Ədliyyə Nazirliyində ATƏT-in təmsilçisi ilə görüş olmuşdur

 

Aprelin 19-da ATƏT Katibliyinin Siyasi Dəstək Mərkəzi direktorunun müavini Paskal Heyman ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür.

Ədliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ATƏT-in ölkəmizlə əməkdaşlığını qeyd edən nazir müavini qonağa dövlətimizin siyasi iradəsinin təzahürü olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, ədliyyə islahatları barədə məlumat vermişdir.

Təmsil etdiyi qurumun Azərbaycan ilə hüquqi əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyən qonaq məhkəmə və ədliyyə sahəsində nailiyyətləri, insan hüquqlarının qorunması sahəsində səmərəli ictimai nəzarət mexanizminin tətbiqini təqdir etmiş, təşkilatın Bakı ofisi ilə Ədliyyə Nazirliyi arasında faydalı qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etmiş, hüquqi əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək konkret təkliflər irəli sürmüşdür.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyinin qorunması sahəsində əməkdaşlığın perspektivləri, habelə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə fəaliyyət göstərən Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 7.