Fransalı senator Jan-Jak Hyest:
1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli,
açıq və yalnız faktlarla təsdiqlənən qiymət
verilməlidir
Fransa Senatının Konstitusiya Komissiyası qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etmişdir.
Komissiya hesab edir ki, bu qanun layihəsi söz və fikir azadlığına ziddir. Bu həm də Türkiyə-Fransa münasibətlərinin pozulmasına səbəb ola bilər.
Fransa Senatının Konstitusiya Komissiyasının üzvü Jan-Jak Hyest bu qanunun bir sıra problemlərə səbəb olacağını demişdir. Onun bu barədə hazırladığı hesabatda deyilir ki, qanun layihəsi Konstitusiyadakı "cinayət və cəzaların qanuniliyi" prinsipinə uyğun gəlmir. "Erməni soyqırımı" haqqında hüquqi qüvvəsi olan heç bir beynəlxalq sənəd və ya qərar yoxdur.
J.Hyestin sözlərinə görə, 1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli, açıq və yalnız faktlarla təsdiqlənən qiymət verilməlidir.
Senator Hyest xatırlatmışdır ki, Fransanın Xarici İşlər Nazirliyinin rəyinə əsasən layihə qəbul olunacağı halda, Fransa tarixdə faciələrlə üzləşmiş ölkələr qarşısında çətin vəziyyətdə qalacaq və həmin dövlətlər Fransadan bənzər qanun layihələrinin qəbulunu tələb edəcəklər. Bu həm də Türkiyə ilə Fransa arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı sülh və sabitliyi poza bilər.
AzərTAc
Azərbaycan.- 2011.- 20 aprel.- S. 2.