Azərbaycanın və
Bolqarıstanın xüsusi xidmət orqanları
arasındakı münasibətlərin inkişaf etdirilməsi
məsələləri müzakirə olunmuşdur
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-leytenant Kirço Kirov aprelin 18-dən 20-dək ölkəmizdə rəsmi səfərdə olmuşdur.
Əvvəlcə bolqarıstanlı qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, nazir Eldar Mahmudov Kirço Kirov ilə görüşmüşdür. Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru ilə əvvəlki görüşlərini və səmərəli söhbətlərini xatırladan nazir Kirço Kirovu Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfəsini verəcəyini bildirmişdir.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunmuş, enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti qeyd edilmişdir. Azərbaycan və Bolqarıstan xüsusi xidmət orqanları arasında ümumi maraq doğuran bütün bu sahələr üzrə məlumatlandırma və ekspert görüşlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.
Nazir Eldar Mahmudov təhlükəsizlik problemləri, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, xüsusən beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərlə əlaqədar irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir.
Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru Kirço Kirov nazir Eldar Mahmudov ilə yenidən görüşündən və hər iki ölkənin xüsusi xidmət orqanları arasındakı münasibətlərin inkişafından məmnun olduğunu qeyd etmişdir. Qonaq Bolqarıstanın və Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirmiş, keçirilmiş dialoq və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 21 aprel.- S. 4.