Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir və ölkələrimiz arasında qarşılıqlı etimad getdikcə güclənir

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə qardaş ölkədə səfərdə olmuşdur.

DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Türkiyə Prezidenti Abdullah Gül Hidayət Orucovu qəbul etmişdir.

Görüşdə ortaq milli-mənəvi dəyərlərin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və ölkələrimiz arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmnunluq ifadə olunmuşdur.

Prezident Abdullah Gül salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Ölkələrimiz arasında din sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktual olan səfər çərçivəsində Türkiyənin rəsmiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılmışdır. DQİDK ilə Türkiyənin Diyanət İşləri Başqanlığı arasında münasibətlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması, vicdan azadlığının təmin edilməsi və s. məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 7.