Misirin nüfuzlu "Əl-Məsəiyyə"
qəzetində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu barədə məqalə dərc edilmişdir
Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi bu mötəbər tədbirdə iştirak etmiş Misir nümayəndə heyətinin üzvü, jurnalist Məhəmməd Sələmədir.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazıda Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi, BMT, İKT, YUNESKO, İSESKO və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş forumda dünyanın 25 ölkəsindən mədəniyyət nazirlərinin, QHT-lərin və mədəniyyət təşkilatlarının çoxsaylı nümayəndələri arasında Misirin dörd tədqiqatçı alimi və jurnalistinin də olduğu vurğulanmışdır.
Forumun Prezident İlham Əliyevin giriş sözü ilə açıldığını yazan müəllif dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlər arasında əməkdaşlığın və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində, mədəni müxtəlifliyə baxmayaraq, xalqlar arasında sülh, əmin-amanlıq, birgəyaşayış kimi müsbət anlayışların təbliğində böyük rolundan danışdığını qeyd etmişdir. Məqalədə, həmçinin böyük tarixi, coğrafi və mədəni əhəmiyyət daşıyan Bakının artıq bu forum kimi beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi ənənəvi bir məkana çevrildiyi də vurğulanmışdır.
Bundan əlavə, yazıda Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğu, müsəlman aləmində ilk opera və teatrın məhz burada meydana gəldiyi, ilk dəfə qadınların seçki hüququnun bu ölkədə tətbiq olunduğu qeyd edilmişdir. İKT-nin üzvü olan Azərbaycanın həm də Avropa Şurasında təmsil olunmasının bu ölkənin Şərq və Qərb, Şimal və Cənub, İslam aləmi arasında böyük rol oynamasına imkan yaratdığı vurğulanmışdır.
Azərbaycan.- 2011.-22 aprel.- S. 7.