Azərbaycanlı tələbələr Yaponiyada təhsil almaq imkanı qazanacaqlar

 

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2012-ci il üçün həmin ölkənin ali məktəblərində texnologiya üzrə kollec təhsili almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd ayırmışdır.

Yaponiyanın ölkəmizdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, tələbələr mexanika mühəndisliyi, elektrik və elektron mühəndisliyi, informasiya, rabitə və şəbəkə mühəndisliyi, material mühəndisliyi, memarlıq və inşaat mühəndisliyi, dəniz mühəndisliyi və digər sahələr üzrə təhsil almaq imkanı əldə edəcəklər.

Təhsil yapon dilində aparılacaqdır. Təqaüdün müddəti bir illik yapon dilinin ilkin tədrisi daxil olmaqla dörd il, dəniz mühəndisliyi ixtisasını seçən tələbələr üçün isə 4 il yarımdır.

Əlavə məlumat və ərizə forması almaq istəyənlər Yaponiya səfirliyinin mədəniyyət və informasiya şöbəsinə müraciət edə bilərlər.

Ərizələr iyunun 10-dək qəbul ediləcəkdir.

Ətraflı məlumatı səfirliyin www.az.emb-japan.go.jp internet ünvanından əldə etmək olar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 aprel.- S.7.