Dövlət Miqrasiya Xidmətində
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə
birgə seminar keçirilmişdir
Aprelin 20-də Dövlət Miqrasiya Xidmətində (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə "Mənşə ölkələri haqqında məlumatların toplanılması" mövzusunda seminar keçirilmişdir.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, seminarda müxtəlif instansiya məhkəmələrinin hakimləri, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Xidmətin və Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzinin (MEPHM) nümayəndələri iştirak etmişlər.
Tədbiri açan DMX rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev mövzunun aktuallığını vurğulamış, sığınacaq axtaran şəxslərin müraciətlərinin araşdırılması, qərarların qəbul olunmasında mənşə ölkələri haqqında məlumatın rolunun vacibliyi, təyinat ölkəsinə çevrilmiş bir ölkə olaraq Azərbaycanda sığınacaq sisteminin inkişaf etməsi, BMT QAK tərəfindən himayəyə götürülmüş şəxslərə göstərilən tolerant münasibət barədə danışmışdır.
BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm seminarın keçirilməsində göstərilən dəstəyə, həmçinin davamlı əməkdaşlığa görə DMX rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra DMX-nin əməkdaşları A.Seyidova, N.Salmanov, BMT QAK-ın əməkdaşı Z.Nağıyev müvafiq mövzularla çıxış etmişlər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-21 aprel.- S. 7.