ABŞ şirkətləri Azərbaycanda
yeni investisiya layihələrinin həyata keçirilməsi
üçün səylərini artıracaqlar
Aprelin 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı və icraçı direktoru professor Corc Fridman ilə görüşmüşdür.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə son illər Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edərək regionda lider dövlətə çevrildiyini diqqətə çatdıran nazir bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunda da yüksək nailiyyətlər əldə edildiyini vurğulamışdır. Ə.Abbasov bu sahədə həyata keçirilən dövlət siyasəti, ölkə və region üçün mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı layihələr barədə məlumat vermişdir.
Azərbaycanda həyata keçirilən islahatları yaxından izlədiklərini bildirən C.Fridman informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru, eyni zamanda, iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinin perspektivlər baxımından əlverişli olduğunu nəzərə çatdırmışdır.
Ə.Abbasov bildirmişdir ki, hazırda informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir neçə ABŞ şirkəti Azərbaycanda yeni layihələr həyata keçirir və gələcəkdə Amerika şirkətləri Azərbaycanda yeni investisiya layihələrinin həyata keçirilməsi üçün səylərini artıracaqlar.
Neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə transformasiya edilməsini yüksək qiymətləndirdiyini qeyd edən qonaq bu cür addımın iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa zəmin yaratdığını söyləmişdir.
Artıq dördüncü dəfə keçiriləcək informasiya üzrə Amerika-Azərbaycan biznes forumunun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından faydalı olduğunu qeyd edən C.Fridman cari ilin may ayında Los-Anceles şəhərində təşkil olunacaq biznes forumunda iştirak edəcəyini də diqqətə çatdırmışdır.
Nazir Ə.Abbasov
C.Fridmanı noyabr ayında Bakıda keçiriləcək
"BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgi və
konfransına dəvət etmişdir.
Azərbaycan.- 2011.-20 aprel.- S. 5.