Yaponiyanın Baş naziri Azərbaycan xalqına təşəkkür edir

 

Ötən ay Yaponiyada baş vermiş dağıdıcı zəlzələnin fəsadları bu ölkənin hökumətini və xalqı tarixi sınaq qarşısında qoymuşdur. Dəhşətli təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün dünya dövlətləri, o cümlədən Azərbaycan dost ölkəyə yardım əli uzatmışdır. Yaponiyanın Baş naziri Naoto Kan Azərbaycan xalqına ünvanladığı məktubda kömək və həmrəylik üçün təşəkkürünü ifadə etmişdir. Məktubda deyilir: "Martın 11-dən başlayaraq beynəlxalq birlik və ölkəmizin dostları bizə dəstək göstərməyə başladılar. Yaponiya xalqı adından, 130-dan çox ölkədən, təxminən 40 beynəlxalq təşkilatdan, çoxsaylı QNT-lər və insanlardan gələn yardıma və göstərilən həmrəyliyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Yapon xalqı dünyanın dörd bir yanında olan dostlarından gördüyü "Kizuna"nı (yapon dilində "dostluq bağları") çox yüksək qiymətləndirir. Bu sınaqlardan keçib "dost dar gündə tanınar" ifadəsini daha dərindən anlamağa başladıq.

Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva, həmçinin Baş nazir cənab Rasizadə, xarici işlər naziri cənab Məmmədyarov bizə başsağlığı vermiş, Baş nazirin müavini cənab Şərifov daxil olmaqla hökumət nümayəndələri xatirə kitabına ürək sözlərini yazmışlar. Azərbaycan hökuməti 1 milyon ABŞ dolları məbləğində yardım göstərmiş, çoxsaylı sadə vətəndaşlar isə güllər, əklillər, ianələr göndərmiş və bizə başsağlığı vermişlər. Xüsusilə də Qarabağ müharibəsi zamanı ailələrini və evlərini itirmiş qaçqın uşaqların ürək sözləri və məktubları bizə çox təsir etmişdir".

Cənab Naoto Kan əmin olduğunu bildirmişdir ki, yapon xalqı İkinci dünya müharibəsinin dağıdıcı nəticələrindən sonra ayağa qalxıb ölkədə firavanlığa nail olduğu kimi, hazırkı sınaqdan da uğurla çıxacaq: "Şübhə etmirəm ki, Yaponiya bu böhranın da öhdəsindən gəlib, əvvəlkindən də güclü olacaq və gələcək nəsillər üçün daha da gözəl ölkəyə çevriləcəkdir. Beynəlxalq birlik tərəfindən bizə göstərilən "Kizuna" və səmimi köməyin əvəzini vermək üçün dünya ölkələrinin inkişafına göstərdiyimiz yardımı davam etdirəcəyik. Dəstəyiniz və əməkdaşlığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm".

 

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 6.