Qlobal kataklizmlərin
qarşısını almaq üçün Yeri və
Göyü qorumalıyıq
Ümumdünya Yer Kürəsi Gününün əsasını Corc Sterlinq Mortan adlı bir təbiətsevər qoyub. 1872-ci ildə ABŞ-ın Nebraska ştatında keçirilən toplantılardan birində o, təklif edib ki, hər ilin bir günü ətraf ərazinin yaşıllaşmasına, ağac əkilməsinə, torpağa xidmətə, torpaqla ünsiyyətə həsr edilsin.
Bu təşəbbüs birmənalı qarşılanır və aksiyanın gerçəkləşdiyi gün ağacəkmə mövsümünə düşdüyündən gün ərzində bir milyona yaxın ting əkilir, suvarılır. Keçirilən tədbir insanları çox razı salır. Ona görə də hər il aprelin 22-də Nebraskada insanlar bir yerə toplaşır, birlikdə ağac əkir, yaşıllıq salır, ətrafı tullantılardan təmizləyirlər. Bu mərasim həm də şən əhvali-ruhiyyədə keçirilir və uzun illərdir Nebraskada "Ağac günü" rəsmi bayram kimi qeyd edilir. Məqsəd insanları təbiəti qorumağa və sevməyə səsləmək, ağac əkmək, təmizliyə riayət etməkdir: "Ayağımızı basdığımız torpağı təmiz saxlayaq, Yer kürəsini qoruyaq".
Hər il bu bayramın miqyası genişlənir, qonşu ştatlar və ölkələr də 22 aprel tarixini qeyri-iş günü elan edərək birlikdə ağac əkir, park salır, təmizliklə məşğul olur, şənlənirlər.
1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, ilkin formada qorunub saxlanması, planetin təbii ehtiyatlarının tükənməsi və sair sahələri əhatə etməsi ilə əlaqədar "Ağac günü" "Ümumdünya Yer Kürəsi Günü" adı ilə əvəz olunur. Həmin gün sonralar beynəlxalq status alır və dünyanın 170 ölkəsi Yer Kürəsi Gününü bayram kimi qeyd edir.
Yer günü 1999-cu ildən Azərbaycanda da qeyd olunur. Həmin gün müxtəlif ekoloji tədbirlər keçirilir, ağac əkilir, suvarılır, yaşıllıqlara qulluq edilir, insanlar yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir və maarifləndirici aksiyalar keçirilir, qoruq və parklarda maarifləndirici stendlər quraşdırılır. Məktəblilər və gənclər bu tədbirlərə xüsusilə cəlb olunurlar. Lakin təəssüflə demək olar ki, son illər dünyada bu istiqamətdə keçirilən tədbirlər, yerin "gərginləşməsi" ilə bağlı dövlətlərin narahatlıqları, müxtəlif qərarların qəbul edilməsi planetimizə göylərdən gələn təhlükələrin qarşısını ala bilmir. Bu təhlükə isə Yerə dağıdıcı zərbə vurur, zəlzələlər baş verir, torpaq aralanır, vulkanlar püskürür, şimal qütbündəki buzlar əriyib suya çevrilir.
Uzun illərdən bəri təbiətə laqeydlik, istixana effektli qazların çoxalması, Günəşi "qəzəbləndirmiş" ultrabənövşəyi şüalar iqlim dəyişkənliyinə səbəb olmuş, Yer üzündə həyatın qarantı olan ozon təbəqəsini zədələmişdir.
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kurəsini Günəşin məhvedici radiasiyasından qoruyur və necə deyərlər, planetimizin təhlükəsizliyinin keşiyində dayanır. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması son illər dünyanın birinci dərəcəli problemi olsa da, təəssüf ki, bu məsələ təbəqənin zədələnməsindən sonra yada düşüb. 1994-cü ildə ozon təbəqəsini dağıdan maddələrə dair Monreal protokolu imzalandı. Protokolda təbəqənin qorunması ilə bağlı Vyana Konvensiyasında əks olunan və 42 dağıdıcı xüsusiyyət daşıyan maddələrin, o cümlədən ozondağıdıcı xassəyə malik xloroflürokarbon və CFC maddələrinin istehsalının qadağan edilməsi haqqında birgə bəyannamə imzalandı. Həmin il konvensiyaya 173 dövlət qoşuldu. Alimlər isə həyəcanla təbəqənin getdikcə nazildiyini deyirlər. Bu isə təkcə istilik yaratmır, kəskin soyuqlara səbəb olur, getdikcə fəsillərin yeri dəyişir.
Göylərin qəzəbinə gəlmiş Yeri qorumaq üçün on ildən çoxdur ki, hər il dünyanın inkişaf etmiş dövlətləri bir yerə toplaşaraq iqlim dəyişikliyi ilə mübarizə proqramları hazırlayır, bəyanatlar qəbul edir, layihələr həyata keçirirlər. Mütəxəssislərin fikrincə, əgər zədələnmiş ozon qatı bu vəziyyətdə qalarsa və Yer kürəsində dağıdıcılığın qarşısı alınmazsa, yaxın illərdə təbiətdəki bir çox bitki və heyvan növlərinin nəsli kəsiləcək. Şimal qütbü buz təbəqəsindən məhrum olacaq. Qrenlandiya buzlarının əriməsi məlumdur. Bu isə dünyanın böyük bir təbəqəsinin su altında qalması deməkdir.
Getdikcə artan təsirlərin ən böyük səbəbkarı insandır. Tədqiqatçı U.Bill deyir ki, insan yerə də, göyə də zülm edir. Başqa qitələrdə isə qlobal soyuq baş verir, yəni havalar getdikcə soyuyur. Hindistandan Çinədək Yer üzü qara bürünür. Beynəlxalq tədqiqatçılar buz dövrü yaşanacağından belə qorxuya düşüblər. Buna da səbəb Yer kürəsi oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Nəticədə ekvadorda istilik daha az hiss olunur. 2004-cü ildə Afrika qitəsinə güclü qar yağması buna xəbərdarlıqdır. Bu cür kataklizmlər nəticəsində Atlantik və Sakit okeanlarını birləşdirən Panama boğazı yox olmuşdu. Bu təhlükənin Yer kürəsi üçün nə demək olduğunu bilən alimlər ozon qatının məhvinə səbəb olan maddələrin əvəzinə hidroflürokarbon və ya HFC-nin istifadəsi və bu zərərsiz maddələrin köpüklərdə, soyuducularda, kondisionerlərdə istifadəsini təklif edirlər: "Onların istifadə olunması 2050-ci ilədək iqlim dəyişikliyinə çox böyük töhfə verə bilər, bunun köməyi ilə də parnik qazlarının, karbon qazının və mədən yanacaqlarından əmələ gələn metan qazlarının təsirini azaltmaq mümkün olar".
Yer kürəsini məhvərindən çıxaran amillərdən biri də biomüxtəlifliyin sürətlə azalmasıdır. Planetin canlı növləri, yaşayış mühitləri insanların sağlamlığının və rifahının əsasını formalaşdırır. Lakin bu qiymətli irs qorunub saxlana bilmir, Yer üzündəki, dəniz və okeanlardaki canlı növlərin müxtəlifliyi görünməmiş dərəcədə tükənir. Təbii ehtiyatlar, içməli su, yeraltı və yerüstü nemətlər azalır. Beynəlxalq ekspertlər bu qənaətə gəliblər ki, indi ağac əkmək də dərdə əlac etmir. Yer planetində qlobal kataklizimlər baş alıb gedir. Hər il Azərbaycanın işğal altında olan ərazilərində meşələr və yaşıllıqlar, min hektarlarla ərazi ermənilər tərəfindən yandırılaraq külə döndərilir. Bu da Cənubi Qafqazda biomüxtəlifliyin məhv olması, təbii ehtiyatların tükənməsi ilə nəticələnir.
Yerin bağrının çatlamasında, olanlara tab gətirməyib məhvərindən çıxmasında insanları qınayanlar haqlı olsalar da, günahkarları göstərməli, onları bundan çəkinməyə səsləməlidirlər. Yerin ayağımızın altından qaçmaması üçün Göylərə zülm etməməli, üstündə gəzdiyimiz torpağın bağrını çatlatmamalıyıq. Torpağı yaradanın xatirinə!
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.- 22 aprel.- S. 7.