Parisdə "Odlar yurdu Azərbaycanın
müasir əsərləri" sərgisi Fransa ictimaiyyətində
böyük maraq doğurmuşdur
Xəbər verdiyimiz kimi, Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılmışdır. Açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi sərgi aprelin 20-də də öz işini davam etdirmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 20-də yenidən tarixi "Vandom" meydanında sərginin fəaliyyət göstərdiyi "Otel de`Eğvö"yə gəldi. Ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu sərgini ziyarət edən məşhur rəssamlar və parisli sənətsevərlər Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.
Bakıdakı Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlərin Parisdə Fransa ictimaiyyətinə təqdim edilməsi qədim tarixə və zəngin milli mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından mühüm addım oldu. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən diqqət bir daha təsdiqlədi ki, YUNESKO-nun xoşməramlı səfirinin fəaliyyəti hər zaman təqdir olunur və buna beynəlxalq miqyasda kifayət qədər ciddi maraq vardır. Bu sərgi bir daha təsdiqlədi ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard çalarlarla zəngin olan bu sərginin ekspozisiyasının yaratdığı ovqat daha bir reallığı ortaya qoydu ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət və qayğı göstərilmişdir. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, sənət adamları üçün azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm surətdə həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirmişdir. Təsadüfi deyildir ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə, Rasim və Rəşad Babayevlər kimi məşhur fırça ustalarının əsərlərinin nümayiş olunduğu sərgi ölkəmizin mədəniyyəti və incəsənəti haqqında bu salona gələnlərdə dolğun təəssürat yaratdı. Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Tahir Salahov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun əsərlərində paytaxtımızın və insanlarımızın xarakteri Qərb sənətsevərlərinə uğurla təqdim olundu.
Bir sözlə, Parisdə açılan "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi özünün ritmi, plastikası və forması ilə diqqəti çəkdi. Parlaq və orijinal ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verdi. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurdu.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən bütün tədbirlər Fransanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.-22 aprel.- S. 4.