İran, Azərbaycan və
Türkiyə xarici işlər nazirlərinin Urmiya
görüşü bu ölkələr arasında əməkdaşlığın
inkişafına mühüm təsir göstərəcəkdir
Aprelin 19-da İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami bu ölkənin Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin aprelin 16-da keçirilmiş görüşü ilə əlaqədar mətbuat konfransı keçirmişdir.
Xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinin əhəmiyyətini vurğulayan səfir bildirmişdir ki, görüşdə imzalanmış bəyannamə bu ölkələr arasında əməkdaşlığın, qarşılıqlı inteqrasiyanın inkişafına mühüm təsir göstərəcəkdir.
Səfir qeyd etmişdir ki, hər üç ölkə mühüm strateji mövqeyə, böyük potensiala malikdirlər və bir-biri ilə yüksək səviyyəli münasibətlər qurmuşlar. Ölkələrin qədim sivilizasiyaya və bütün dünyada məşhur mədəniyyətə malik olduqlarını vurğulayan diplomat bildirmişdir ki, onlar birlikdə beynəlxalq səviyyədə böyük rol oynaya bilərlər.
Tədbirin iştirakçısı olduğunu diqqətə çatdıran səfir qeyd etmişdir ki, İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutmuş görüş dostluq, bərabərlik və qardaşlıq şəraitində keçmişdir. Qeyd edilmişdir ki, üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi nazirlərin qarşılıqlı razılıqları əsasında həyata keçirilir.
Nazirlər tərəfindən qəbul edilmiş Urmiya Bəyannaməsi haqqında məlumat verən səfir bildirmişdir ki, doqquz bənddən ibarət olan bu sənəddə iqtisadiyyat, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapmışdır.
Görüşdə ikitərəfli müzakirələrin də aparıldığını qeyd edən diplomat Azərbaycanın və İranın xarici işlər nazirləri arasında keçirilən görüşün hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır. Səfir bildirmişdir ki, sərhəd keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması məsələsi ilə bağlı səfirlərə tapşırıqlar verilmişdir. Bu təcrübə artıq İranla Türkiyə arasında vardır və öz səmərəli nəticələrini verməkdədir. Ümidvarıq ki, Azərbaycanla da belə məntəqələrin yaradılması hər iki tərəfin vətəndaşlarının qarşılıqlı səfərlərinin daha rahat həyata keçirilməsinə imkan yaradacaqdır.
Sonda səfir jurnalistlərin
suallarını cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-20 aprel.- S. 3.