Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

 

Bu sahədə atılan addımlar prokurorluq orqanları əməkdaşlarının məsuliyyətini qat-qat artırır

 

"Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır".

 

İlham ƏLİYEV

 

Son illər Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar aparılır, ölkənin dinamik inkişafı üçün uğurlu layihələr həyata keçirilir. Dünyanın bir sıra ölkələrində nəzərəçarpan iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız yüksələn xətlə inkişaf edir. Ölkənin rəhbərliyinin sosial-iqtisadi nailiyyətlərin artırılmasını daim diqqətdə saxlaması özünü bir sıra sahələrdə, o sıradan bəzi neqativ halların aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda əyani göstərir. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində bir sıra qanunverici institusional və praktiki tədbirlərin görülməsi yaxşı səmərə verir. Xatırladım ki, bu ilin mart ayında bir neçə qanun layihəsi, o cümlədən Prokurorluq və Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər barədə sənədlər Milli Məclisə göndərilmişdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinə ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra start verilmiş, bununla bağlı ciddi addımlar atılmışdır. Məhz bu amili nəzərə alaraq ölkəmiz müstəqillik qazandıqdan sonra bir sıra sahələrlə yanaşı, korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizənin hüquqi, ictimai, sosial və fəlsəfi cəhətləri, mahiyyəti ilə bağlı fikirlərimi xronoloji ardıcıllıqla açıqlamaq istərdim.

Ulu öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, korrupsiyaya qarşı mübarizə işində də əhəmiyyətli dönüş yaranmış, 9 avqust 1994-cü il tarixdə "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Mütəşəkkil cinayətkarlıq, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətləri müəyyənləşdirən həmin fərman vəzifədən sui-istifadə etmə hallarının qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini nəzərdə tuturdu.

Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş və nəticə etibarilə korrupsiyaya qarşı mübarizədə siyasi iradənin təzahürü olan bir sıra qərarlar qəbul edilmişdir. "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" 8 iyun 2000-ci il tarixli fərmanın imzalanmasından sonra isə bu sahədə həyata keçirilən tədbirlər daha da genişləndirilmişdir.

2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, dövlət başçısı tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı səmərəli mübarizənin aşağıdakı 4 sütun üzərində qurulması mümkün olmuşdur: beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması; dövlət idarəetməsində şəffaflıq; ədalətli məhkəmə sistemi; səmərəli antikorrupsiya qurumları. Qanunvericilik və institusional tədbirlər. Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında" konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının "Korrupsiyaya qarşı" Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə bir sıra əlavə və dəyişikliklər edilməklə yanaşı, "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlar və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının təsdiq olunmasının əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Milli Strategiyanın məqsədi korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsindən, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsindən, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılmasından və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

Dövlət idarəetməsində şəffaflığın təmin edilməsi məqsədilə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, vəzifədə irəli çəkilmə üçün şəffaf prosedurların tətbiq edilməsi, daxili təhlükəsizlik və daxili nəzarət (audit) qurumlarının yaradılması və məvaciblərin mərhələli artırılması üçün zəruri olan bütün normativ-hüquqi aktlar qəbul olunmaqla təşkilati tədbirlərin həyata keçirilməsi prosesinə başlanmışdır.

Ölkə rəhbərliyinin qətiyyətli siyasi iradəsi və 2005-ci ilin fevral ayından fəaliyyətə başlayan məhkəmə hakimiyyətinin özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti sayəsində məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə üçpilləli məhkəmə sisteminə keçid, yeni Apelyasiya və Ağır cinayətlər məhkəmələrinin təsis edilməsi və bir sıra digər əhəmiyyətli hüquqi islahatların reallaşdırılması mümkün olmuş, eyni zamanda, hakimlərin işə qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə nail olunmuşdur.

Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının təsis edilməsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə müvafiq olaraq 3 may 2005-ci il tarixdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə 15 nəfər üzvdən ibarət olmaqla təşkil edilmiş və əsasnaməsi təsdiq edilməklə fəaliyyətə başlamışdır. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilmişdir. Fəaliyyətə başladığı andan qısa müddət ərzində komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi, korrupsiyaya qarşı mübarizənin vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirməsi və müvafiq dövlət orqanlarına təkliflərin verilməsi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.

Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi, habelə ölkəmizin qoşulmuş olduğu BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 36-cı maddəsinin hər bir iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" sərəncamı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır.

Ölkəmizin mövcud hüquq sistemi və prokurorluğun dövlət orqanları sırasında yeri və rolunun, yerinə yetirdiyi funksiyaların xarakterinin korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumun müstəqilliyinin təmin olunmasına əsaslı zəmin yaratması bu qurumun Baş Prokurorluqda yaradılmasını şərtləndirən mühüm amillərdən biridir. Ümummilli lider Heydər Əliyevin Respublika Prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi 25 aprel 2000-ci il tarixli müşavirədən ötən müddət ərzində aparılmış köklü islahatlar nəticəsində prokurorluq orqanlarının qazanmış olduğu siyasi və ictimai etibar da bu məsələdə həlledici rol oynamışdır.

İdarənin əsas vəzifələri sırasına korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxıb araşdırma aparılması, korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayıb ibtidai istintaq aparmaq, həmin cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlamaq və sair daxil edilmişdir.

Korrupsiyaya qarşı mübarizə aparılmasının bütün hüquq-mühafizə orqanları və dövlət qurumlarının prioritet vəzifəsi olmasını nəzərə alaraq bu idarə tərəfindən yalnız yüksək ictimai təhlükəli, mürəkkəb, çoxepizodlu korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibi həyata keçirilir.

Fəaliyyətə başladığı vaxtdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bütün səyləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatı olan ictimai-siyasi sabitliyin qorunmasına, mütəşəkkil cinayətkarlığın təzahürü kimi korrupsiyaya qarşı kəsərli mübarizənin təmin olunmasına istiqamətləndirilmişdir. İdarə tərəfindən 2005-ci ildən bugünə kimi rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 nəfər şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti ardıcıllıqla öyrənilməklə bu qəbildən olan hüquqpozmalarla bağlı məlumatlar toplanılaraq təhlil edimiş və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün tövsiyələr hazırlanmışdır. Həmçinin bir sıra qurumlarda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması vəziyyəti və bəzi sahələrdə mövcud olan korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkar edilmiş qanun pozuntuları və onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar verilmişdir. Cinayət xarakterli materiallara və istintaqı başa çatdırılmış işlər üzrə verilmiş təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməklə bu qəbildən olan cinayətlər barədə vahid informasiya bazası yaradılaraq 2009-cu ilin yanvar ayından mütəmadi və fasiləsiz fəaliyyəti təmin olunmuşdur.

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumlarla, habelə digər dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanları ilə işgüzar və səmərəli əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verilmişdir. Prokurorluq orqanları, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları, o cümlədən Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Litva Respublikasının Baş Prokurorluğu və Xüsusi İstintaq Xidməti (STT) ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti qismində fəaliyyət göstərməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları mütəmadi olaraq Assosiasiyanın Konfrans və İcraiyyə Komitəsinin iclaslarında fəal iştirak edirlər.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə sıx və işgüzar əlaqələrin qurulması sayəsində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən, dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər müsbət qiymətləndirilmişdir.

Bundan əlavə, idarə tərəfindən Azərbaycan Respublikasının üzv olduğu "Korrupsiya cinayətləri ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq milli orqanlarla və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. İdarə tərəfindən aparılan ilkin araşdırma, analitik təhlil və cinayət işlərinin istintaqının nəticələrinə əsasən, korrupsiyaya daha çox məruz qalan sahələr, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar, habelə onların aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi ilə əlaqədar olaraq Korrupsiyaya qarşı mübarizə idarəsinin təşəbbüsü ilə Baş Prokurorluqla Daxili İşlər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və daxili işlər orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" 15 aprel 2009-cu il tarixli və Baş Prokurorluqla Vergilər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" 30 aprel 2009-cu il tarixli birgə əmrlər imzalanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arasında qarşılıqlı əməkdaşlıq barədə Razılaşma Memorandumlarının imzalanmasını da xatırlatmaq istərdim.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərərfdaşların cəlb edilməsi kimi vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülməklə bu sahədə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilir. Vətəndaş cəmiyyətinin üzvləri idarənin təşkilatçılığı ilə keçirilən tədbirlərə daim dəvət olunur, eyni zamanda, idarənin əməkdaşları, onların təşkil etdikləri beynəlxalq tədbirlərə, seminarlara, treninqlərə qatılırlar. 31 may - 2 iyun 2007-ci il tarixlərdə Bakı şəhərində "Transperensy international" təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə illik regional görüşü və "Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində islahatlar" mövzusunda konfransı, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı olan İcraiyyə Komitəsinin 2008-ci ilin 31 mart - 2 aprel tarixlərində Bakıda keçirilmiş iclasları bu əməkdaşlığın təzahürü kimi qiymətləndirilə bilər.

15 aprel 2011-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Forum da xüsusi vurğulanmalıdır. Adıçəkilən tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri, Baş Prokurorluğun əməkdaşlarının, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, diplomatik korpusun rəhbərləri və qeyri-hökumət təşkilatlarının çoxsaylı nümayəndələrinin iştirakı ilə səmərəli müzakirələr aparılmışdır. Qərara alınmışdır ki, bu cür tədbirlər gələcəkdə regionlarda da təşkil olunsun, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsi daha da inkişaf etdirilsin. Habelə korrupsiyaya qarşı mübarizə sahəsində kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolunu nəzərə alaraq bu sahədə görülmüş tədbirlər barədə İctimai Televiziyada maarifləndirici silsilə verilişlərin efirə verilməsi nəzərdə tutulmuşdur.

İdarə ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqələrin formalarından biri kimi korrupsiya hüquqpozmaları barədə həmin qurumlardan daxil olan müraciətlər üzrə araşdırmalar aparılması intensivləşdirilmişdir.

Dövlət başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərə müvafiq olaraq Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyanın cari ilin yanvar ayının 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, istisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir.

Son dövrlər dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin fevral və mart aylarında bir sıra fərmanlar imzalamışdır. Bu fərmanlar Daxili İşlər Nazirliyinin yol patrul xidməti və Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, bu sahələrdə xidmətlərin göstərilməsi zamanı prosedurların sadələşdirilməsi, bir sıra xidmətlərin "vahid pəncərə" sistemi əsasında tətbiqinin həyata keçirilməsini nəzərdə tutur.

Həmçinin, görülmüş tədbirlər sırasında 16 fevral 2011-ci il tarixdə qəbul edilmiş "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə korrupsiyaya qarşı mübarizəylə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydasının müəyyən edilməsini, Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın dəstəyi ilə dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və taariflər barədə məlumatlar almaq məqsədilə "www.rusum.az" saytı, dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə "www.etika.az" saytlarının yaradılmasını qeyd etmək olar.

Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin artıq nəticələr verdiyini vurğulayaraq eyni zamanda, bu cür neqativ hallara qarşı mübarizənin daha genişmiqyaslı və çoxşaxəli olmasını zəruri saymaqla inzibati tədbirlərin daha da gücləndirilməsi istiqamətində konkret göstərişlər vermişdir.

Bu göstərişlərin icrası qaydasında korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətlərini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmişdir. Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralovun müvafiq əmri əsasında idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılmışdır. Bu mərkəz 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamış, istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində vətəndaşlar tərəfindən mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Fəaliyyətə başladığı bir aydan artıq müddət ərzində "qaynar xətt" əlaqə mərkəzinə 1200-dən artıq müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan 3700-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir.

Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 237-dən artıq vətəndaşın müraciətinin müsbət həll olunması təmin edilmiş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılır.

Korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 40 nəfərdən 100 nəfərə çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə tapşırıq verilmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün bir sıra qanunvericilik və praktiki tədbirlər görülərək "Prokurorluq haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişikliklər edilmiş, korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin yalnız Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılması müəyyənləşdirilməklə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur. Bu, prokurorluq orqanlarının əməkdaşlarına siyası rəhbərlik tərəfindən göstərilən yüksək etimad kimi qiymətləndirilməklə yanaşı, onların məsuliyyət hissinin artırılmasına səbəb olmuşdur.

Prokurorluq orqanlarının əməkdaşları bundan sonra da göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə məsuliyyətlə yanaşmaqla respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı daha ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.

 

 

Kamran ƏLİYEV,

Azərbaycan Respublikasının Baş Prokuroru

yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi,

III dərəcəli dövlət ədliyyə müşaviri,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-20 aprel.- S. 4.