Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində bır sıra görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir

 

 Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir.

Aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılmışdır. Sərginin açıldığı tarixi "Vandom" meydanındakı "Eğvö" hotelində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yenidən Parisdə görməkdən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu demişdir. O bu ilin fevralında Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük uğurla keçdiyini bildirmişdir. Frederik Mitteran demişdir ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.

Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirmiş və demişdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcəkdir.

Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.

 

***

 

 Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar yurdu Azərbaycanın müasir əsərləri" adlı sərgiyə baxmışlar. Sərgidə Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunur. Ölkəmizi tərənnüm edən bu sərgi Azərbaycan insanının xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzsiz fürsət olmuşdur.

Görkəmli rəssamlarımızdan Tahir Salahovun, Toğrul Nərimanbəyovun da iştirak etdikləri sərgi odlar yurdu Azərbaycanın, mavi Xəzərin sahilində qərar tutmuş, Şərq ilə Qərbin koloritinin cəmləndiyi Bakının nadir gözəlliyini əcnəbi auditoriyaya uğurla çatdırmışdır. Modern rəssamlarımızdan Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun paytaxtımızın qədim və müasir görkəmini əks etdirən əsərləri tamaşaçıların böyük marağına səbəb olmuşdur. Realist çalarlarla, fərqli forma və rənglərlə maraq doğuran bu yaradıcılıq nümunələri bir qədər sərt görünsə də, əslində, heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti çəkmişdir. Sərginin zəngin ekspozisiyası müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan vermişdir. Bir fikir də öz təsdiqini tapmışdır ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard yeni çalarlar, ritm, plastika və forma ilə maraqlıdır. Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri də bu sırada özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilmişdir. Fransız sənətsevərlər böyük estetik sövq bağışlayan əsərlərə maraqla tamaşa etmiş və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olmuşlar.

 

***

 

Sonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərginin iştirakçılarına ziyafət verilmişdir.

 

***

 

Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva aprelin 19-da YUNESKO-nun mənzil-qərargahına gəldi. Xoşməramlı səfirə gül dəstəsi təqdim edildi.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə YUNESKO-nun baş direktoru İrina Bokovanın görüşü oldu. Görüşdə Azərbaycanın birinci xanımını salamlayan YUNESKO-nun baş direktoru bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük uğur qazandığını bildirdi. Qeyd etdi ki, Bakı artıq mədəniyyətlərarası dialoq sahəsində ənənəvi yer tutur. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoq YUNESKO-nun bütün dünyada apardığı fəaliyyətin əsas istiqamətlərindən biridir. Azərbaycanın birinci xanımının bu sahədə rolunu xüsusi vurğulayan İrina Bokova Mehriban Əliyevanı bu ilin sentyabrında keçiriləcək YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısına dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Dəvətə görə YUNESKO-nun baş direktoruna minnətdarlığını bildirən Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna verdiyi dəstəyə görə İrina Bokovaya təşəkkürünü bildirdi. Mehriban xanım Əliyeva bu forumda qəbul edilən mühüm qərarların kağız üzərində deyil, həyatda reallaşmasının vacibliyini xüsusi vurğuladı və qeyd etdi ki, məhz bu ideyanın həyata keçirilməsi üçün indi beynəlxalq səylərə daha çox ehtiyac vardır.

Görüşdə Azərbaycan-

YUNESKO əməkdaşlığının inkişaf etdiyi, YUNESKO-da baş tutan budəfəki mədəniyyət mərasiminin də bunun bariz nümunəsi olduğu bildirildi.

Sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açıldı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etdiyi sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur. Burada nümayiş etdirilən xalçalar sərgiyə gələnlərdə böyük maraq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırdı.

Bu sərgidən də göründü ki, Azərbaycanda xalçaçılığın inkişafının qədim tarixi vardır. Qədim və orta əsrlərdəki mənbələrdə Azərbaycan xalçaları haqqında əksini tapan məlumatlar xalqımızın milli sərvəti olan xalçaçılıq sənəti barədə ən qiymətli faktları özündə əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur. İndi Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir.

Sərgidə nümayiş etdirilən xalçalar arasında ən çox diqqətçəkən isə xalq rəssamı Tahir Salahovun əsərlərini əks etdirən xalçalar idi. Dünya şöhrətli Azərbaycan rəssamının ölkəmizin maddi-mədəniyyətini, tarixi şəxsiyyətlərini işıqlandırdığı sənət əsərlərinin xalça həlli qonaqlarda xüsusilə maraq doğurdu. Tahir Salahovun fransız auditoriyasına yaxşı tanış olan "Atəşgah", "Qız qalası", "Dədə Qorqud", "Fikrət Əmirov", "Rostropoviç", "Qara Qarayev", "Kosmosa uçuş", Fikrət Əmirovun "Min bir gecə" baletinə çəkilən dekorasiyalar və digər məşhur əsərlərinin xalça üzərində əksi sərgiyə gələnlərə xoş ovqat bəxş etdi.

Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan xalçaçılığın inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, ilk növbədə, bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır.

Azərbaycan xalçalarının YUNESKO-da nümayişi böyük əks-səda doğurdu. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırdı.

 

***

 

 Sonra təntənəli mərasim başladı. Mərasimi YUNESKO-nun baş direktoru İrina Bokova açdı. Qonaqları salamlayan İrina Bokova bildirdi ki, bu gün YUNESKO-da Azərbaycan xalçalarının gözəl sərgisi açılıb. Baş direktor Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın

YUNESKO ilə sıx əməkdaşlığına toxundu. Qeyd etdi ki, Mehriban Əliyeva 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiridir və bu dövrdə öz fəaliyyəti ilə YUNESKO ailəsinə böyük töhfələr verib. Azərbaycanın birinci xanımı musiqi irsinin qorunmasında, eləcə də mədəniyyətlərarası dialoqun əldə edilməsində mühüm xidmətlər göstərib. YUNESKO-nun baş direktoru Heydər Əliyev Fondunun da bu sahədə təqdirəlayiq fəaliyyəti ilə seçildiyini diqqətə çatdırdı. Dünya musiqi sərvətinin incisi olan muğamın YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edildiyini vurğuladı. İrina Bokova bu gecənin maraqlı keçəcəyinə əminliyini bildirdi və qeyd etdi ki, bu gözəl mərasim hər bir kəsin xatirəsində dərin iz buraxacaqdır.

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da qonaqları salamladı. YUNESKO-nun xoşməramlı səfiri ölkəmiz haqqında tədbir iştirakçıları ilə təəssüratlarını bölüşərək bildirdi ki, qədim tarixə malik olan Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublika qurulub, müsəlman aləmində ilk dəfə məhz bizim ölkədə qadınlara seçmək və seçilmək hüququ verilib. Mehriban Əliyeva ölkəmizin Ermənistanın işğalına məruz qaldığını bildirərək qeyd etdi ki, buna baxmayaraq, bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmizdə böyük sosial-infrastruktur layihələri həyata keçirilir, səhiyyə ocaqları, məktəblər tikilir. Mehriban xanım Əliyeva YUNESKO-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirdi. Bildirdi ki, bunu muğamın, Azərbaycan xalçalarının və xalqımızın ən qədim bayramı olan Novruzun YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi də göstərir. Heydər Əliyev Fondunun fəaliyyətindən danışarkən Mehriban Əliyeva diqqətə çatdırdı ki, fond ölkəmizin həyatında genişmiqyaslı fəaliyyət göstərir və bu sırada YUNESKO ilə birgə həyata keçirilən layihələr də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımı YUNESKO-da çıxış edəcək musiqiçilərin - gənc istedadların öz maraqlı ifaları ilə hamının qəlbində dərin iz buraxacaqlarına ümidvar olduğunu bildirdi.

Sonra Azərbaycanın gənc istedadları YUNESKO-da möhtəşəm konsert proqramı ilə çıxış etdilər.

İki aylıq fasilədən sonra Azərbaycan yenə də Fransanın gündəmində idi. Azərbaycan mədəniyyətinin Parisdə Fransa ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması, ilk növbədə, ölkəmizin malik olduğu mədəni zənginliyi göstərdi. Digər tərəfdən, siyasi mahiyyəti ilə də diqqətçəkən bu tədbirlər silsiləsi dünya mədəniyyətinin ən böyük hamisi qismində çıxış edən YUNESKO-da Azərbaycana verilən önəmi nümayiş etdirdi.

Müasir Azərbaycan estradasının populyar simalarının çıxış etdiyi konsertdə əsas diqqətçəkən məqamlardan biri burada janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən çox heyrətləndirən də bu oldu.

Bu konsert Parisdə əsl hadisəyə çevrilməklə diqqəti nadir inciləri ilə öyünən Azərbaycana yönəltdi. Mədəniyyətimizin təntənəsinə, ölkəmizin tanıdılmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrildi.

Böyük marağa səbəb olan bu konsert proqramı bir daha təsdiq etdi ki, hazırda Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də fondun prezidenti Mehriban xanım Əliyevanın mədəni irsimizə olan münasibətinin dinamikasını yetərincə göstərdi.

 Təəssüratlar kifayət qədər zəngin oldu. Bu, özünəməxsus koloriti ilə diqqətçəkən Azərbaycan mədəniyyətinə olan ehtiramın nümunəsinə, həm də fransız tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrildi. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayandı. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verdi. Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə əbədi maraq oyatdı.

 

***

 

Konsertdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından ziyafət verildi. Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi unudulmaz bayrama döndü. Burada nümayiş etdirilən mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi nağıllar aləminə - Azərbaycana apardı.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 21  aprel.- S.  3, 4.