Naxçıvanda qədim qala divarları bərpa edilir

 

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan ərazisi tarixi-memarlıq abidələri ilə olduqca zəngindir. Bugünümüzə qədər öz möhtəşəmliyini qorumuş abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri ötən il də uğurla davam etdirilib. Ordubad şəhərində "Qeysəriyyə", "Şərq hamamı", qədim məbəd və iki yeraltı abidə təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Cari ildə də bu istiqamətdə bir şox işlər görülür.

Köhnəqala Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksidir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınan abidənin tikilmə tarixi üçüncü Sasani hökmdarı Yəzdəgird tərəfindən VII əsrin ortalarında inşa olunduğu ehtimal edilir. Ötən əsrin əllinci illərində ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı bir çox maddi mədəniyyət nümunələri aşkar olunub. Onlar əsasən saxsı qab nümunələri və daş gürzlərdən ibarət olub. Mütəxəssislərin fikrincə, bu cür daş gürzlərindən Tunc dövründə Naxçıvandakı duz mədənlərində istifadə olunub.

Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə isə monqol hücumu nəticəsində qala dağıdılıb. Sonralar bərpa olunan qala XVIII əsrədək fəaliyyət göstərib. Bu barədə Şarden və Frehanq adlı səyyahların xatirələrində də müəyyən bilgilər var.

Köhnəqalanın divar və bürclərinin qalıqları sübut edir ki, bu tikili müdafiə məqsədi daşıyıb. Hətta Naxçıvan şəhərinin bir zamanlar burada yerləşdiyi də ehtimal edilir. Deyilənə görə, hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Narınqalada saray, xəzinə, cəbbəxana, müxtəlif inzibati və təsərrüfat binaları fəaliyyət göstərib. Burada diametri 10 metrə çatan dairəvi qüllələr də mövcud olub. Qalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olub. Burada 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara da mövcud olub. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol Naxçıvançaya çıxıb. Abidənin altından keçən kəhrizin iki quyusu da qalanın içərisində yerləşib. Məhz bunların sayəsində qala düşmənin uzunmüddətli mühasirələrinə tab gətirə bilib.

Naxçıvan şəhərinin ərazisində aparılan arxeoji qazıntılar göstərir ki, burada şəhər mədəniyyətinin yaranma tarixi təxminən 5 min il bundan əvvələ gedib çıxır. Araşdırmalara əsasən, bu qala Antik dövrdə və ilkin orta əsrlərdə vacib inzibati mərkəz olub, XVIII əsrə qədər ondan müdafiə məqsədilə istehkam kimi istifadə edilib.

Abidənin özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də Böyükqala ilə Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun - "tələ"nin olmasıdır. Deyilənə görə, Böyükqalada əhalinin aşağı təbəqəsi yaşayıb.

Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntıya məruz qalan qalanın əvvəlki görkəmini bərpa etmək mümkün olmayıb. Amma bunlarla bərabər indiyədək salamat qalmış qala divarlarının və bürclərinin bəzi hissələri həmişə diqqəti cəlb edib.

Köhnəqala muxtar respublika ərazisində mövcud olan bu tipli abidələrin ən böyüyüdür. Qalanın divarlarının qalınlığı bəzi yerlərdə dörd, hündürlüyü isə beş metrə çatır. Tikintisində ancaq möhrə torpaqdan istifadə edilib. Qalada uzun illər təmir işləri aparılmadığı üçün möhrə palçıqdan hörülən divarlar çox yerlərdə ciddi zədələnib.

Bu abidədə ötən ildən bərpa işlərinə başlanılıb. Naxçıvan Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidənin ruhunu, nəfəsini duyaraq onu əvvəlki görkəminə qaytarmağa çalışırlar.

Onu da qeyd edək ki, Nuh peyğəmbərin məzarüstü türbəsi də bu qalanın ərazisində olub. İki il bundan əvvəl isə tamamilə dağıdılan bu abidə yenidən bərpa olunub. Sərdabə, türbə və çardaq hissədən ibarət olan səkkizguşəli bu abidə Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa olunub. Kaşı daşlarla işlənən həndəsi ornamentlər türbəyə xüsusi yaraşıq verir. 15 metr hündürlüyündə olan türbənin çardaq hissəsi isə piramida şəkildə əlvan metallardan işlənib.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.- 20 aprel.- S. 6.