözəl
əlaqələrimiz vardır. Lakin bu regionda bir nömrəli
tərəfdaşımız Azərbaycandır.
- Cənab Prezident, Sizin Bakıya səfəriniz ikitərəfli
və regional maraq doğuran bir sıra məsələlərin
müzakirəsi üçün yaxşı imkandır.
Prezident İlham Əliyev ilə apardığınız
müzakirələrin gündəliyində ən əhəmiyyətli
məsələlər hansılar oldu?
-Təhsil, səhiyyə və
xarici siyasət sahəsində əməkdaşlığa
dair saziş imzaladıqdan sonra Prezident İlham Əliyev ilə
Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı müzakirələr
apardıq. Bu, siyasi və iqtisadi əməkdaşlıq
baxımından strateji tərəfdaşlığımızı
daha da möhkəmləndirir. Bu, səfərin əsas məqsədi
idi. Düşünürəm ki, prezidentlər hər iki
hökumətin bu məqsədə sadiqliyini ehtiva edən sənədləri
imzaladılar.
- Azərbaycan enerji sektorunda Avropanın çox vacib tərəfdaşıdır.
Bu sahədə bəzi layihələr hazırda müzakirə
olunur. Rumıniyanın "Nabukko" və AGRİ layihəsinə
münasibəti necədir? Ümumiyyətlə, Siz Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində rolunu necə
qiymətləndirirsiniz?
-Qeyd etdiyim kimi, Azərbaycan
Avropa İttifaqının enerji siyasətinə töhfə
verə bilən aparıcı dövlətdir.
Düşünürəm ki, Avropanın enerji
baxımından əsas məqsədi təchizat mənbələrini
təkmilləşdirməkdir. Konkret layihəyə gəldikdə
isə Rumıniya "Nabukko"nun tərəfdaşıdır
və bu layihənin təşviqatçılarından
biridir.
AGRİ layihəsi ilə bağlı da eyni fikirləri söyləmək olar. Biz lap əvvəldən Azərbaycanı Avropa İttifaqının tərəfdaşı kimi görmüşük. Biz bu fikri nəinki Buxarest daxilində, eyni zamanda, bütün Avropa İttifaqı miqyasında daim dəstəkləmişik. Bu, o amillərdəndir ki, Prezident İlham Əliyevin və komissar Xose Manuel Barrozunun "Nabukko"nun qazla təchizatı ilə bağlı imzaladıqları sazişə öz töhfəsini vermişdir. Düşünürəm ki, bu, Azərbaycanın layihələrin bir hissəsi olmasının sübutudur. Məncə, "Nabukko"ya fundamental bir layihə kimi baxılmalıdır. Çünki bu, Avropanın layihəsidir. AGRİ isə regional bir layihədir. Avropa İttifaqının şərqində yerləşən Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya kimi ölkələrə aiddir. Bu layihə ilə bağlı danışarkən ARDNŞ-nin fəaliyyəti ilə bağlı da fikirlərimi əlavə etmək istəyirəm. ARDNŞ olduqca güclü və nəhəng bir şirkətdir. Hazırda Rumıniya bazarına da çıxmışdır. Düşünürəm ki, ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirməklə bağlı strateji bir qərar verə bilər və məncə, bu, bütövlükdə Avropanın enerji bazarına təsir edəcəkdir. Çünki bu, Avropanın enerji bazarında yeni əsas oyunçu olmaq deməkdir. Düşünürəm ki, bu yol sonra Mərkəzi Avropaya aparacaqdır.
- Azərbaycanın Avropa İttifaqı
ilə əlaqələri güclənir. "Şərq Tərəfdaşlığı"
proqramı və Assosiasiya Sazişi buna yaxşı
misaldır. Siz Azərbaycan ilə Avropa İttifaqı
arasındakı əməkdaşlığın güclənməsi
şəraitində Rumıniya-Azərbaycan ikitərəfli
münasibətlərinin vacibliyini necə görürsünüz?
- Rumıniya Azərbaycanın tərəfdaşıdır. Eyni zamanda, Rumıniya Avropa İttifaqının üzvüdür. Bu, o deməkdir ki, bizim tərəfdaşlarımız avtomatik olaraq Avropa İttifaqının tərəfdaşlarıdır. Bundan başqa, Rumıniya Azərbaycanda baş verən reallıqlarla bağlı söz demək hüququna malikdir. Nəzərə alsaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiativ Sazişin imzalanmasına dair danışıqlar aparılır, bu, sübut edir ki, Azərbaycan son 20 ildə - müstəqilliyini bərpa etdikdən bəri demokratik inkişafla bağlı əsaslı nailiyyətlər qazanmışdır. Biz bunu daim dəstəkləyəcəyik. Rumıniyanın özü 21 il bundan əvvəl azad dövlətə çevrilmişdir. Bu, bizim inkişafımıza köklü təsir göstərmişdir. Düşünürəm ki, bu, indi də Azərbaycanda baş verir. Bir daha təkrar edirəm ki, bununla bağlı dəstəyimizi əsirgəməyəcəyik.
- Bildiyiniz kimi, Azərbaycanın ərazilərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin uzun müddətdir
nizamlanmaması regionda sabitlik və təhlükəsizliyə
böyük təhdiddir. Rumıniyanın bu münaqişəyə
münasibətdə mövqeyi necədir?
-Rumıniya öz mövqeyində qalır və bu mövqeyi heç nə dəyişə bilməz. Biz bu mövqedəyik ki, hər hansı bir dövlətin ərazi bütövlüyü pozula bilməz.
Buradakı münaqişə öz həllini beynəlxalq hüquq normaları və BMT-nin qətnamələri çərçivəsində tapmalıdır. Azərbaycanın və ya hər hansı digər dövlətin ərazi bütövlüyünün pozulmasına edilən istənilən cəhd beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.
Düşünürük
ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisinin bir
hissəsidir. Bu, Azərbaycanın daxilində erməni
azlığı məsələsidir. Bu məsələ beynəlxalq
hüququn normaları əsasında həll olunmalıdır.
Azərbaycan.- 2011.-20 aprel.- S. 2.