Azərbaycan Prezidenti İlham Əliyev
Bakının kənd və qəsəbələrinin
sosial-iqtisadi inkişafı ilə bağlı Səbail
rayonunun Badamdar qəsəbəsində görülən
işlərlə tanış olmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Aprelin 20-də Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilmiş, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulmuş, qəsəbədə xeyir-şər evi istifadəyə verilmiş, elektrik şəbəkəsinin yeni binası inşa edilmişdir. 21 min 600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanmışdır. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənmiş, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılmışdır.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı sakinlərlə görüşdü.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Bakı qəsəbələrinin
inkişafı proqramı hazırlanır. Hər
bir qəsəbə üzrə konkret proqram tərtib olunacaq və
beləliklə, Bakı ətrafında yerləşən qəsəbələrdə
inkişaf daha da sürətlə gedəcəkdir. Bu proqram artıq hazırlanır və hər qəsəbədə
bütün sosial-iqtisadi məsələlər tezliklə həllini
tapmalıdır.
Badamdar qəsəbəsində
də həllini gözləyən problemlər vardır. Biz onları
bilirik və onları həll edəcəyik. İlk növbədə, yollardan
başlamışıq. Artıq gözəl
yollar çəkilir. Bütövlükdə
qəsəbənin yollarının uzunluğu 50 kilometrə bərabərdir.
Yəni, böyük bir iş tələb olunur, ancaq bunu edəcəyik.
Su problemi vardır və bu, təbii olaraq bizi
narahat edir. Bu məsələ
bütövlükdə ölkə üzrə həllini
tapmaqdadır, o cümlədən Bakıda və Bakıətrafı
qəsəbələrdə. Qazlaşdırma
yenidən aparılmalıdır, çünki borular köhnəlib.
Bəzi hallarda qazın təzyiqi lazımi səviyyədə
deyildir. Yəni, bütün məsələlər
həllini tapmalıdır. Yeni məktəbin
tikintisi məsələsi vardır. Mənə
deyirlər ki, bu gözəl məktəb bütün tələblərə
cavab versə də, burada şagirdlər iki növbədə
oxuyurlar, bu da çətinlik yaradır. Yeni
məktəb tikilməlidir. Bir də burada
yeni xəstəxana inşa olunmalıdır. Buna da ehtiyac vardır. Biz
bütün bu məsələlərə kompleks şəkildə
baxacağıq. 2013-cü ilin sonuna qədər
Bakıətrafı qəsəbələrdə bütün
sosial-iqtisadi məsələlər öz həllini
tapmalıdır. İnfrastruktur yenidən
qurulmalıdır. Elektrik enerjisi ilə təchizatda
problem yoxdur. Ancaq xətlərin çəkilişi
aparılmalıdır. Xətlər daha da
müasir səviyyədə çəkilməlidir, bəzi
yerlərdə yerin altına salınmalıdır. Dediyim kimi, qazlaşdırma, su, kanalizasiya məsələləri
təkcə bu qəsəbə üçün deyil,
bütövlükdə ölkəmiz üçün
çox ciddidir.
Əslində
Badamdar qəsəbəsi şəhərin bir hissəsidir. Heç qəsəbə
də demək olmaz, çünki burada şəhərtipli
infrastruktur mövcuddur, bu qəsəbə şəhərin
içindədir. Ancaq qəsəbə
statusu vardır. Bütün qəsəbələrdə
olduğu kimi, burada da bütün işlər yüksək səviyyədə
aparılmalıdır.
Bu gün mən
gəlmişəm ki, sizdən soruşum, eşidim, əlavə
hansı işlər görülməlidir?! Burada
yaşayan sakinləri hansı məsələlər daha
çox narahat edir ki, biz onları tezliklə həll edək.
SAKİN: Hörmətli cənab
Prezident, Badamdar sakinləri Sizi səmimi qəlbdən
salamlayır. Qəsəbəmizə xoş gəlmisiniz.
İşinizin çox olmasına baxmayaraq, vaxt
ayırıb qəsəbəmizə gəldiyinizə, biz
sakinlərlə görüşdüyünüzə görə
Sizə dərin minnətdarlığımızı bildirir və
səmimi qəlbdən təşəkkür edirik.
Hörmətli cənab
Prezident! Vaxtilə müdrik şairlərimizdən
biri demişdir ki, "Bakı, Azərbaycan, neftə bir bax,
Şərqin ilk günəşi buradan doğacaq". Bəli, vaxt yetişdi, 1969-cu ildə o günəş
Azərbaycan üzərində doğdu.
O günəş Sovetlər
İttifaqı dövründə iqtisadi cəhətdən
geridə qalmış respublikanı qısa müddətdə
hərtərəfli inkişaf etmiş qabaqcıl bir
respublikaya çevirən, məmləkətimizi
çiçəkləndirən ulu öndərimiz dahi Heydər
Əliyev idi. O günəş müstəqil Azərbaycanımızın
memarı, yaradıcısı və qurucusu ulu öndərimiz
Heydər Əliyev idi. O günəş Azərbaycan neft strategiyasının
banisi və müəllifi ulu öndərimiz Heydər Əliyev
idi. Ulu öndərimizin siyasi xəttini sonradan
Siz davam etdirdiniz. Sizin rəhbərlik
etdiyiniz dövrdə respublikamızda böyük nailiyyətlər
əldə olunmuşdur. Yeni şəhərlər
və qəsəbələr tikildi, respublikada infrastruktur yenidən
quruldu. Nəhəng sosial və sənaye
obyektləri yaradıldı. Bunları
saymaqla qurtarmaq olmaz. Ən əsası isə
xalqımızın maddi-mənəvi durumu
yaxşılaşmağa başladı və hər gün
yaxşılaşmaqda davam edir.
Hörmətli Prezidentimiz! Mən uzun müddətdir bu qəsəbədə
yaşayıram. Vaxtilə Badamdar
kiçik bir qəsəbə idi. Buradakı
binaları barmaqla saymaq olardı. Ancaq son
vaxtlar, xüsusilə son on ildə qəsəbəmiz
tanınmaz dərəcədə böyümüşdür,
çoxlu yaşayış binaları tikilmiş, parklar,
yollar salınmış, infrastruktur
yaradılmışdır. Xüsusilə
son illərdə abadlıq daha yüksək vüsət
almışdır. Qəsəbəmizdə
keçən əsrdə tikilən evlər təmir
olunmuş, xeyir-şər evi, mədəniyyət evi
tikilmiş, məktəbimiz təmir olunmuş, əlavə
korpuslar inşa olunub istifadəyə verilmişdir.
Bizim əsas
problemimiz - su, qaz, işıq məsələlərimiz tamamilə
həll olunmuşdur. Su təchizatı, kanalizasiya
qurğuları isə yaxınlarda tikilib və yenə də
tikiləcəkdir.
Cənab Prezident, atalar
gözəl deyiblər: "Su həyatdır, su nəfəsdir,
su yaşayışdır". Bu
yaşayışı, bu həyatı bizə Siz bəxş
edirsiniz. Sizin rəhbərliyiniz və
bilavasitə dəstəyinizlə Bakı şəhərinə
çəkilən Oğuz-Qəbələ-Bakı kəməri
ilə gələn su bizə yeni həyat, yeni
yaşayış, yeni nəfəs verəcəkdir.
Azərbaycanın
tarixində üç nəfər Bakı şəhərinə
su gətirmişdir. Onun birincisi keçən əsrdə Hacı Zeynalabdin
Tağıyev, ikincisi ümummilli liderimiz Heydər Əliyev
olmuşdur, üçüncüsü isə Sizsiniz, cənab
Prezident!
Bütün Azərbaycan
xalqı kimi biz də daim Sizin yolunuzla getmişik, gedirik və
gedəcəyik. Çünki bu yol haqq yoludur. Bu yol ulu öndərimiz Heydər Əliyev yoludur.
Bu yol İlham Əliyev yoludur.
Cənab Prezident, mən Sizə
çətin və şərəfli işinizdə müvəffəqiyyətlər,
möhkəm cansağlığı və ailə səadəti
arzulayıram. Allah-təala Sizi Azərbaycan
xalqının başı üzərindən əskik etməsin.
Cənab Prezident! Bizim bir problemimiz də vardır. Qəsəbəmizdə vaxtilə xəstəxana
binası var idi. O bina coğrafi, yaxud da ki, memarlıq
baxımından, deyə bilmərəm, məsləhət
görüldü ki, sökülsün. Söküldü
və yerində möhtəşəm hospital binası
ucaldılmağa başlandı. O vaxtdan həmin xəstəxana
tikilmir. Qəsəbədə yaşayan əhalinin
əksəriyyəti neft sənayesində, tikintidə və
müxtəlif sahələrdə çalışan
adamlardır, hərbi işçilərdir. Ona görə
də bizim şəhərə getməyə imkanımız
bir az məhduddur. Odur ki, qəsəbəmizdə
xəstəxana binasının tikilməsinə sərəncam
verməyinizi sakinlər Sizdən xahiş edirlər.
Prezident İlham ƏLİYEV:
Bu məsələ mütləq öz həllini tapacaqdır.
Mən xəstəxananın tikintisi ilə
bağlı xüsusi sərəncam verəcəyəm ki,
işlər dərhal başlasın və gələn ilin
dövlət büdcəsində bu məsələnin həlli
üçün əlavə vəsait ayrılacaqdır.
Eyni zamanda, yeni məktəb binasının
tikintisi də nəzərdə tutulmalıdır. Çünki buna da ehtiyac vardır. Siz qeyd etdiyiniz kimi, qəsəbənin həm ərazisi
genişlənir, həm də əhalisi artır. Burada bütün lazımi infrastruktur obyektləri
yaxın zamanlarda tikilməlidir.
Mən bilirəm
ki, qazın verilməsi ilə də bağlı müəyyən
problemlər vardır. Təzyiq bəzi hallarda
aşağıdır, çünki borular köhnəlib.
İndi bütün ölkə üzrə
geniş qazlaşdırma işləri aparılır. Elə bir rayon yoxdur ki, oraya qaz verilməsin. İndi hətta ucqar kəndlərə də qaz xətləri
çəkilir. 2012-ci ilin sonuna qədər
ölkəmizdə qazlaşdırma 90-95 faiz təşkil etməlidir
və keyfiyyətli qaz verilməlidir. Xüsusilə
Bakıda və Bakıətrafı qəsəbələrdə
bu məsələlər daha da tezliklə öz həllini
tapmalıdır.
İçməli
su problemi əfsuslar olsun ki, bütün dövrlərdə
bizim üçün aktual olmuşdur. Azərbaycanı
və Bakını su ilə təmin edən xətlər
çəkilibdir, siz onu qeyd etdiniz. Hacı
Zeynalabdin Tağıyev Şollar kəmərini çəkdirmişdir.
Ondan sonra ulu öndər Heydər Əliyev su kəmərləri
çəkdirmişdir. İndi Oğuz-Qəbələ
su kəməri də tikilib. Bu kəmərin
xüsusiyyəti ondan ibarətdir ki, su daxili mənbələr
hesabına formalaşır. Yəni həm
Kür, həm də Samur çaylarının mənbəyi
başqa ölkələrin ərazisindədir və bir
növ biz başqa ölkələrdən asılı vəziyyətdəyik.
Bir daha deyirəm,
Oğuz-Qəbələ-Bakı kəmərinin xüsusiyyəti
ondan ibarətdir ki, bu, bulaq suyudur və eyni zamanda, daxili mənbələr
hesabına formalaşır. Biz gələcəkdə
o kəmərlə suyun verilməsinin həcmini də
artıra bilərik.
İndi
Badamdarda və başqa yerlərdə su anbarları tikilir. Onlar istifadəyə
veriləndən sonra su ilə təchizat daha da yaxşı
olacaq, eyni zamanda, yeni xətlər çəkilməlidir.
Çünki vaxtilə çəkilmiş xətlər
köhnəlib, bəzi hallarda çürüyüb, biz onların
hamısını yenidən qurmalıyıq. Bu böyük maliyyə vəsaiti tələb edən
bir işdir. Eyni zamanda, su və kanalizasiya
məsələləri texniki cəhətdən çox
ağır bir işdir. Hər iki məsələ
bütün qəsəbələrdə, Bakıda və
bütün rayonlarda paralel şəkildə öz həllini
tapmalıdır. İndi nəinki
Bakıda, hər bir rayon üzrə xüsusi su layihəsi
hazırlanmışdır. Bəzi yerlərdə
işlər başlanmışdır. Bəzi
yerlərdə isə biz bu işlərə yaxın zamanlarda
başlayacağıq.
Yəni, əsas
infrastruktur məsələləri bundan ibarətdir - su,
kanalizasiya, qazlaşdırma, elektrik enerjisinin verilməsi,
sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar. Biz bu işlərlə
məşğuluq. Bütün ölkə
üzrə proqramlar həyata keçirilir və Bakı qəsəbələri
də bu proqramlardan kənarda qalmamalıdır. Hər bir bölgədə regional inkişaf
proqramları vardır. Mən bölgələrdə
tez-tez oluram, inkişafı görürəm. Mən istəyirəm ki, hər bir yerdə, hər
bir kənddə, hər bir qəsəbədə bu inkişaf
özünü göstərsin. Xüsusilə
Badamdar kimi böyük tarixə malik olan qəsəbədə
işlər yüksək səviyyədə olmalıdır.
Əslində
Badamdara qəsəbə də demək mümkün deyildir. Bu, şəhərdir
və şəhər kimi formalaşmışdır, şəhərin
içindədir. Əlbəttə, burada
bütün işlər yüksək səviyyədə
görülməlidir. Yəni, Bakı qəsəbələrinin
inkişafı proqramı icra olunandan sonra iki il
ərzində əsas məsələlər öz həllini
tapacaqdır. Bu yolun çəkilişi
başlanğıcdır, burada başqa yollar da çəkiləcəkdir.
Ondan sonra yollarda işıq dirəkləri
quraşdırılmalıdır. Çünki
burada işıqlandırma yoxdur, axşamlar qaranlıqdır.
Hər yer işıqlı olmalıdır.
Biz indi özümüzü elektrik enerjisi ilə
təmin edirik. Başqa ölkələrə
də qaz, neft ixrac edirik. Ona görə
burada hər bir küçə
işıqlandırılmalıdır.
SAKİN: Cənab Prezident! Mən
də qəsəbə sakinləri adından, analar adından
Sizi salamlayıram! Qəsəbəmizə xoş gəlmisiniz!
Gəlişinizlə bizi sevindirdiniz, bizə şərəf
verdiniz!
Mən bir təhsil
işçisi kimi təhsil haqqında danışmaq istəyirəm.
Sizin təhsilə, elmə qayğınızın nəticəsidir
ki, son illər Azərbaycanda iki mindən yuxarı ümumtəhsil
məktəbi tikilmiş, təmir edilmiş və istifadəyə
verilmişdir. Həmçinin Heydər Əliyev Fondunun xətti
ilə də 300-dən artıq uşaq bağçası,
internat məktəbi, orta məktəb tikilmiş, təmir
edilmiş və uşaqlarımızın ixtiyarına
verilmişdir. Elə bizim gördüyümüz bu məktəb,
qəsəbəmizdəki hər iki məktəb Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi nəzarəti
ilə təmir edilmiş, əlavə korpus tikilmişdir. Vaxtilə
qəzalı vəziyyətdə olan bu məktəblər
indi hər cür avadanlıqla təchiz olunmuş, dünya
standartlarına cavab verən müasir məktəblərdir. Siz
qeyd etdiniz, bizim qəsəbədə məktəb tikilməsinə
ehtiyacımız vardır. Buna görə Sizə təşəkkür
edirik. Sizin fəaliyyətinizi, Mehriban xanımın fəaliyyətini
bütün xalqımız kimi biz də yüksək qiymətləndiririk.
Məktəbəqədər təhsilin də vacib olduğunu
nəzərə alsaq, qəsəbədə cəmi iki
bağça vardır. O bağçalar məktəbəqədər
təhsili təmin etmir. Bizim əlavə bir bağçaya da
ehtiyacımız vardır.
Sağ olsun Mehriban xanım,
milli mənəvi dəyərlərimizi dünyaya
tanıdır. Milli mənəvi dəyərlərimizi
dünyaya tanıtmaqla mənfur düşmənlərimizin
oğurladıqlarını onların əlindən alır,
oğurlayacaqlarına sahib çıxır. Biz milli mənəvi
dəyərlərimizə bağlı xalqıq.
Gənclərimiz, şagirdlərimiz
bu gün Sizin hərtərəfli qayğınızla əhatə
olunublar. Azərbaycanda bu gün gənclər evi tikilir. Azərbaycan
gəncləri dünyanın ən inkişaf etmiş ölkələrinin
tanınmış universitetlərində dövlət
hesabına təhsil alırlar. Olimpiya kompleksləri tikilir. Bu,
bizim gələcəyimizə qayğıdır. Biz analar
bundan ruhlanırıq, Sizə minnətdarlığımızı
bildiririk.
Heydər Əliyev Azərbaycana
Allah tərəfindən bəxş edilmiş bir mayak idi. Siz
o mayakın işığısınız. Biz o işıq
altında irəliyə gedirik və gedəcəyik. Biz həmişə
Sizinlə bir olmuşuq, daim də bir olacağıq!
Sağ olun, yaşayın,
xoşbəxt olun ailənizlə, övladlarınızla, nəvə
çox şirin şeydir, nəvələrinizlə. Allah
Sizi qorusun!
Prezident İlham ƏLİYEV:
Çox sağ olun. Təşəkkür edirəm.
***
Sakinlərin təkliflərini
dinləyən dövlət başçısı müvafiq
tapşırıqlarını verdi.
***
Sonda qəsəbə sakinləri
Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.-21 aprel.- S. 1, 2.