Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə çoxdan böyük ehtiyac var idi

 

Xəbər verdiyimiz kimi, aprelin 7-9-da Bakıda çox mötəbər tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

Azərbaycanın təşəbbüsü ilə keçirilən, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-ın Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi Forumda dünyanın bütün qitələrindən siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak etmişlər.

Forum təcrübə mübadiləsi, eləcə də yeni ideyaların, təşəbbüslərin irəli sürülməsi baxımından olduqca əlverişli imkanlar yaratmışdır. Forumda iştirak edən yüksək səviyyəli nümayəndələrdən biri də İran Prezidentinin mətbuat üzrə müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikr olmuşdur.

Əli Əkbər Cavanfikr Forumun əhəmiyyəti, ümumiyyətlə ölkəmizə səfəri ilə bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşmüşdür.

 

- Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd edim ki, bu Forumun keçirilməsinə çoxdan böyük ehtiyac var idi. Belə bir tədbirin keçirilməsi fərqli sivilizasiyalar arasında dialoqun yaradılması və inkişaf etdirilməsi baxımından olduqca zəruri idi. Buna görə bu Forumun keçirilməsi təşəbbüsünə görə Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Mədəniyyətlərarası əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə bütün dünyadan yüksək vəzifəli şəxslərin, siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin Bakıda bir araya gəlmələri, əslində, özü əlamətdar bir hadisə idi.

Müasir dünyamızda etnik zəmində qarşıdurmaların, fərqli mədəniyyətlər arasında toqquşmaların, irqi ayrı-seçkiliyin, ekstremizm, ksenofobiya kimi mənfi təzahürlərin artdığı bir dövrdə bu problemlərin aradan qaldırılması üçün beynəlxalq birlikdən ciddi cəhdlərin göstərilməsi tələb olunur. Lakin təəssüflər olsun ki, bəzi dairələr əks istiqamətdə fəaliyyət göstərərək, vəziyyəti daha da gərginləşdirməklə məşğuldurlar. Diqqəti Avropanın bəzi qərəzli mətbuat orqanlarında Məhəmməd peyğəmbərin karikaturalarının çap olunması, Qurani-Kərimin yandırılması kimi məsuliyyətsiz və təhrikçi hərəkətlərə cəlb etmək istərdim. Bu, əslində, müxtəlif mədəniyyətləri, dinləri təmsil edən xalqlar və millətlər arasında sülhə və birgəyaşayışa mane olmaq istəyən, dini dözümlülüyün əleyhdarları olan qüvvələrin sifarişləri əsasında həyata keçirilən və dünyada İslam dininə, mədəniyyətinə münasibətdə ikili standartların mövcudluğunu nümayiş etdirən, həm də xristian-müsəlman ziddiyyəti yaratmağa yönələn iyrənc bir addımdır. Mən fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərkən bu məsələyə kəskin etirazını bildirdiyinə görə təşəkkür edirəm. Mehriban xanım Əliyevanın da dediyi kimi, müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Forumun məhz belə bir vaxtda keçirilməsi olduqca yerinə düşən və təqdirəlayiq haldır.

- Sizcə, bu forumun mədəniyyətlərarası əlaqələrin inkişafına hansı töhfələri olacaqdır?

- Ümumiyyətlə, forumda səslənən əhəmiyyətli fikirlər, irəli sürülən ideyalar, təkliflər, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki dərin məzmunlu nitqi insanları sülh və dostluq şəraitində birgəyaşayışa, dözümlülüyə səsləyən bir müraciətdir və buna ciddi şəkildə əməl edilməlidir. Bu baxımdan Bakı Forumunu müxtəlif mədəniyyətlərin təmsilçilərinə yuxarıda qeyd etdiyim problemlərin aradan qaldırılması, sülh, birgəyaşayışın təmin edilməsi və gücləndirilməsi istiqamətində insanların bir araya gələrək müzakirələr aparmaq və ciddi fəaliyyətə başlamaq istiqamətində yaradılmış bir fürsət kimi dəyərləndirirəm. Əminəm ki, xalqlar və millətlər arasında dözümlülüyün və birgə yaşamanın gücləndirilməsi, dünyada mövcud olan münaqişələrin sülh yolu ilə həlli baxımından bu tədbirin ciddi töhfələri olacaqdır. Ümumiyyətlə, forum gözlənildiyindən də artıq uğurlu keçdi. Mən bir daha Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

- Mədəniyyətlərarası əlaqələrin inkişafında medianın rolunu necə qiymətləndirirsiniz?

- Bu məsələ forum çərçivəsində keçirilən "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri" mövzusunda seminarda da geniş şəkildə müzakirə edilmişdir. Mən də bu seminarda çıxış edərək fikirlərimi bildirdim. Hamıya məlumdur ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dünyamızda mədəniyyətlərarası dialoqun təşviq edilməsində kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. Lakin burada da bəzən sui-istifadə hallarına yol verilir. Müxtəlif ekstremist qüvvələrin himayədarlıq etdiyi bəzi media qurumları sivilizasiyalar arasında toqquşmalara, qarşıdurmalara gətirib çıxaran, xüsusilə də İslam dininə, müsəlman mədəniyyətinə qara yaxmaqla dini ayrı-seçkiliyi təbliğ edən verilişlər yayımlayır və ya məqalələr dərc edirlər. Bu cür hallara qarşı ciddi şəkildə mübarizə aparılmalıdır. Kütləvi informasiya vasitələri islamafobiyanı, ayrı-seçkiliyi deyil, mədəniyyətlərarası dialoqu, sülh və inkişafı, birgəyaşayışı, dözümlülüyü təbliğ etməlidir. Yalnız belə olan halda bəşəriyyətdə sülhü, birgəyaşayışı təmin etmək mümkündür. Sivilizasiyalar, mədəniyyətlər arasında qarşıdurma yaratmaq bəşəriyyətə heç bir fayda gətirməyəcəkdir. Bəşəriyyət yalnız qarşılıqlı anlaşmadan, sülhdən faydalana bilər. Bunun üçün isə ciddi səylər göstərilməlidir. Bakı Forumunun keçirilməsi bu istiqamətdə atılmış çox böyük bir addımdır. Digər ölkələr də Azərbaycanın bu təşəbbüsündən nümunə götürməli, forumun mədəniyyətlərarası əlaqələrin inkişafına verəcəyi böyük töhfələri lazımi səviyyədə qiymətləndirməlidirlər.

- Azərbaycana səfərinizlə bağlı təəssüratlarınız necə oldu?

- Azərbaycana səfər etməkdən çox məmnunam. Ölkənizdə böyük inkişaf proseslərinin şahidi oldum və bu, məni həqiqətən də, çox sevindirir. Bakı gündən-günə gözəlləşir. Bilirəm ki, son dövrlərdə Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qazandığı böyük nailiyyətlər Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam və inkişaf etdirməsinin nəticəsidir.

Azərbaycan xalqı çox qonaqpərvər, xeyirxah xalqdır. Biz bir daha bunun şahidi olduq. Ölkənizə səfərim məndə böyük təəssüratlar yaratdı.

- Səfəriniz çərçivəsində həm də Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə İranın İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqavilənin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- İlk növbədə qeyd edim ki, İRNA AzərTAc ilə əlaqələrin inkişafına böyük önəm verir. Hər iki agentlik Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq edirlər. Müqavilənin imzalanması isə agentliklərimiz arasında əlaqələrin intensivləşməsi baxımından zəruri idi. Xəbər agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ açan bu sənəd xəbərlərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

 

Azərbaycan.- 2011.-20 aprel.- S. 7.