Nazirlər Kabinetində
görüş
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, aprelin 20-də Azərbaycan
Respublikasının Baş
naziri Artur Rasizadə ölkəmizdə
rəsmi səfərdə
olan Bolqarıstanın
Milli Kəşfiyyat Xidmətinin direktoru, general-leytenant Kirço Kirovla görüşmüşdür.
Qonağı səmimi salamlayan Baş nazir Artur Rasizadə
Azərbaycan ilə Bolqarıstan arasında siyasi-iqtisadi və mədəni əlaqələrin
daim yüksələn
xətlə inkişaf
etdiyini vurğulamışdır.
Sonra Baş nazir müasir dünya üçün aktual olan təhlükəsizlik
problemləri, terrorçuluqla
mübarizə, etnik separatizm və digər məsələlər
barədə danışmış,
diqqəti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
yönəltmişdir. Qeyd edilmişdir ki, bu münaqişənin
tezliklə həlli həm də ümumən regional təhlükəsizlik baxımından
zəruridir.
Bakıda gördüyü
yüksək qonaqpərvərlikdən
məmnun olduğunu deyən Kirço Kirov keçirdiyi görüşlər və
apardığı müzakirələr
barədə Baş nazirə ətraflı məlumat vermişdir. Qonaq xüsusilə azərbaycanlı
həmkarları ilə
səmərəli danışıqları
xatırlayaraq bu cür məhsuldar görüşlərin, təcrübə
mübadilələrinin hər
iki ölkənin müvafiq strukturları arasında əlaqələrin
inkişafına təkan
verəcəyinə əminliyini
bildirmişdir.
Görüşdə tərəfləri
maraqlandıran bir sıra digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-21 aprel.- S. 3.