Bakıda İqtisadi əməkdaşlıq
məsələləri üzrə Azərbaycan-Ukrayna
hökumətlərarası birgə komissiyanın 9-cu
iclası keçirilmişdir
Aprelin 21-də Bakıda İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyanın 9-cu iclası keçirilmişdir.
Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyev 2010-cu ilin oktyabrında Kiyevdə keçirilmiş 8-ci iclasdan ötən müddətdə əldə olunmuş nəticələr barədə məlumat vermişlər.
Yaqub Eyyubov Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti barədə danışmış, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2 dəfə artaraq 1,4 milyard dollara çatdığını demişdir. Bu rəqəmin çox yaxşı göstərici olduğunu vurğulayan Y.Eyyubov bildirmişdir ki, Ukrayna Azərbaycan ilə ticarət dövriyyəsində dünya üzrə 6-cı, MDB üzrə isə 2-ci yeri tutur. Ötən dövrdə Azərbaycandan Ukraynaya ixrac olunan məhsulların həcmi 4,8 dəfə artaraq 900 milyon dollar, Ukraynadan Azərbaycana idxal olunan malların ümumi məbləği isə 9 faiz azalaraq 500 milyon dollar təşkil etmişdir. Azərbaycandan ixrac olunan məhsulların böyük əksəriyyəti neft və neft məhsullarıdır. Ukraynadan isə əsasən dağ metallurgiyası, maşınqayırma, aviasiya, radio və elektrotexnika məhsulları idxal olunur. 2011-ci ilin yanvar-fevral aylarında ticarət əməliyyatlarından əldə olunan gəlir ötən ilin müvafiq dövründəkindən 1,5 dəfə çox - 290 milyon dollara çatmışdır. Hazırda Azərbaycanda 36 Ukrayna şirkəti fəaliyyət göstərir. Ukraynada isə Azərbaycana məxsus və 81,3 milyon dollarlıq sərmayə payına malik "SOCAR energy Ukraine" fəaliyyət göstərir.
Humanitar, o cümlədən təhsil, mədəniyyət, idman informasiya texnologiyaları, turizm, habelə nəqliyyat sahələrində də əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanmışdır.
A.Klyuyev iclas iştirakçılarını ölkəsinin iqtisadi vəziyyəti ilə tanış etmiş, Azərbaycan-Ukrayna ticarət dövriyyəsinin strateji səviyyəyə çatdırılmasının əhəmiyyətini vurğulamışdır. O demişdir ki, 2011-ci ilin sonuna ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq mümkündür.
İclasda hər iki ölkəni təmsil edən hökumət nümayəndələri qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparmışlar.
Sonda iclasın səkkiz bənddən ibarət yekun Protokolu imzalanmışdır. Sənədi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ukrayna Baş nazirinin birinci müavini Andrey Klyuyev imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2011.- 22 aprel.- S. 3.