Bakıda "Orqan transplantasiyası və beyin ölümü" mövzusunda beynəlxalq forum keçirilir

 

Aprelin 20-də Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar həkimi Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş "Orqan transplantasiyası və beyin ölümü" mövzusunda beynəlxalq forum öz işinə başlamışdır.

Forumda ölkənin tibb ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Rusiya və digər xarici ölkələrin tanınmış tibb mütəxəssisləri də iştirak edirlər.

Tədbirin açılışında F.Cavadovun həyat və fəaliyyətini əks etdirən foto-video materiallar nümayiş olunmuşdur.

Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri Rəşad Mahmudov bildirmişdir ki, forumun məqsədi XXI əsrin aparıcı sahələrindən olan transplantologiyanın dünyadakı inkişaf perspektivləri haqqında müzakirələr aparmaq, Azərbaycanda bu sahənin problemlərinin gələcəkdə daha professional formada həllini tapmasına nail olmaqdır. Çünki bu, təkcə səhiyyə sahəsinə aid olan bir məsələ deyil. Qanunvericiliyimizdən, ictimaiyyətin buna münasibətindən də asılıdır.

Məlumat vermişdir ki, Milli Məclisə, Nazirlər Kabinetinə və Səhiyyə Nazirliyinə müraciət olunacaq və bu sahədə mövcud olan problemlərin həlli üçün görüləcək işlərin planı tutulacaqdır.

Dünyada ildə 100 minə yaxın insan transplantologiya vasitəsilə şəfa tapır. Azərbaycanda ildə 3-5 min transplantasiyaya ehtiyacı olan xəstələr olur. İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu gün ölkə rəhbərliyinin səhiyyə sahəsinə də göstərdiyi qayğının nəticəsidir ki, transplantasiya sahəsində çox mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, mərhum Fəxrəddin Cavadovun rəhbərliyi ilə Qafqazda və Mərkəzi Asiyada ilk dəfə canlıdan canlıya qaraciyərin köçürülməsi əməliyyatı Azərbaycanda reallaşmışdır.

Tədbirdə xarici ölkələrin orqan transplantasiyası və beyin ölümü sahəsində təcrübəsi, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən baxış və s. məsələlər müzakirə olunmuşdur.

Eyni zamanda, Fəxrəddin Cavadovun xatirəsinə həsr edilmiş nəfis tərtibatlı kitab və 60 illik yubileyi ilə əlaqədar Dədə Qorqud Milli Fondu tərəfindən "Azərbaycan Dünyası" jurnalının xüsusi buraxılışı təqdim olunmuşdur.

Forumda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Abel Məhərrəmov, Hadi Rəcəbli, "Fəxrəddin Cavadov fenomeni" kitabının redaktoru Vaqif Musayev və başqaları mərhumla bağlı xatirələrini danışmışlar.

Məlumat verilmişdir ki, Fəxrəddin Cavadov 1951-ci il aprelin 20-də Bakıda anadan olmuşdur. 1968-1974-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975-1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5 saylı şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Urologiya kafedrasında baş laborant, assistent, eyni zamanda, institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M.Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-1990-cı illərdə Azərbaycan KP MK-da işləmiş, 1990-1996-cı illərdə səhiyyə nazirinin I müavini vəzifəsində çalışmışdır. Yeri gəlmişkən, 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir. 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2006-cı ildə isə "Azərbaycan Respublikasının Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.

2009-cu il yanvar ayının 9-da 57 yaşında vəfat etmişdir.

Konfrans işini aprelin 21-də davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 7.