AMEA-da "Leyli və Məcnun"
kitabının təqdimatı keçirilmişdir
Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində elm xadimlərinin və klassik ədəbiyyat tədqiqatçılarının iştirakı ilə şair-filosof Bilalın "Leyli və Məcnun" kitabının təqdimatı olmuşdur.
"Azərnəşr"də çapdan çıxmış kitaba akademik Fuad Qasımzadə, professorlar Azadə Rüstəmova, Tofiq Hacıyev və Rafiq İmrani, filologiya elmləri namizədi Tərlan Quliyev rəy vermişlər.
AzərTAc xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov tədbiri açaraq müəllifin həyatı və kitabı haqqında məlumat vermiş, onun gərgin zəhmət hesabına sanballı bir əsəri ortaya qoyduğunu diqqətə çatdırmışdır.
AMEA-nın müxbir üzvü Teymur Kərimli Azərbaycanın böyük şairi Füzulinin yaradıcılığından, ondan sonra yaranan ədəbi məktəbdən bəhs etmişdir. Bildirmişdir ki, dahi şairin "Leyli və Məcnun" poeması ardıcıllarının daim ilham qaynağı olmuşdur. İstər Azərbaycan, istərsə də Şərq ədəbiyyatında şairlər və yazıçılar bu mövzuya müraciət etmişlər. Onlardan biri də nizamişünas və füzulişünas Bilaldır. Onun bu əsəri dünya bədii fikrinə qiymətli töhfədir.
Tədbirdə tanınmış cərrah Cavad Heyyət və başqaları çıxış edərək əsəri yüksək qiymətləndirmiş, xüsusilə muğamların tarixi keçmişi ilə bağlı müəllifin fəlsəfi düşüncələrindən danışmışlar. Bildirmişlər ki, klassiklərin yaradıcılığına həsr edilmiş bu cür elmi məclislərin sayını artırmaq lazımdır.
Azərbaycan.- 2011.- 22 aprel.- S. 7.