Ukrayna Baş nazirinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə Ukrayna Prezidenti, Baş naziri və nümayəndə heyəti adından əklillər qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 3.