Regionlara davamlı qayğı
siyasətinin daha bir əyani təzahürü
Prezident İlham Əliyevin Cənub
bölgəsinə növbəti səfəri də unudulmaz
anlarla yadda qaldı
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.
İcrası uğurla başa çatan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) regionların inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.
Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Ölkə rəhbəri imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlayır, bütün məsələlərə tələbkarlıqla yanaşır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2009-2010-cu illərdə respublikanın əksər rayon və şəhərlərinə səfərləri bunu bir daha təsdiqləyir. Dövlət başçısı ötən il regionlara 27 dəfə gedib istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmişdir. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Cənub bölgəsinə bu günlərdəki səfəri də Azərbaycandakı dinamik sosial-iqtisadi inkişafın əyani göstəricisi kimi yadda qalmışdır. Ümumiyyətlə, ötən 8 ildə Prezident İlham Əliyev müntəzəm olaraq bu bölgəyə də səfərlər etmiş, Cənub rayonlarının inkişafı üçün müvafiq tapşırıqlar vermişdir. 2005-ci il sentyabrın 14-də "Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyev verdiyi hər bir sözə sadiq olduğunu nümayiş etdirmişdir. Sonrakı illərdə də dövlət başçısı bir neçə dəfə Cənub bölgəsində olmuş, əhalini qayğılandıran problemlərlə maraqlanmış, onların həlli üçün mühüm tədbirlər həyata keçirmişdir.
Ölkə rəhbəri bir neçə gün əvvəl Masallı və Astara rayonlarında olarkən dövlət proqramlarının icra vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərlə yaxından tanış olmuş, yeni istehsal müəssisələrinin, o cümlədən infrastruktur obyektlərinin açılışında iştirak etmişdir.
Dövlət başçısı Astarada əhali ilə görüşdə büdcə gəlirləri artdıqca regionların sosial-iqtisadi yüksəlişinə daha böyük məbləğdə vəsait ayrılacağını vurğulamış, rayonlarda yaşayan vətəndaşların üzləşdiyi problemlərin həlli, onların maddi rifah halının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirildiyini bildirmişdir: "Hər bir rayon üzrə xüsusi proqramlar vardır. Bütün bu proqramlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. O proqram ki, artıq Azərbaycanda bir neçə ildir icra edilir və uğurla icra edilir. Ölkəmizdə aparılan işlər və bölgələrin inkişafı, bölgələrdə sosial infrastrukturun yaradılması məsələləri proqramda öz həllini tapır. Astarada son illərdə istehsal artıb, yeni müəssisələr istismara verilib, məktəb tikintisi gedir, bir neçə məktəb tikilir. Yəni işlər yaxşı gedir. Bu işləri daha da sürətlə aparmalıyıq. Çünki Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə və hər bir kənddə özünü göstərməlidir. Bizim məqsədimiz bundan ibarətdir".
Regional inkişaf proqramlarının həyata keçirilməsində məqsəd bir tərəfdən bölgələrin dinamik inkişafının təmin edilməsidirsə, digər tərəfdən vətəndaşların yeni iş yerləri ilə təmin edilməsi, məşğulluq probleminin həllidir. Son illərdə bu istiqamətdə mühüm uğurlar əldə olunmuş, respublikanın müxtəlif bölgələrində 900 mindən çox yeni iş yeri açılmışdır. Yeni iş yerlərinin açılması, ilk növbədə, yerlərdə sahibkarlığa, qeyri-neft sektoruna göstərilən yüksək qayğı siyasətinin nəticəsidir. Bu proses eyni zamanda əhalinin kütləvi şəkildə iri şəhərlərə köçməsinin qarşısını almışdır.
Prezident İlham Əliyev regionlarda, o cümlədən cənub bölgəsində əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması məsələlərinə xüsusi diqqət yetirildiyini bildirərək demişdir: "Son illərdə yüz minlərlə iş yeri açılmışdır. Ancaq hələ ki, işsizlər vardır. Azərbaycan əhalisi artır. Bu, çox müsbət haldır. Hər il təxminən 150-160 min körpə dünyaya gəlir. Biz elə etməliyik ki, yəni iş yerlərinin açılması da bax bu artımla uzlaşsın. Hər bir iş yerinin açılması böyük vəsait, investisiya tələb edir, kreditlər verilməlidir. Biz bunu edirik və edəcəyik. Eyni zamanda, sosial məsələlər, maaşların, təqaüdlərin artırılması məsələləri də yaxın zamanlarda öz həllini tapacaqdır".
Dövlət başçısının vətəndaşlarla birbaşa təmaslara üstünlük verməsi, onlarla ünsiyyətdə olması, narahatlıq doğuran problemlərin yerində həlli üçün operativ göstərişlər verməsi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Bu, bir tərəfdən mövcud vəziyyətlə bağlı ən obyektiv məlumatları əldə etmək imkanı verir, digər tərəfdən dövlət məmurlarını əhalinin problemlərinə daha ciddi yanaşmağa sövq edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Cənub bölgəsinə səfəri bir daha təsdiqlədi ki, hökumətin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə xidmət prinsipi üzərində qurulmuşdur. Dövlət başçısı son seçkilərdə xalqın ona göstərdiyi yüksək etimadı doğrultmağa, hər bir işdə cəmiyyətin sosial sifarişini nəzərə almağa çalışır. Cənab İlham Əliyev bu cür əzmkar fəaliyyəti, tükənməz səyləri, prinsipiallığı ilə xalqın Heydər Əliyev siyasi kursuna olan inam və etimadını daha da artırır.
S.ELMANOĞLU
Azərbaycan.- 2011.-20 aprel.- S. 3.