Əməyin təhlükəsizliyinin
təşkili iqtisadi uğur qazanmağın mühüm
şərtlərindəndir
AHİK-də keçirilən konfransda bu barədə ətraflı söhbət getmişdir
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə "Əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi sistemi: fasiləsiz təkmilləşmə yolları" mövzusunda dünən keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açmışdır. O, son illər ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə ətraflı danışaraq demişdir ki, dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına müvafiq olaraq Azərbaycanda bir sıra sosial proqramlar icra edilmiş, investisiya layihələri həyata keçirilmişdir. Bütün bunlar ölkəmizdə müasir texnologiyaları özündə əks etdirən, beynəlxalq standartlara cavab verən 930 min yeni iş yerinin açılmasına şərait yaratmışdır. Əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi sisteminin uğurlu tətbiqi iqtisadi nailiyyətlərə stimul yaratmışdır. Bu sistem fasiləsiz təkmilləşmənin əsasən texniki, sanitariya-gigiyena, hüquqi və təşkilati tədbirlər kompleksinin hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi üzrə tədbirləri əhatə edir.
Son illər həmkarlar ittifaqları əməyin mühafizəsi və təhlükəsizliyi üzrə 20-dən artıq qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak etmişdir. Həmkarlar ittifaqlarının fəal iştirakı ilə "Həmkarlar ittifaqları haqqında" qanuna, əmək və vergi məcəllələri kimi zəruri dövlət sənədlərinə bir sıra düzəlişlər edilmişdir. Milli Məclis AHİK-in təklifi ilə müəssisələrin gəlirinin vergiyə cəlb olunan hissəsindən profilaktik yeməyin, südün və ona bərabər tutulan qida məhsullarının alınmasına yönəldilmiş xərclərin çıxarılması barədə qanuna dəyişiklik etmişdir. Həmkarlar ittifaqlarının iştirakı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsi hazırlanmışdır. Səttar Mehbalıyev əmin olduğunu bildirmişdir ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə sığortaçıların, sığortaolunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunmasında müsbət rol oynayacaq.
Son illərdə həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri bir sıra müəssisə və istehsalatlarda 1500-dən artıq müayinə aparmışlar. Müfəttişlik qanunvericilik, sanitariya və gigiyena təhlükəsizliyinə dair tələblərin pozulması üzrə halların aradan qaldırılmasına köməklik göstərmişdir. 2010-cu ilin statistik məlumatına əsasən, istehsalatda zədələrin, o cümlədən ölüm hallarının sayı 2009-cu ildəkinə nisbətən xeyli azalmışdır. Xatırladaq ki, ölkənin sənaye müəssisələrində və tikintilərində bu ilin birinci rübündə 24 nəfər həlak olmuş, 48 nəfər isə xəsarət almışdır. Həmkarlar ittifaqı xidmətinə daxil olan müəssisə və təşkilatlarda isə dörd işçi dünyasını dəyişmişdir. Aparılan təhlillər göstərir ki, hadisələr əsasən tikintidə əməyin mühafizəsi tələblərinə ciddi əməl olunmadığı üçün baş verir. AHİK sədri əmin olduğunu bildirmişdir ki, ölkənin bütün müəssisə və təşkilatlarında həmkarlar ittifaqları yaradılacaq və problemlərin böyük hissəsi məhz bu təşkilatların gücü ilə həll olunacaq.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müfəttişliyinin rəisi Rauf Tağıyevin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyevin çıxışlarında da əməyin təhlükəsizliyinin və sağlamlığının idarə edilməsi üzrə mühüm tədbirlərin keçirilməsi zəruriliyindən bəhs olunmuşdur.
Tədbirin sonunda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2010-cu ildə keçirilmiş respublika baxış-müsabiqəsində qalib gəlmiş 28 müəssisə və təşkilata AHİK-in mükafatları verilmişdir.
Azərbaycan.- 2011.- 22 aprel.- S. 6.