V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı başa çatmışdır

 

Bakıda keçirilən V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı başa çatmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Neft Akademiyasının və Böyük Britaniyanın "Confidence Capital" şirkətinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Xəzər regionunun neft-qaz sənayesinin vəziyyəti haqqında aktual informasiyanın təqdim edilməsi, karbohidrogenlərin nəqli, sənaye və ümumilikdə region üzrə layihələrin meyilləri və mümkün ssenarilərinin təhlili olmuşdur.

Konfransda enerji bazarının aparıcı ekspertləri Xəzər dənizinin karbohidrogen resurslarının, eləcə də qısamüddətli və orta müddətli perspektivdə dünyanın enerji daşıyıcıları bazarında oynayacağı rolu qiymətləndirmişlər. Tədbirdə diqqət nəqliyyat infrastrukturunun gələcək inkişafına, tərəfdaş ölkələrin qarşılıqlı əlaqəsinə, enerji daşıyıcıları ilə ticarət məsələlərinə, logistika problemlərinə, gələcək neft-qaz layihələrinin təhlilinə və regionun enerji sektorunun əsas məsələlərinə yönəldilmişdir.

Bölmə iclaslarında Şərq-Qərb dəhlizində nəqliyyat kommunikasiyalarının inkişafında Azərbaycan enerji layihələrinin rolu və yeri, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində neft amilindən istifadə və regionun iqtisadi təhlükəsizlik təminatı, Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri, Xəzər dənizinin nəqliyyat layihələrinin enerji təhlükəsizliyi, həmçinin "Cənub dəhlizi"ndə Türkiyənin rolu, Xəzər regionunda beynəlxalq qaz layihələrinin həyata keçirilməsi, "Nabukko" qaz dəhlizinin Avropanın enerji təminatında yeri və enerji marşrutlarının şaxələndirilməsindəki önəmi və s. mövzularda çıxışlar olmuş, müzakirələr aparılmışdır.

Konfransda Xəzəryanı ölkələr də daxil olmaqla, ənənəvi regional tərəfdaşlardan Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, həmçinin ABŞ, Avropa İttifaqı və Asiya-Sakit okean regionu ölkələrindən 150-dən çox nümayəndə iştirak etmişdir.

Konfransın ənənəvi iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "bp", "ExxonMobil", "Statoil", "Total", ENİ, "Deutsche Bank", "Litasco", "TOTSA", "BNP Paribas", SGS, "Shell", "Vitol", "Lukoyl", "RussNeft", TNK-VR, "Qazprom", "Gunvor", NIORDC, ADB, GOGC kimi ən böyük neft-qaz şirkətlərinin, beynəlxalq bankların nümayəndələri olmuşlar.

 

 

Azərbaycan.- 2011.- 21 aprel.- S. 7.