Bakıda "Orqan transplantasiyası və beyin ölümü" mövzusunda beynəlxalq forum öz işini davam etdirmişdir

 

Aprelin 21-də Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar həkimi Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş "Orqan transplantasiyası və beyin ölümü" mövzusunda beynəlxalq forum öz işini davam etdirmişdir.

Tədbirin ikinci günündə "Meyitdən orqan transplantasiyası qaydaları" mövzusu müzakirə olunmuşdur.

Vurğulanmışdır ki, Azərbaycanda orqan transplantasiyası və beyin ölümü mövzusunun aktuallıq qazanması, bu sahədə atılacaq addımların əvvəlcədən formalaşması və ümumi strategiyanın müəyyənləşdirilməsi cəhətdən forumun keçirilməsi ölkəmiz üçün çox vacibdir.

Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri Rəşad Mahmudov bildirmişdir ki, məqsəd beyin ölümü kriteriyalarının forum tərəfindən müzakirə olunaraq təsdiqlənməsi və aidiyyəti icra aparatlarına təqdim olunmasıdır.

Rəşad Mahmudov demişdir ki, Azərbaycanın xəstəxanalarında Səhiyyə Nazirliyinə bağlı koordinasiya mərkəzlərinin yaradılması zəruridir. Beləliklə, beyin ölümü baş verdikdə Səhiyyə Nazirliyinin nəzarəti ilə ailələrin razılığı alınmalıdır. Azərbaycanda bu əməliyyatı həyata keçirmək üçün qanunlar mövcuddur. Lakin bu elə bir prosesdir ki, insanların, ailələrin razılığı olmadan həmin qanunların heç biri həyata keçirilə bilməz. İnsanların bu barədə kifayət qədər məlumatı yoxdur. Əvvəlcə onlarda inam yaratmaq lazımdır ki, dünyasını dəyişmiş bir insanın orqanı başqa bir insanın həyatını xilas edə bilər. Mütəxəssis diqqətə çatdırmışdır ki, beyin ölümü konsepti müəyyənləşdirildikdən sonra Azərbaycanda bütün orqanların transplantasiyası mümkün olacaqdır.

Hazırda dünyada ən çox transplantasiyaya ehtiyac duyulan orqan böyrəkdir. Dünyasını dəyişmiş bir insanın böyrəyi ilə iki insanın həyatını xilas etmək olar. Böyrək xəstəliyindən əziyyət çəkən bir insanın il ərzində dializ aparatına qoşulması üçün 10-15 min manat vəsait tələb olunur. Hazırda Azərbaycanda xroniki böyrək çatışmazlığına dair dövlət proqramı mövcuddur. Dövlət tərəfindən xəstənin 10 il müalicəsinə 100 min manatdan çox xərc çəkilir.

Transplantasiya qanunlar çərçivəsində reallaşdığı halda ölkə üçün həm sosial, həm də maddi cəhətdən çox böyük qənaətdir.

Tədbirin sonuncu günü xarici ölkələrin yüksək ixtisaslı tanınmış tibb mütəxəssislərinin iştirakı ilə forumun yekun konsensusu qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 22 aprel.- S. 6.