Faciəli talelər toplusu

 

Azərbaycan 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra bolşeviklər erməni millətçiləri ilə birləşərək xalqımızın nüfuzlu ağsaqqallarını, din xadimlərini, az-çox imkan sahibi olanları, kolxoz-sovxoz quruluşunu istəməyənləri, ziyalıları, müəllim, şair və yazıçıları, sənətinə və yaşına fərq qoymadan üzdə olan adamları qolçomaq, mülkədar, inqilabçı, bir sözlə, Sovet hökumətinin düşməni, millətçi, pantürkist, panislamist və sair adlarla 1938-ci ilin sonlarınadək ya güllələyir, ya da Uzaq Sibirə sürgünə göndərirdilər.

Sovet dönəmində repressiyaya məruz qalan insanlara və ailələrə 1953-cü ildə "ellər atası" Stalinin vəfatından sonra bəraət verilsə də, onlar barədə yazmaq, yüksək tribunalardan onlar haqqında müsbət fikir söyləmək yasaq edilmişdi.

Azərbaycan öz tarixi müstəqilliyinə qovuşandan sonra bağlı qapılar, məxfi qovluqlar açıldıE Əsl həqiqət üzə çıxdı, məqalələr və kitablar yazıldı. Belə nəşrlərdən biri də bu günlərdə işıq üzü görmüş arxiv işçisi Aslan Kənanın gərgin axtarışlarının bəhrəsi olan "XX əsrdə repressiyaya məruz qalanlar" kitabıdır. Kitabda Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış 30-a qədər insanın faciəli ömür yolundan söhbət açılır. Müəllif qələmə aldığı hər bir şəxsin timsalında tarixi həqiqətləri - Sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi antiinsani və antibəşəri əməlləri rəsmi sənədlər və arxiv materiallarının dili ilə oxuculara çatdırır.

"Azərnəşr"də nəfis tərtibatla buraxılmış kitabın redaktoru və ön sözün müəllifi dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadədir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 22 aprel.- S. 7.