Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında Protokol imzalanmışdır
Aprelin 20-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəri ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri, xüsusilə ölkələrimiz arasındakı iqtisadi əlaqələr müzakirə olunmuşdur.
Görüşdə həmçinin "Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı 2005-ci il martın 9-da imzalanmış bu saziş müvafiq müddəalarına uyğun olaraq ratifikasiya sənədlərinin mübadiləsi tarixindən 30 gün sonra, yəni cari ilin mayın 20-dən qüvvəyə minəcəkdir.
Azərbaycan.- 2011.- 21 aprel.- S. 4.