Sözlə əməlin uğurlu vəhdəti

 

 Ölkəmizdə əsaslı islahatların yaratdığı səmərəli iqtisadi mühit paytaxt şəhərinin - Bakının inkişafına, tərəqqisinə də güclü təkan verir. "2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın hazırlanması bir daha sübut edir ki, şəhərimizdə abadlıq və quruculuq işlərinin sürətlə, ardıcıllıqla aparılmasına uğurlu start verilib. Son günlər Azərbaycan Prezidenti İlham Əliyev Bakının qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı keçirdiyi görüşlərdə görülən işlərlə yerindəcə tanış olmuş, nəticələrini güzəştsiz və hərtərəfli təhlil etmişdir.

Həmin görüşlərin yekunu olaraq dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermiş, onların icrasına nəzarəti daha da gücləndirmişdir. Bakını dünyanın ən böyük mədəniyyət mərkəzləri, tanınmış paytaxt şəhərləri sırasında görmək istəyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərdə abadlıq-quruculuq işləri aparılır, həm də infrastruktur layihələri icra edilir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir".

 

İqtisadi inkişafda əsaslı dönüş

 

Əlbəttə, gözəl şəhər təəssüratı, paytaxt emblemi yaratmaq üçün çoxsaylı infrastruktur layihələrin həyata keçirilməsi başlıca şərtdir. Bunun üçün ilkin mərhələdə görülən işlər uğurlu perspektivdən, bu şəhərin firavan sabahından soraq verir.

Dövlət Proqramı çərçivəsində Nizami rayonunun, o cümlədən də Keşlə qəsəbəsinin sosial-iqtisadi inkişafı təmin olunmuş, sənaye müəssisələrinin fəaliyyəti daha da canlanmış, bir sıra yeni müəssisələr açılmış, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmış, genişmiqyaslı abadlıq işlərinə başlanmışdır.

2011-ci ilin birinci rübü də rayon üçün uğurlu olmuşdur. Belə ki, istehsal edilmiş sənaye məhsulunun həcmi 104,8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,7 faiz çoxdur.

Cari ilin yanvar-mart aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 30,1 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 4,4 dəfə çoxdur.

2011-ci ilin birinci rübündə daxili resurslar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 35,6 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,6 faiz artım deməkdir.

Xidmət sahələrində də nəzərəçarpacaq inkişaf tempi müşahidə olunmuşdur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsində və əhaliyə göstərilən pullu xidmətlərin həcmində 20 faiz, rabitədə 68,1 faiz, nəqliyyatda isə 54,7 faiz artım olmuşdur.

2011-ci ilin üç ayı ərzində rayonda 308 yeni iş yeri açılmış, yanvar-fevral aylarında orta aylıq əməkhaqqı 2010-cu ilin müvafiq dövrünə nisbətən 30,8 faiz artaraq 390,2 manat təşkil etmişdir. Bu rəqəm respublikanın digər rayonları ilə müqayisədə uğurlu göstərici sayıla bilər.

 

Keşlə görüşünün təəssüratı

 

 Keşlə qəsəbəsinin ərazisi və əhalisi Nizami rayonunun təqribən yarısı qədərdir. Həm də qədim yaşayış məntəqələrindən sayılır. Elə Azərbaycan Prezidenti İlham Əliyev qəsəbəyə üz tutanda bu amilləri daha çox nəzərə almışdı. Təbii ki, əhalinin daha sıx yaşadığı bu qədim qəsəbədə ən müasir infrastruktur qurulmalı, hər cür şərait yaradılmalıdır. Real vəziyyətlə yerindəcə tanış olan dövlətimizin başçısı Keşlə sakinlərinin çətinliklərini, ehtiyaclarını da öyrənmişdir.

Dövlətimizin başçısına məlumat verilmişdir ki, yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə asfalt döşənmiş, 55 min kvadratmetrlik hissəyə isə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulur. Artıq həmin vaxtdan bəri nəzərdə tutulan işin də xeyli hissəsi görülüb. Qəsəbədə müasir xəstəxana binasının, təcili yardım stansiyasının tikiləcəyi də planlaşdırılıb.

Dövlətimizin başçısının tapşırığı ilə "Qafqaz" yaşayış massivində 640 şagird yeri olan məktəb binasının inşa olunmasına da sərəncam verilib. Özü də həmin tikinti üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb. Abadlıq-quruculuq işlərinə daha çox üstünlük verən Azərbaycan Prezidenti İlham Əliyev xalqa xidməti, Vətənə sevgini başlıca meyar sayır və hər bir məmurdan xalqa xidmət üçün ləyaqətli, səmərəli iş birliyi tələb edir. Görüşlərində qətiyyətlə bildirir ki, hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqına xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət etməkdir. Problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Azərbaycan Prezidenti dəfələrlə bu şəffaf mövqeyini sərgiləməklə, nümunə göstərməklə sosial ədavətin bərpasını, xoşagəlməz halların aradan götürülməsini təkidlə tələb edir.

Xalqla birbaşa əlaqə, təmas və ünsiyyət açıq söhbətə, irili-xırdalı problemlərin çevik həllinə imkan və şərait yaradır. Cənab İlham Əliyev Keşlə sakinləri ilə söhbət zamanı adamları narahat edən bütün məsələlərin aşkarlanmasına şərait yaratdı, sakinləri səmimiyyətlə dinlədi. Məlum oldu ki, bu qədim qəsəbənin nəqliyyat sarıdan bəzi çətinlikləri var. Bunu nəzərə alan dövlət başçısı məsələyə dərhal operativ münasibət bildirdi, yeni marşrutların açılmasına və ya bəzi avtobusların hərəkət intervalında dəyişikliklər olunmasına göstəriş verdi. Nəticədə bu məsələ ən qısa zamanda həll olundu. Artıq qəsəbədən "Xətai" metrosunadək 221 nömrəli avtobus marşrutu istifadəyə verilmişdir ki, bu da Keşlə sakinlərinin nəqliyyat sahəsindəki problemini tam aradan qaldırmışdır. Əlbəttə, belə problemlərin yerindəcə öyrənilməsi mövcud çətinliklərin operativ həllinə imkan yaradır və insanlar da əmin olurlar ki, onların hər bir təklifi həssaslıqla araşdırılır, məsələyə ədalətli münasibət bildirilir. Belə olanda sakinlər seçdikləri ümid və güvənc yerinin təminatlı və etibarlı olduğuna qeyd-şərtsiz inanır, dövlətin onlara göstərdiyi diqqət və qayğını daim hiss edirlər. Son vaxtlar Bakının ayrı-ayrı qəsəbə və kəndlərində keçirilən belə görüşlərin sayı artır, əhatəsi genişlənir.

 

Sosial təminata etibarlı zəmanət

 

 Son illər Nizami rayonunun iqtisadiyyatında müşahidə olunan sabit artım tempi əhalinin həyat səviyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına əlverişli şərait yaradıb. Rayonda aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək, onlara dövlət təminatını və köməyini artırmaq üçün xeyli iş görülüb. "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" qəbul olunandan sonra sosial müdafiəyə ehtiyacı olan işsiz vətəndaşların yeni yaradılmış iş yerlərinə qəbul olunmasına tam şərait yaradılmış, təkcə bu ilin üç ayı ərzində 104 nəfər münasib işlə təmin olunmuşdur. Onu da qeyd edək ki, işlə təmin olunanların 64 nəfəri dövlət müəssisəsində yerləşdirilmiş, qalanları peşə kurslarına cəlb olunmuşdur. Rayonun sənaye potensialı yüksəldikcə, quruculuq, abadlıq işlərinə ayrılan vəsaitin həcmi də genişlənir. Hər şeydən əvvəl ən çox narahatçılıq doğuran işsizlik problemi aradan qaldırılır. Bu o deməkdir ki, vətəndaşın sosial təminatına etibarlı zəmin yaradılır, dayanıqlı bünövrə qoyulur. Elə Azərbaycan Prezidenti də Bakıətrafı qəsəbə və kəndlərdə sakinlərlə keçirdiyi görüşlərdə bu məsələyə xüsusi diqqət yetirir: "Ölkə iqtisadiyyatı artır, sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır. Mən istəyirəm ki, bu proseslər daha da sürətlə getsin və hər bir kəndi, hər bir qəsəbəni əhatə etsin. Mənim məqsədim budur, vəzifəm də budur".

Xalqa xidməti başlıca vəzifəsi hesab edən Azərbaycan Prezidenti ölkədə mövcud olan problemlərin çevik həlli üçün ən işlək mexanizmin hazırlanmasına təşəbbüskarlıq göstərir, mütəmadi görüşlər keçirir, sakinlərin arzu və istəklərini öyrənir. Təbii ki, bütün bunlar insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər kimi dəyərləndirilir, ən qısa zamanda səmərəsini göstərir...

 

Təşəbbüsün dəyəri

 

Ölkəmizdə gedən quruculuq işlərinin miqyası genişləndikcə adamların yaşayış səviyyəsində ciddi dönüş yaranır, hər bir vətəndaşın sosial rifahı yaxşılaşır. Azərbaycan Prezidenti İlham Əliyevin şəhərətrafı qəsəbələrdə sakinlərlə keçirdiyi görüşlərdə hər kəs bu rifahı öz həyat tərzində, güzəranında müşahidə etdiyini etiraf edir, dövlət başçısı ilə səmimi söhbətdən çəkinmirdi. Azərbaycan Prezidentinin örnək fəaliyyəti, göstərdiyi nümunə ayrı-ayrı regionlarda hər bir məmurun işini mahiyyətcə yeniləşdirmiş, onlarda öz işlərinə daha tələbkarlıqla yanaşmaq məsuliyyətini artırmışdır.

Bu ilin birinci rübündə Nizami rayonunda icra strukturlarına müraciət edənlərin sayı xeyli artmışdır. Təkcə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqova 509 nəfər müraciət etmişdir. Onu da qeyd edək ki, müraciətlərin çoxunda sosial problemlərin həllinə daha çox üstünlük verilir, adamların içməli suya, nəqliyyat və mənzil probleminə ehtiyacları olduğu açıq-aydın hiss olunur. Ona görə də belə müraciətlərin həllinə ciddi təşəbbüskarlıq göstərilir, sakinlərin ərizə və şikayətlərinə dərhal cavab verilir. Belə olduğuna görə son aylar rayon ərazisindən daha yuxarı instansiyalara gedən şikayətlərin sayı xeyli azalmışdır.

İnsanları narahat edən məsələlərin, onların gündəlik qarşılaşdığı problemlərin həllinə daha çox üstünlük verilmişdir. Son bir ildə rayonun daxili resursları hesabına 10741 p/m müxtəlif diametrli borular alınaraq 39 binanın aşağıpaylayıcı istilik xətləri təmir olunmuşdur. Bununla da ümumilikdə 15000 sakin yaşayan əlavə 4000-dən artıq mənzilə istiliyin verilməsi təmin edilmişdir.

K.Balakişiyev küçəsi 4713 ünvanında hər birinin tutumu 500 kubmetr olan 2 ədəd yeni su anbarı tikilmiş, istismara yararsız 12 ədəd nasosxana bir ədəd müasir tipli nasos stansiyası ilə əvəz edilmiş və diametri 100 millimetrlik 500 p/m məhəllədaxili yeni su xətti çəkilmiş, nəticədə 50000-dən artıq əhalinin su təchizatı yaxşılaşdırılmışdır. Bununla yanaşı, 10457 p/m müxtəlif diametrli boru sərf edilməklə 79 yaşayış binasının istismara yararsız aşağıpaylayıcı su xətləri, 2870 p/m boru sərf edilməklə 61 binanın aşağıpaylayıcı kanalizasiya xətləri təmir edilmiş, 16 zirzəmi qurudularaq müvafiq qaydada dezinfeksiya olunmuş, uzun illərdən bəri mövcud antisanitar vəziyyət aradan qaldırılmışdır. 64476 kvadratmetr şüşəli ruberoid və 22312 kvadratmetr şifer sərf edilməklə 125 binanın yumşaq, 35 binanın bərk dam örtüyü təmir edilmişdir. 22 lift yenisi ilə əvəz olunmuş, 20 lift əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Azərbaycan dövlətinin başçısı da vətəndaşlarla görüşlərində və söhbətlərində daim xalqa dəyərli xidməti başlıca meyar sayır. Ona görə də xalqla iqtidar arasında anlaşıqlı dialoqun, ünsiyyətin yaranmasına heç bir maneə qalmır. Ölkədə yaradılmış sağlam ictimai mühit imkan verir ki, bu birlik daha da möhkəmlənsin, etibarlı zəmin üzərində inkişaf etdirilsin.

 

 

B.ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.- 22 aprel.- S. 5.