Sloveniyada "Lahıca xoş gəlmisiniz"
adlı yeni sərgi açılmışdır
Sloveniyanın Sempas şəhərindəki Mədəniyyət evində "Lahıca xoş gəlmisiniz" adlı yeni sərgi açılmışdır. Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Sloveniyadakı səfirliyinin, bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilən sərgi ölkələrimiz arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən "Dünən, bu gün, sabah" adlı layihənin əlaqələndiricisi, tanınmış incəsənət professoru, ölkəmizin dostu xanım Vesna Çrnivets tərəfindən hazırlanmışdır.
"Lahıca xoş gəlmisiniz" qısametrajlı filmini və 45 şəkildən ibarət fotosərgini Vesna Çrnivets 2008-ci ildə "Gənclik və mədəni irsimizin qorunması" layihəsi çərçivəsində Lahıcda olarkən hazırlamışdır. Yüksək sənətkarlıqla hazırlanmış və dolğun məzmuna malik sərginin keçirilməsində məqsəd Azərbaycanın dilbər guşələrindən olan, YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi nəzərdə tutulan Lahıc kəndi haqqında ətraflı məlumat verməkdir.
Professor Vesna Çrnivets 2002-ci ildən bəri müxtəlif layihələr və tədbirlər çərçivəsində 10 dəfə Azərbaycanda olmuşdur.
Azərbaycanı öz vətəni qədər sevdiyini deyən V.Çrnivets ölkəmizin milli mədəni dəyərlərinin təbliği üçün həmişə zövqlə çalışdığını, "Lahıca xoş gəlmisiniz" layihəsinin dövlətlərimiz arasında mədəni əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcəyini bildirmişdir.
V.Çrnivets ölkəmizə sonuncu səfəri zamanı Lahıcda olarkən bu qəsəbənin gözəlliyinin onu valeh etdiyini, ucqar bir ərazidə yerləşməsinə baxmayaraq, burada böyük inkişaf prosesinin getdiyini bildirmişdir.
"Lahıca xoş gəlmisiniz" adlı film və fotosərgi əvvəllər Sloveniyanın Lyublyana şəhərindəki "Pionerskiy dom" incəsənət mərkəzində, Volentin Vodnik adına mədəniyyət mərkəzində, Lyublyana Universitetinin Etnoqrafiya və mədəni antropologiya fakültəsində nümayiş etdirilmişdir. Sərgi mayın sonuna qədər davam edəcəkdir.
Azərbaycan.- 2011.- 22 aprel.- S. 7.