Bakı dünyanın dialoq paytaxtına çevrildi

 

Artıq tarixə çevrilmiş beynəlxalq miqyaslı mötəbər bir tədbirin - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun insanlarda yaratdığı xoş təəssürat hələ də səslənməkdə davam edir. Dünya mətbuatı Azərbaycanın paytaxtında gerçəkləşmiş bu tədbirin əhəmiyyətindən müxtəlif materiallar dərc edirlər. Tədbir iştirakçıları isə fikirlərini bölüşdürməkdən, xüsusilə də Bakıdan, onun gözəlliyindən, insanların mehribanlığından, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsin bir məcrada birləşməsindən söz açırlar. Dünyada ilk dəfə olaraq mədəniyyətlərarası dialoq mövzusuna həsr edilmiş belə bir beynəlxalq mahiyyətli tədbirin məhz Bakıda gerçəkləşməsi ölkəmizdə tolerant mühitin mövcudluğundan, eləcə də həyata keçirilən bir sıra maraqlı layihələrin əhəmiyyətindən xəbər verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirə məharətlə ev sahibliyi edən Bakı mədəniyyətlərarası dialoqun paytaxtı olduğunu qətiyyətlə təsdiqlədi. Tədbirin açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev bildirdi: "Mədəniyyətlərarası Forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bizim qonaqlarımız dəvətimizi qəbul edib Azərbaycana gəlmişlər... Ümid edirəm ki, forumun nəticələri müsbət olacaq, mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaranacaqdır". Uzaqgörənliklə söylənilmiş bu fikir özünü doğrultdu. Baxmayaraq ki, tədbirin keçirilməsindən neçə gün ötür, amma hələ də dünya mətbuatı bu tədbirə öz münasibətini bildirir.

Forumda iştirak etmiş İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri forumun əhəmiyyəti ilə bağlı maraqlı fikir söyləyib: "Bakı forumu müasir dünyanın mədəni həyatında son dərəcə mühüm hadisə oldu. Forumun mədəniyyətlərarası dialoq mövzusunu daim diqqət mərkəzində saxlayan, bu problemlərlə maraqlanan, dialoqa stimul verən və dünyada sülhün bərqərar olunması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidentinin himayəsi altında müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Bakıda keçirilməsi xüsusi əlamətdar hadisədir". Doğrudan da, forumun işi o qədər geniş və əhəmiyyətli oldu ki, qonaqlar arasında qarşılıqlı etimad mühitinin yaradılması uğurlu bir nəticəni ortaya qoydu. İki ildən bir Bakıda mədəniyyətlərarası dialoqun keçirilməsi nəzərdə tutuldu. Bu isə Bakının dialoq paytaxtı olması deməkdir. Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu tədbirin əvvəlində inamla bildirdi: "Uğura aparan yol müxtəlifliyə əsaslanan birlikdir. Yalnız ümumi dəyərlər əsasında irəliyə doğru addımlar atılmalıdır".

Xalqları bir-birinə yaxınlaşdıran dialoqun hərtərəfli xarakter daşıması, əslində, sülhün, mədəni anlaşmanın, yoxsulluğun, münaqişənin aradan qaldırılmasının hərəkətverici amilidir. Ölkə başçısı İlham Əliyev nitqinin sonunda haqlı olaraq bir fikri də qabartdı: "Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür".

Məhz elə Bakı Forumu da son zamanlar dünyada özünü büruzə verən bir sıra dini ayrı-seçkilik zəminində yaranan problemlərin həlli yollarının tapılması işində dəyərli istiqamətlər müəyyənləşdirdi. Forumun ikinci günündə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoq mövzusunun dünyada necə aktual olduğunu təsiredici faktlarla şərh etdi. Mehriban xanım Əliyeva bir məntiqin üzərində dayandı ki, nə qədər dünyada qarşıdurmalar, münaqişələr azalmadan davam edir, bunun aradan götürülməsi naminə dialoq mövzusuna qatılan insanların sayı ildən-ilə çoxalacaq. Məhz birlikdə bu dialoqların köməyi ilə dinlər və sivilizasiyalar arasında düşmənçilik yayan qüvvələrə qarşı mübarizə aparılacaq. Bu mənada Mehriban xanım çox doğru olaraq vurğuladı: "Artıq mədəniyyətlərarası dialoqun sırf kulturoloji problem çərçivəsindən çıxıb böyük siyasətin probleminə çevrilməsi labüddür".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Avropa, Amerika, Afrika, Asiya və Avstraliya qitələrindən gələn müxtəlif əqidəli, vəzifəli, düşüncəli insanlar iştirak edirdilər. Coğrafi uzaqlıqları bir məkanda birləşdirən Bakı bu tarixi hadisə ilə dünya mədəniyyətinin inkişafında özünün hansı yerdə olduğunu bir daha bəyan etdi. Bu gün Azərbaycan, həqiqətən də, mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların mehriban, sülh şəraitində yaşadığı bir ölkədir. Məhz belə bir ölkənin paytaxtında da dünya mədəniyyətlərarası əməkdaşlığın yeni formalarının yaranması, yaxud da mövcud olanların daha da inkişaf etdirilməsi vacibdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ABŞ-ın Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru, bu ölkənin Azərbaycandakı səfiri Metyu Brayzənin xanımı Zeyno Baran bu mötəbər tədbirlə bağlı təəssüratını belə dilə gətirdi: "Toplantının Azərbaycanda düzənlənməsi çox önəmlidir. Çünki Azərbaycan, həqiqətən də, islam və Qərb dəyərlərinin yaxın şəkildə birgə yaşandığı ölkədir. Tarix boyu Azərbaycanda müxtəlif mədəniyyətlər, dinlər yanaşı yaşayıb. Dünya ölkələrinin bu toplantıya qatılaraq Azərbaycanı görməsi, yaxından tanıması çox önəmlidir. Həmçinin də dialoqda səslənən fikirlərin azərbaycanlılar tərəfindən duyulması çox vacibdir".

Rusiya Dövlət Duması sədrinin müavini Svetlana Orlova Bakıda keçirilən beynəlxalq forumla əlaqədar fikirlərini belə açıqladı: "Azərbaycan dünyanın bir çox ölkəsində görmədiyimiz tolerantlığı özündə yaşada bilir. Bu işdə həm dövlətin, həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü təqdirəlayiq işləri qeyd etməmək mümkün deyil. Forumda istər Prezident İlham Əliyevin, istərsə də Mehriban xanımın çıxışlarını böyük məmnuniyyətlə dinlədim. Bu məzmunlu nitqlər məndə dərin təəssüratlar yaratdı. Mən heyran qaldım. Onlar nəinki öz xalqlarının, eləcə də dünya mədəniyyətinin tarixinə dərindən bələddirlər. Elə bu səbəbdən də Azərbaycanda müxtəlif din və mədəniyyətlərə məxsus insanlar qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan öz inkişaf yolunu çox düzgün müəyyənləşdirib. Azərbaycan vətəndaşları həm öz ölkələri, həm də dövlət başçıları ilə fəxr etsinlər. Burada görülən hər bir iş çox əhəmiyyətlidir və insanın rifahına, xoş gələcəyinə hesablanıb".

Əgər Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayanda qonaqlar Bakını "dialoq şəhəri" adlandırırdılarsa, tədbir başa çatdıqdan sonra qələmə alınan yazılarda, dilə gətirilən təəssüratlarda, verilən müsahibələrdə bir ifadə daha tez-tez vurğulanır: "Bakı dialoq paytaxtıdır".

YUNESKO-nun Baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D'Orvil Bakı Forumunu yüksək dəyərləndirərək mətbuata verdiyi müsahibəsində demişdir: "Azərbaycan tarixən Şərq və Qərbin kəsişməsində mühüm körpü rolunu oynayıb. Burada sivilizasiyalar qovuşub, müxtəlif mədəniyyətlər meydana gəlib... Azərbaycanda keçirilən bu tədbir gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etməlidir. Bakı Forumunun səmərəli və praktiki təcrübə mübadiləsi mənimsənilməlidir".

Mədəniyyətlərarası dialoqun səmərəli təşkili yalnız mədəniyyətlərin ünsiyyəti, inkişafı demək deyil. Bu, həm də münaqişələrin qarşısının alınması üçün mühüm vasitədir. Sivilizasiyalararası yaxınlaşma sülh və əməkdaşlığın qurulması deməkdir. Bakıda keçirilən bu möhtəşəm tədbir həm də ölkəmizin sülh və əməkdaşlığa verdiyi böyük töhfə kimi dəyərləndirilir. Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi bir zamanda ayrı-ayrı dinlərin nümayəndələrinin bir ailə kimi mehriban yaşaması cəmiyyətdə normal münasibətlərin yaranmasını şərtləndirir.

Tədbir çərçivəsində keçirilən seminarlarda da xalqlar arasında dini dözümlülük və tolerantlıq mühitinin formalaşmasında Bakı Forumunun əhəmiyyəti yüksək qiymətləndirildi. Forum bir daha Azərbaycanın dünyada nüfuzunu və yerini nümayiş etdirdi. Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber böyük məmnuniyyətlə bildirdi ki, mədəniyyətlərarası dialoqda Azərbaycan, həqiqətən, aparıcı rol oynayır. Bu gün bizi düşündürən problemlərdən biri sivilizasiyalararası münaqişələrin baş verməməsinə nail olmaqdır. Çünki bu cür ziddiyyətlər və xoşa gəlməyən hallar həmişə bəşəriyyəti bəlaya, müharibəyə aparır. Ona görə də hərtərəfli dialoq əsasında bütün bəşəriyyət üçün yaxşı gələcək qurmaq lazımdır. Aparılan müşahidələr, araşdırmalar göstərir ki, dünyada baş verən qlobal problemlərin həlli üçün, həqiqətən, sivilizasiyalar bir yerdə düşünərək hərəkət etməlidir. Bu mənada mədəniyyətlərarası dialoqun ilk təşəbbüsçüsü Azərbaycan oldu. Müxtəlif mədəniyyətlərə məxsus nümayəndələrin Bakıda toplaşaraq insanları narahat edən problemin ümumi həlli yolunu tapmağa çalışması təqdirəlayiqdir. Denis Huber demişdir: "Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların kəsişməsində qərar tutub. Bu baxımdan Azərbaycan kimi bir ölkənin bizim təşkilatda təmsil olunması çox vacibdir. Çünki Azərbaycan bu gün hər kəs üçün daha vacib olan dialoqa dəstək verir".

Həqiqətən də, çox mühüm bir missiya uğurla həyata keçirildi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk dəfə Bakıda keçirilməsinə qazandığımız uğurlara beynəlxalq aləmdə verilən yüksək qiymətin bariz nümunəsi kimi yanaşmaq lazımdır. Azərbaycan bu gün həm Avropa Şurasının, həm də eyni zamanda İSESKO-nun üzvü olan nüfuzlu bir dövlətdir. Azərbaycan həm də çoxmədəniyyətli cəmiyyətdir. Bizim hər birimiz iftixar hissi keçiririk ki, dünyanın beş qitəsindən şəhərimizə gələn mötəbər qonaqlar öz gözlərilə gördülər və şahid oldular ki, ölkəmizdə necə tolerant mühit var. Bu gün tarixə çevrilən bu beynəlxalq tədbir həm də bir sıra yüksək səviyyəli görüşlər və əməkdaşlıq sənədlərinin imzalanması ilə yadda qaldı. İrəli sürülən dəyərli ideyaların xalqlar arasında anlaşmaya xidmət etdiyi dəfələrlə vurğulandı. Azərbaycanlılar bütün dünya xalqları üçün qonaqpərvər, mədəni insan olduqlarını dəfələrlə nümayiş etdiriblər. Doğrudur, Şərq və Qərb, Avropa və Asiya, müsəlmanlar və xristianlar arasında dialoq qurmaq çətin və mürəkkəb prosesdir. Amma Bakı Forumu təsdiqlədi ki, bu, mümkündür. Əlbəttə, dialoqun səviyyələri də müxtəlif ola bilər.

...Azərbaycan qonaqpərvərliyini, mədəniyyətini, mətbəxini görən, ölkə vətəndaşlarının sülhə, sabitliyə, dini dözümlülüyə meylini, istəyini, Vətənə sədaqətini duyan hər kəs Bakıdan xoş təəssüratla ayrıldı. Dünyanın müxtəlif mətbuat orqanlarında dərc edilən məqalələr, şərhlər, müsahibələr təsdiqləyir ki, Azərbaycan, həqiqətən də, bütün xalqlar və cəmiyyətlər arasında anlaşmanın təmin edilməsi yolunda hər zaman mədəniyyətlərarası dialoqa üstünlük verir. Bu baxımdan da Bakı dünyaya açıq şəhərdir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 6.