Qələmi kimi sözü də düz olan insan

 

Müasir Azərbaycan jurnalistikasının görkəmli simaları cərgəsində yazıçı-publisist Nurəddin Həsən oğlu Babayevin həmişə öz çəkisi və sanbalı olmuşdur. Ötən əsrin 50-ci illərindən başlayaraq bir neçə oxucu nəslinin fikir dünyasını ovsunlayan, onların qəlbində vətəndaş saflığı, insani ləyaqət, təmiz amal, arzu, məslək duyğuları şölələndirən Nurəddin Babayev publisistikası zaman-zaman müəllifin iri həcmli kitablarında özünə yuva salmış, insanlara doğruluğun, halallığın ünvanını nişan vermişdir. O, bu xeyirxah əməllərini pedaqoji sahədə də davam etdirmiş, Azərbaycanda ali jurnalistika təhsilinin fəal təşkilatçısı, böyük bir jurnalist nəslinin sənət müəllimi olmuşdur.

Nurəddin müəllim artıq iyirmi ildir ki, aramızda yoxdur. Bu illəri onun ömür yaşının üstünə gəlsək anadan olmasından 90 il keçir.

Gəncə şəhərində dünyaya göz açmışdır. Mətbuat aləminə 1939-cu ildə gəlmiş, hələ orta məktəbdə oxuya-oxuya "Azərbaycan pioneri" qəzetində əməkdaşlıq etməyə başlamışdır. İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuş, sonralar "Kommunist" qəzetində xüsusi müxbir, şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, "Uşaqgəncnəşr"də baş redaktor vəzifələrində çalışmışdır. 1951-ci ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamış, ömrünün sonunadək - düz qırx il peşəkar jurnalist kadrlarının hazırlanması sahəsində məhsuldar işləmişdir.

Jurnalistika kafedrasının ilk müdiri olmuş tanınmış ictimai xadim və mətbuat tədqiqatçısı Həsən Şahgəldiyevdən sonra 12 il (1961-1973) bu kafedraya rəhbərlik etmişdir. 1969-cu ildə jurnalistika şöbəsi filologiya fakültəsindən ayrılaraq müstəqil fakültəyə çevriləndə onun ilk dekanı Nurəddin müəllim olmuşdur. Həmin illər ali jurnalistika təhsilinin və kadr hazırlığı prosesinin səmərəliliyini və keyfiyyət dinamizmini artıran illər olmuşdur. Nurəddin müəllim çoxillik təcrübəsindən bilirdi ki, tədrisin uğurunu təmin edən amillər cərgəsində tələbələrin milli dildə lazımi dərslik və dərs vəsaitləri ilə təminatı əlahiddə əhəmiyyət kəsb edir. Kafedra müdiri kimi ən böyük xidmətlərindən biri bu oldu ki, həmin dövrə qədər jurnalistikaya dair pərakəndə və barmaqla sayılacaq qədər tədris nəşrlərinin sonrakı davamını sistemli məcraya yönəldə bildi. Ötən əsrin 60-70-ci illərində onun redaktorluğu ilə bir-birinin ardınca iki cildlik "Jurnalistika məsələləri" dərs vəsaiti işıq üzü gördü. Jurnalistika kafedrasının müəllimləri tərəfindən yazılmış və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilmiş bu kitablar jurnalistikaya dair Azərbaycan dilində ilk dərs vəsaitləri idi. Hər iki cildə müqəddimə yazmış professor Nurəddin Babayev göstərirdi ki, "jurnalistika fakültəsinin - gələcəyin jurnalistləri qarşısında çox mühüm və məsul vəzifələr durur və müəyyən tədris vəsaiti, dərs kitabı olmadan bu vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək mümkün deyildir. "Jurnalistika məsələləri" kitabının istər birinci, istərsə də ikinci hissəsi bu mühüm vəzifələrin həllinə həsr olunmuşdur. Əlbəttə, bu, o demək deyildir ki, həmin kitablar mətbuatın nəzəriyyə və təcrübəsinin bütün məsələlərini əhatə edir və bu sahədə daha görüləcək iş qalmamışdır. Qətiyyən yox, bunlar mətbuatın nəzəriyyə və təcrübəsinə dair Azərbaycan dilində dərs vəsaiti yaratmaq sahəsində atılan ilk addımlardır.

"Jurnalistika məsələləri" Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldü. Geniş, şaxəli tədris ədəbiyyatı yaratmaq sahəsində atılan bu ilk addımı sonralar Nəriman Zeynalovun ikicildlik "Azərbaycan mətbuatı tarixi", Şirməmməd Hüseynovun Moskvada nəşr olunan "Mnoqonasionalnaya sovetskaya peçat" monoqrafiyasında Azərbaycan jurnalistikasına həsr olunmuş əhatəli oçerk, Tofiq Rüstəmovun "Ədəbi redaktə" dərsliyi tamamladı. Əgər bu gün jurnalistika fakültəsinin tələbələri üçün Azərbaycan dilində 40-dan artıq dərslik və dərs vəsaiti nəşr olunubsa bu, əsası professor Nurəddin Babayev tərəfindən qoyulmuş gərəkli bir işin davamı kimi qiymətləndirilməlidir.

Professor Nurəddin Babayevin Azərbaycanda ali jurnalistika təhsilinin inkişafı yolunda xidmətlərindən biri kimi nəzəri hazırlığın daha geniş və davamlı şəkildə təcrübi bazaya söykənməsi sahəsində gördüyü işləri qeyd etmək olar. İstər kafedra müdiri, istərsə də dekan işlədiyi dövrlərdə o, tədris illərində tələbələrin qəzet redaksiyalarına, ekran və efir məkanına daha sıx və müntəzəm bağlılığının tərəfdarı olmuş və bu sahədə əməli addımlar atmışdır. İstehsalat təcrübələrinin sayı artırılmış, aparıcı qəzet redaktorlarının, tanınmış jurnalistlərin fakültədə praktik məşğələlərə cəlb olunmasının dövriliyi yüksəlmiş, fakültədə "Jurnalist" tədris qəzetinin nəşrinə başlanmışdır. 60-cı illərdən "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Azərbaycan müəllimi" qəzetlərinin, "Azərbaycan qadını" jurnalının bütöv nömrələri tələbələr tərəfindən buraxılmış, onların iştirakı ilə Azərbaycan radiosunda müstəqil verilişlər hazırlanmışdır. Həmin yaradıcılıq ənənəsi bu gün də yaşayır. "525-ci qəzet", "Şərq" qəzeti "Jurnalist" tədris qəzetinə öz saylarında tələbələrə xüsusi yer ayırırlar.

Professor Nurəddin Babayev həmişə öz həmkarlarına və tələbələrinə yaradıcılıq nümunəsi göstərmişdir. Jurnalistikada nəzəri fikir daşıyıcısı olmaqla bərabər daim ölkə mətbuatında və xarici mətbuatda çıxış etmiş, idman dili ilə desək oynayan məşqçi olmuşdur. O, 1500-dən çox publisistik məqalənin müəllifidir. Soruşanda ki, yazılarınız necə doğulur, deyərdi: "Çox çətinliklə! Düz 45 ilə yaxındır ki, çap olunuram. Lakin bir məqaləni belə asan və zəhmətsiz yazmamışam. Bunun da səbəbi var: jurnalistlik-yaradıcılıq aləmidir. Yaradıcılıq isə narahatçılıq, yuxusuz gecələr, axtarış, tapıntı deməkdir... Mən bir jurnalist kimi hər bir yazının üzərində bu vəhdətə nail olanadək işləyirəm, çox işləyirəm. Nə dərəcədə müvəffəq oluram, bunu oxuculardan soruşmaq lazımdır". Oxucular isə Nurəddin Babayevin istər müəllimlik, istərsə də jurnalistlik və ictimai fəaliyyətini Azərbaycan jurnalistikasının poeziyası kimi qiymətləndirirdilər.

Oxucunun biganə qaldığı yazını jurnalistin böyük müvəffəqiyyətsizliyi sayan Nurəddin Babayev deyirdi ki, yazdıqca oxucunu düşünürəm, onun özümdən ağıllı, özümdən məlumatlı olduğunu fikirləşirəm və elə yazmağa çalışıram ki, düşündüyüm tələbkar oxucunu razı sala bilsin.

Nurəddin Babayevin Azərbaycan jurnalistikasında başqa bir böyük xidməti mətbuatda zəngin oçerk ənənəsi yaratması və oçerkin nəzəri əsaslarını bitkin şəkildə işləyib hazırlamasıdır.

1958-ci ildə Nurəddin Babayev "1930-1940-cı illər Azərbaycanda bədii oçerk janrının inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Bununla bağlı həmin illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı, hazırda Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev "Azərbaycan gəncləri" qəzetində yazmışdı: "Nurəddin Babayevin bu əsəri, adətən namizədlik dissertasiyası üçün vaxt olaraq verilən 2-3 ilin məhsulu deyildir. Əsər həqiqətən 2-3 ildə yazılmış olsa da o, müəllifin uzun illər boyu qazanmış olduğu əməli jurnalistik tərcübəsinin, səmərəli zəhmətinin məhsuludur".

Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin professoru B.Roslyakov Elmi Şuranın adına göndərdiyi rəyində yazırdı ki, Nurəddin Babayevin öz dissertasiyasında qaldırdığı və həll etdiyi məsələlər yalnız Azərbaycan jurnalistikası üçün deyil, ümumiyyətlə, sovet oçerkinin nəzəri məsələlərini işləmək nöqteyi-nəzərindən də əhəmiyyətlidir. İmkanım olsaydı öz səsimi böyük bir həvəslə Nurədddin Babayevə elmi dərəcə verən şuranın səsinə qatardım".

Həmin dövrdə "Azərnəşr" tərəfindən buraxılmış "Mübariz janr" adlı monoqrafiyasında o, Azərbaycanda oçerk sənətkarlığının inkişafını elmi ardıcıllıqla izləmiş, oçerki başqa ədəbi janrlardan fərqləndirən mühüm cəhətləri göstərmiş, quruculuq illərinin bədii inikasını verən oçerklərimizi təhlil edib ümumiləşdirmişdi.

Nurəddin Babayev yazıçı-publisist missiyasını həmişə özünün vətəndaş mövqeyi fövqünə qaldırırdı. Vaxtilə dediyi sözləridir: "Müharibə iştirakçısı olmuşam. Otuz ildən çoxdu müəlliməm, üç oğul atasıyam, babayam və nəhayət, yazıçı və vətəndaşlıq borcu məni məcbur eləyir ki, o sözləri ki, mən bilirəm, o şeyləri ki, bu altmış yaşımda dərk eləmişəm, o şeylər ucbatından ki, sarsılmışam, deməli mən bütün bunları öz ürəyimdə saxlaya bilmərəm, deməli bütün bunlara ehtiyacı olan gənclərimiz, cavanlarımız var və mən də hər dəfə bu mövzuya qayıtmağı özümə mənəvi borc hesab eləyirəm".

Azərbaycan jurnalistikası və ədəbiyyatının bir sıra görkəmli nümayəndələri ilə çiyin-çiyinə işləməsini, müxtəlif məclislərdə onların xatirələrini, fikirlərini, yaradıcılıq qənaətlərini dinləməsini, təcrübələrindən çox şey əxz etməsini Nurəddin Babayev özünün taledən gələn xoşbəxtlik payı sayırdı. Ömrünün sonlarına yaxın yazdığı "Elə yaz ki..." kitabında "Kommunist" qəzetinin məktublar şöbəsində çalışdığı illərdən bir epizodu belə xatırlayır: "Hər sahənin özünün böyük sənətkarı var. Vəli Hacıoğlu böyük tərcüməçi idi. Yazı makinasının böyründə əyləşib ən ciddi qəzet materiallarını birbaşa diktə etdiyini və makinadan çıxandan sonra bu tərcümələrin redaktəyə ehtiyacı olmadığını görməyənlər onun misilsiz məharətini təsəvvür edə bilərlər. Bu istedadlı tərcüməçi tez-tez şöbəyə gəlib oxucu məktubları ilə tanış olardı. Niyə, nə üçün? Bilmirdim, soruşmağa da ürək eləmirdim. Bir dəfə deyəsən özü bunu hiss elədi. Qalın şüşəli eynəyini çıxarıb yerə qoydu, üzümə diqqətlə baxıb dedi:

- Yəqin, maraqlanırsan ki, bu məktublarda nə axtarıram, eləmi?

- Bəli.

- Tərcüməçinin materialı dildir, sözdür. Söz ehtiyatı kasıb olan mütərcimin tərcüməsi də bəsit və dayaz olar. Söz isə xalqdadır, canlı danışıq dilindədir. Redaksiyaya göndərilən məktublarda bizim elə sözlərə, ifadə və istilahlara rast gəlirəm ki, onlara heç bir lüğətdə rast gəlmək mümkün deyil. Bax, bu mənada məktublar mənim üçün zəngin bir xəzinədir".

Müasir mətbuatımız üçün bu gün ağrılı problemlərdən biri sayılan jurnalist etikası Nurəddin Babayevin istər elmi-pedaqoji, istərsə də praktik yaradıcılığında aparıcı mövzulardan olmuşdur.

O, iyirmi beş ildən artıq bir müddətdə mənəviyyat, əxlaq və davranış mövzusunda yazıların müəllifi kimi bu sahədə qələm işlətməyin çətinliklərini, uğurlarını və uğursuzluqlarını öz işində yaxşı hiss etmişdir. Nurəddin müəllim yazırdı ki, jurnalist etikası bütün etikaların ən mütərəqqi, ən insanpərvər, ən zərif, ən incə, ən nəzakətli cəhətlərini özündə birləşdirməli, onların yüksək ifadə forması, daha doğrusu nümunəsi olmalıdır. Publisistik yaradıcılığı oxucuların bütün təbəqələrini özünə cəlb etsə də müəllifin əsas hədəf auditoriyası gənclər idi. Bunun səbəbləri vardı. Atalardan övladlara irs qalan təkcə maddi sərvətlər deyil. Tərbiyə, əxlaq, yüksək mənəviyyat da nəsillərdən nəsillərə ötürülən zəngin bir irsdir. Nurəddin müəllimin fikrincə bu irsə yiyələnməyənlər ruhən qüvvətli və həqiqətən xoşbəxt ola bilməzlər. Bu mənada onun keçən əsrin ikinci yarısında işıq üzü görmüş "Oğluma məktublar", "Qızlar, sözüm sizədir", "Qızlar söz istəyir", "Ürəyimdə sözüm var", "Valideynlər, bizi dinləyin", "Açıq söhbət", "Elə yaz ki..." kitabları sözün həqiqi mənasında gənclərin stolüstü kitablarına çevrilmişdi. Həmin qəbildən olan "Adamın özü və sözü" kitabına yazdığı ön sözdə professor Mehdi Məmmədov Nurəddin Babayevin gənclərə ünvanlandırdığı arzu və istəklərini belə səciyyələndirirdi: "Nəsillər bir-birinə borclu və bir-birinin qarşısında məsuldurlar. Bu məsuliyyəti xatırlatmaq, həmin məsuliyyət hissini dərinləşdirmək insanpərvər, əməlpərvər bir təşəbbüsdür. Yazıçı-jurnalist Nurəddin Babayev belə gözəl və nəcib təşəbbüs göstərmişdir. O, bütün məsələlərə mücərrəd əxlaqi mövqedən yanaşmır, əxlaq və tərbiyə işini, gəncliyin şüur və inkişafını, mənəvi sağlamlığını fərdi, xüsusi, ailəvi bir iş hesab etmir, onları xalq işi və ictimai bir problem kimi qiymətləndirir".

Bu gün qloballaşma sərhədləri aşaraq bəşəri dəyərlər, beynəlxalq təfəkkür formalaşdırır. Bu qarşısıalınmaz prosesdə həm qazananlar var, həm də itirənlər. Qazanmağı bacarıb, itkini minimuma endirmək üçünsə oxuduqlarımızı, görüb eşitdiklərimizi diqqətlə ağıl süzgəcindən keçirməli, təkcə yeni olduğu üçün deyil, milli dəyərlərimizlə uyarlı olub-olmamasına görə qəbul etməliyik. Bu yolda etibarlı bələdçilərimizdən biri də professor Nurəddin Babayevin publisistik irsi ola bilər. Bu irsin qayəsi belədir: "Müasirləşmək, amma öz simamızı itirməmək". Verdiyi son müsahibələrin birində adıçəkilən prosesin sənət aləminə gətirdiyi dəyişikliklərlə əlaqədar demişdi: "İndiki cavan jurnalist dünya fikir okeanında öz yolunu, marşrutunu axtaran gəmiyə oxşayır: kompası dünya bilik xəzinəsi, mayakı isə-yenə də öz kökü, səfərə çıxdığı liman...".

Nurəddin müəllim mətbuatla nəfəs alan adam idi. O illərdə hər bir mətbu orqanı Nurəddin Babayev imzasını öz səhifələrinə gətirməkdən fərəh duyardı. Özündən soruşanda ki, dünyada ən böyük arzunuz nədir, sakitcə, özünəməxsus təbəssümlə söyləyərdi: "Yazmaq, yazmaq, əlim tutduqca yazmaq. Qəlbimin bütün hərarətini, jurnalist bacarığının bütün imkanlarını vətənimizin, xalqımızın taleyinə həsr eləmək. Bundan böyük nə arzum ola bilər ki?!".

Nurəddin müəllimin bu arzusunu təməl daşını qoyduğu jurnalistika fakültəsinin müəllimləri, istedadlı tələbələri yerinə yetirirlər. Vaxtilə onun "Elə yaz ki..." kitabına şair - publisist Səyavuş Sərxanlının yazdığı müqəddimə bu sözlərlə bitirdi: "Öz nurani görkəmiylə o dəqiqə seçilən qələm dostumuz Nurəddin Babayevin aramızda şax yeriməyə haqqı var - çünki onun qələmi kimi qəlbi də, sözü də, əməli də düzdür!"

25 il əvvəl sənət müəllimimiz haqqında söylənilən bu səmimi misraların bu gün də heç bir əlavəyə ehtiyacı yoxdur.

 

 

Yalçın ƏLİZADƏ,

Bakı Dövlət Universiteti

jurnalistika fakültəsinin

dekanı, professor

 

Azərbaycan.- 2011.- 21 aprel.- S. 6.