Azərbaycan Prezidenti İlham Əliyev
müxtəlif sahələrdə uğurlar qazanmış bir
qrup gənci və tələbə gənclər təşkilatlarının
nümayəndələrini qəbul etmişdir
Xəbər verdiyimiz kimi, aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mənim tərəfimdən "Azərbaycan gəncliyi Dövlət Proqramı" haqqında sərəncam imzalanmışdır. Sərəncamda Prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramı hazırlansın, daha doğrusu, onun layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın layihəsinin hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır və o, fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək. Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm, proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın.
Ümumiyyətlə, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
Ölkəmizin əhalisi də artır, bu, çox müsbət haldır. Keçən il 9 milyonuncu vətəndaş dünyaya gəlibdir. Bu, bizi Cənubi Qafqaz məkanında digər ölkələrdən fərqləndirir və əhalimiz nə qədər artsa, bizim potensialımız da bir o qədər artacaqdır. Ancaq əhalinin artması, əlbəttə ki, işçi qüvvəsinin də artmasına gətirib çıxarır və biz buna hazır olmalıyıq. Hazırda ölkədə aparılan iqtisadi islahatlar və siyasi islahatlar yeni iş yerlərinin açılmasına gətirib çıxarır və biz artan maliyyə imkanlarımızı da bu məqsədlərə yönəldirik. Biz böyük nailiyyətlərə çatmışıq, ancaq işsizliyin aradan qaldırılması üçün daha da fəal olmalıyıq. Ümid edirəm ki, bu proqramda gənclərin işlə təmin olunması məsələləri öz konkret həllini tapacaqdır.
Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir.
Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran insanlar bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər, sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə rəhbərlik edirlər. Yəni bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var. Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin filiallarında xaricilərin sayı kifayət qədər çoxdur. Biz bunu alqışlayırıq, çünki indi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və açıq ölkədir, investisiyalar üçün açıqdır və biz bütün müsbət meyillərə xoş münasibət göstəririk. Ancaq əlbəttə, çox istərdik ki, yeni müəssisələrdə, xüsusilə xidmət sektorunda, turizm sektorunda, İKT sektorunda yerli kadrlar üstünlük təşkil etsinlər.
Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, eyni zamanda, Bakı şəhərində böyük müəssisələrin açılışlarında iştirak edirəm və görürəm ki, bir çox hallarda onlara başçılıq edən insanlar xarici vətəndaşlardır. Mən yenə də deyirəm ki, Azərbaycanın bu sahədəki siyasəti çox açıqdır və biz xarici menecerlərin Azərbaycana cəlb olunmasını alqışlayırıq. Onların buradakı fəaliyyəti və ümumiyyətlə, ölkəmizə xarici investisiyaların cəlb olunması müsbət rol oynayıbdır və oynayır. Ancaq əlbəttə, mən çox istərdim ki, bax bu mühüm vəzifələrdə yerli kadrlar işləsinlər. Xüsusilə nəzərə alsaq ki, yenə də deyirəm, ölkəmizin bugünkü iqtisadi inkişafı və gələcək planlarımız bunu tələb edir. Çünki burada ən müasir, qabaqcıl texnologiyalar tətbiq olunmalıdır.
Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu proqramda peşə hazırlığına xüsusi diqqət göstərilməlidir. Texniki peşə təhsilinin təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. Çünki hazırda bizə daha çox bu kateqoriya peşəkarlar lazımdır və bütövlükdə təhsillə bağlı məsələləri daha da uğurla həll etməliyik. Bu sahədə də işlər görülür. Həm orta təhsildə, həm ali təhsildə irəliyə doğru addımlar atılır. Ancaq hələ ki, bu məsələlər istədiyimiz səviyyədə deyil və məhz buna görə Dövlət Neft Fondunun xətti ilə gənclərin xaricdə təhsil alması üçün vəsait ayrılır. Əgər bizdə təhsil istədiyimiz səviyyədə olsaydı, yəqin ki, buna ehtiyac olmazdı. Ancaq biz hər iki istiqamətdə çox fəal iş aparmalıyıq. İlk növbədə, Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır və hesab edirəm ki, proqramda bu məsələlər də öz həllini tapmalıdır, baxmayaraq ki, bu, təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi, ilk növbədə, gənclərə bağlıdır və xaricdə gənclərimizin təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin gələcək inkişaf perspektivlərini yaxşı bilirik və iqtisadiyyatımızın inkişaf istiqamətlərini bilirik. Ona görə də kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Yenə də deyirəm, bu proqramda gənclərin bütün problemləri əks olunmalıdır. Fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir və indi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir, onların fəaliyyəti üçün bütün tədbirlər görülür. Biz burada iki məqsəd güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ, əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün peşəkar idmançılar da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi doğurur və fəxr edirik ki, idmançılarımız, bizim yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Fiziki sağlamlıqla bağlı məsələlər deyə bilərəm ki, həllini tapmaqdadır. Yəqin ki, əlavə hansısa məsələlər də proqrama daxil edilməlidir. Hərbi hazırlıqla bağlı proqramda mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, diplomatik danışıqlara da müsbət təsir göstərir. Biz artıq bunun şahidiyik.
Mənim proqramla bağlı fikirlərim demək olar ki, bundan ibarətdir. Mən yenə də hesab edirəm ki, istiqamətlər düzgün seçilməlidir. Ən önəmlisi, proqramda konkret tədbirlər planı da əksini tapmalıdır ki, bu, konkret proqram olsun. Bir də demək istəyirəm ki, Azərbaycanda son illər ərzində qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Heç biri şüar naminə qəbul edilməyib. Məhz buna görə bu proqramların icrası da təmin edilir. Regional inkişaf proqramı 2004-cü ildən bugünə qədər icra edilibdir və çox gözəl nəticələr vardır. İndi digər proqramlar, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. O cümlədən bu proqramın konkret olması çox vacibdir. Bu proqramda nəzərdə tutulmuş bütün vəzifələr real olmalıdır ki, bütün məsələlər öz həllini tapsın.
Nəzərə alsaq ki, proqram 2011-2015-ci illəri əhatə edəcək, çox yığcam və konkret bir proqram olmalıdır. O demək deyildir ki, 2015-ci ildən sonra bu məsələ kənarda qalacaqdır. Əlbəttə ki, yox. Ancaq daha da real vəzifələri müəyyən etmək və həll etmək üçün hesab edirəm ki, bu, ən optimal müddətdir. Ümid edirəm ki, siz də öz fikirlərinizi bildirəcəksiniz, həm bu gün, həm proqramın hazırlanması ilə bağlı fəal iştirak edəcəksiniz.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq üzrə ikinci kurs tələbəsi, test imtahanlarında 700 ballıq maksimum nəticə əldə etmiş, Prezident təqaüdçüsü Fəridə MUSAYEVA gənclərlə belə bir görüşün keçirilməsinə və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
- Bugünkü görüş hər bir gənc üçün çox əhəmiyyətlidir. Bizim məktəbin girişində məktəbimizin məzunu olan ümummilli lider Heydər Əliyevin şəkli var idi. Mən hər dəfə məktəbə daxil olanda, o şəklin qarşısında ayaq saxlayıb arzulayırdım ki, nə vaxtsa mənim də Prezidentlə görüşüm olar. Təbii ki, Prezidentlə görüşmək hər bir gəncə nəsib olmur. Mən buna layiq olmaq üçün öz üzərimdə daha çox işləyirdim, daha çox çalışırdım. Bu, bir növ mənə stimul verirdi. Bunun üçün Sizə təşəkkür edirəm.
Ölkədə gedən sürətli iqtisadi inkişaf və yeni iş yerlərinin açılması məsələsinə toxunan Azərbaycan Tibb Universitetinin altıncı kurs tələbəsi Hikmət İSMAYILOV Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirərək dedi:
- Cənab Prezident, əmək bazarında olan imkanla texniki peşə sahəsində verilən təhsili müqayisə etdikdə, müəyyən uyğunsuzluqlar nəzərə çarpmaqdadır. Peşə məktəblərində verilən təhsil heç də müasir dövrün tələblərinə bir o qədər uyğun gəlmir. Deyə bilərəm ki, Azərbaycanda bir çox texniki peşə məktəbləri artıq köhnəlmişdir. Çünki artıq onlar illərdir yeni avadanlıqlar və cihazlarla təmin edilməyibdir. Bu öz növbəsində təbii ki, gənclərimizin müasir peşələrə uyğunlaşmasına mənfi təsirini göstərməkdədir. Hətta müəyyən xırda peşələr vardır ki, biz həmin işləri icra etmək üçün xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində qalırıq.
Fikrimi xırda bir misalla ifadə edərək əsaslandırmaq istərdim. 2011-ci ili ölkəmizdə "Turizm ili" elan etmisiniz və yeni tikilən beşulduzlu çox görkəmli hotellər, idman və istirahət mərkəzləri, həmçinin təmir olunan və yenidən qurulan tarixi mədəniyyət abidələrimiz, eyni zamanda, müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizə böyük turist axınına səbəb olmuşdur. Düşünürəm ki, texniki peşə təhsilin təkmilləşdirilməsi turistlərə ən gözəl, ən yüksək səviyyədə xidmət göstərməyimizdə bizə müsbət mənada kömək edəcəkdir. Dəyərli vaxtınızı çox almaq istəmirəm. Sizdən rica edirəm ki, bu istiqamətdə müasir təcrübələrin tətbiqinə kömək edəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun, buna doğrudan da, böyük ehtiyac vardır. Mən də çıxışımda bunu qeyd etdim. Xüsusilə turizm sahəsində, bilirsiniz, indi ölkəmizdə bu sahəyə çox böyük diqqət göstərilir. Doğrudan da, biz ölkə iqtisadiyyatının neft, qaz amilindən asılılığını gərək, kəskin şəkildə azaldaq. Əgər fikir vermisinizsə, son zamanlar ümumiyyətlə, neft-qaz sektorunda görülən işlər haqqında o qədər də çox söhbət aparılmır. Çünki bu sahədə hər şey yaxşıdır. Ondan başqa mən çox istəyirəm ki, Azərbaycanı dünyada neft hasil edən ölkə kimi deyil, müasir, yüksək intellektual potensiala malik olan ölkə kimi tanısınlar.
Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün konkret addımlar atılır. Turizmin inkişafı burada xüsusi əhəmiyyət daşıyır. Çünki xoşbəxtliyimiz ondadır ki, bizim çox gözəl ölkəmiz vardır. Bəlkə dünya xəritəsində çox nadir hallarda belə gözəl, təbii imkanlara malik ölkəyə rast gəlmək olar.
Bizim doqquz iqlim qurşağımız, gözəl dənizimiz, dağlarımız, çaylarımız, bulaqlarımız vardır. Ona görə turizmin inkişafında, xüsusilə coğrafi vəziyyətimizi və Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş, təhlükəsizlik - bütün bu amillər turistlərin cəlb olunmasında xüsusi rol oynayır.
Hazırda
Bakıda beşulduzlu mehmanxanalar tikilir. Özü də
bu mehmanxanalar brendlərdir. Orada əlbəttə
ki, xidmət səviyyəsi çox yüksək
olmalıdır. Mən fikirləşirəm ki, həmin
mehmanxanalar bu il və gələn il
açılacaqdır. Biz bu qədər
kadrı haradan tapıb işə götürəcəyik.
Yenə də deyirəm ki, xarici mütəxəssislər,
xarici xidmətçilər gələcəklər. Ona görə tapşırıq verilibdir ki, təkcə
Bakıda deyil, bölgələrdə də turizm sahəsi
üzrə peşə məktəblərinin sayı
artırılsın. Çünki
mehmanxanaların bir neçəsi bölgələrdə yerləşir.
Bizim indi xizək kurortumuz da yaradılır.
Hesab edirəm
ki, bu da ölkəmiz üçün tarixi bir hadisədir. Hesab edirəm
ki, bu ilin sonuna qədər artıq vətəndaşlarımız
bu gözəl imkandan istifadə edəcəklər. O ki
qaldı bütövlükdə peşə məktəblərinin
fəaliyyətinə, əvvəlki illərdə bu sahəyə
lazımi diqqət göstərilməmişdir. Çünki yəqin ki, qarşıda bundan da ciddi
problemlər dayanmışdı. Qəzalı
məktəblərin təmiri, məktəblərin tikintisi -
vəsait daha çox bu istiqamətə gedirdi. Bunun nəticəsində 2000-dən artıq yeni məktəb
tikilmişdir. Məktəblərdə
kompüterləşmə prosesi sürətlə gedir.
Mən hesab edirəm ki, biz
bir neçə il ərzində inqilabi dəyişiklik
edə bilmişik. Çünki biz bu proqrama başlayanda hər
1000 şagirdə
1 kompüter
düşürdüsə, indi hər 20-30 şagirdə 1
kompüter düşür. Yəni, əvvəlki
dövrdə mən bölgələrdə olarkən
maraqlanırdım ki, kompüter sinfi, kompüterlər var,
yoxsa yox?! Bəzi hallarda kompüterləri
mənə göstərmək üçün
quraşdırırdılar. Amma
yaxınlaşanda görürdüm ki, onlar işləmir.
Ancaq hazırda hər bir məktəbdə, hər
bir rayonda, yəni yeni tikilmiş məktəblərdə
kompüter sinifləri vardır. Ona görə
indiki mərhələdə peşə məktəblərinin
fəaliyyətinə xüsusi diqqət göstərilməlidir.
Təhsil Nazirliyinə konkret
tapşırıqlar verilmişdir. Hesab
edirəm ki, gənclərlə bağlı proqramda da bu məsələ
öz əksini tapmalıdır.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dördüncü kurs tələbəsi
Alyona BANDURİNA akademiyanın müəllim və tələbələri
adından bu təhsil ocağında aparılmış təmir
və yenidənqurma işlərinə görə dövlət
başçısına minnətdarlıq edərək
bildirdi:
- Buraxılış kursunda
olan bir tələbə kimi, məni həllini tapmayan bir məsələ
narahat edir. Bu, gənc rəssamların ölkə
mədəniyyətinin inkişafına xüsusi xidmət
göstərmələri üçün emalatxanaların
çatmamasıdır. Bu, Dövlət
Proqramının olmamasının nəticəsidir. Bir məsələ də vardır ki, mən təklif
irəli sürmək istərdim. Bu, mədəniyyət,
elm, intellektual oyunlarda və digər sahələrdə fəaliyyət
göstərən istedadlı gənclərə Azərbaycan
Respublikası Prezidentinin illik təqaüdünün təsis
edilməsidir. Bu təqaüdün təsis edilməsi hər
il bütün sahələrdə yüksək
nailiyyətləri ilə fərqlənən gənclərin
seçilməsinə və həmçinin gənclərin
daha yüksək nailiyyətlər əldə etməsi
üçün əsas məqsədə çevriləcəkdir.
Cənab Prezident, Azərbaycanda və ya onun
hüdudlarından kənarda "Azərbaycançılıq"
sözünü söylədikdə müəyyən fərqli
təəssüratlar yaranır. Biz bilmək istəyərdik
ki, bu söz Sizin üçün Azərbaycançılıq
məfhumu kimi hansı təəssürat yaradır?
Prezident İlham ƏLİYEV: Sağ olun. İlk növbədə Azərbaycan dilində belə gözəl danışdığınıza görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Çünki bilirsiniz ki, ölkəmizdə bu barədə heç bir məhdudiyyət yoxdur. Rus dilində də danışa bilərsiniz, biz də rusca danışa bilərik. Hesab edirəm ki, Azərbaycan bu məsələlərlə də bağlı dünyada fərqlənir. Amma sizin Azərbaycan dilində belə yaxşı danışmağınız əlbəttə ki, çox müsbət haldır. Sizin qaldırdığınız məsələlərlə - emalatxanalarla bağlı müvafiq tapşırıqlar verilmişdir. Xüsusi bir yer seçilsin, orada ümumiyyətlə, rəssamlar, heykəltəraşlar üçün şərait yaradılsın ki, onlar burada işləyə bilsinlər. Bu məsələ ilə bağlı mən lazımi tapşırıqları verəcəyəm. Rəssamlıq Akademiyası binasının tikintisi davam edir. Bu binanı biz daha da böyüdəcəyik, gözəl memarlıq abidəsidir, eyni zamanda, orada bütün şərait də yaradılacaqdır. Təqaüdlərə gəldikdə, mən bu təşəbbüsü alqışlayıram. Hesab edirəm ki, proqramda bu məsələ öz həllini tapmalıdır. Xüsusilə istedadlı gənclər üçün təqaüdlər verilməlidir. Biz hazırda daha çox ölkə həyatında uzun illərdir ki, fəal rol oynamış, böyük töhfələr vermiş yaşlı nəslə bu təqaüdləri veririk. Hesab edirəm ki, gənclərə də bu təqaüdlərin verilməsi ədalətli olar. O ki qaldı Azərbaycançılıq ideologiyasına, Azərbaycançılıq məfkurəsinə, bu barədə ulu öndər Heydər Əliyev dəfələrlə öz fikirlərini bildirmişdir. Məhz onun təşəbbüsü ilə Azərbaycançılıq məfkurəsi Azərbaycanda güclənmişdir.
Bildiyiniz kimi, ondan əvvəlki dövrdə müxtəlif fikirlər, müxtəlif yanaşmalar var idi. Ancaq bu, ölkəmizi gələcəyə aparan yoldur. Çünki bu, ölkəmizi birləşdirən, ölkəmizdə yaşayan bütün xalqların, bütün millətlərin nümayəndələrini birləşdirən məfkurədir və məhz Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası Azərbaycanda oturuşdu və bu gün bizim dövlət və milli ideologiyamızdır.
Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və bu, sadəcə olaraq, xoş sözlər deyil, reallıqdır. Bu, bizim keçmişimizi də əks etdirir və ən önəmlisi, müstəqil ölkə kimi Azərbaycanın inkişaf dövründə bu prinsiplərə həmişə çox böyük diqqət yetirilmişdir. Təsadüfi deyil ki, dünya birliyi, dünya ictimaiyyəti artıq bunu anlamağa başlayır və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləyir.
Biz müstəqil ölkə kimi cəmi 20 ildir yaşayırıq. 20 il həm qısa bir tarixi dövrdür, eyni zamanda, 20 il ərzində çox iş görmək olar. Mən hesab edirəm ki, 20 il ərzində Azərbaycanın dövlətçiliyi tam bərqərar olmuşdur. Biz müstəqil ölkə kimi öz taleyimizi özümüz müəyyən edirik və bütün məsələlərlə bağlı, bütün istiqamətlər üzrə bizim dövlətimizin çox dəqiq mövqeyi vardır.
İlk növbədə, ölkə daxilində gedən proseslərlə bağlı və ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz güclü dövlət qururuq. Müasir dövlət, eyni zamanda, güclü milli dəyərlərə söykənən dövlət qururuq. Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə də hörmətlə yanaşırıq. Ancaq bizim öz dəyərlərimiz var. Bu, bizim ənənələrimizdir, tariximizdir, bizim mədəniyyətimizdir, dilimizdir. Biz haqlı olaraq fəxr edirik ki, biz müstəqil ölkə kimi öz taleyimizi özümüz müəyyən edirik. Azərbaycanda tarixi keçmişə, mədəniyyətimizə, milli köklərimizə qayğıkeş münasibətə söykənən müasir dövlət quruculuğu prosesi gedir və elə etməliyik, dövlətçiliyimizin əsasları sarsılmaz olsun. Çünki Azərbaycanın həm coğrafi vəziyyəti, həm geosiyasi əhəmiyyəti, həm də zəngin təbii resurslarımız və bölgədə artan təsir imkanlarımız, əlbəttə ki, bütün diqqətləri Azərbaycana yönəldir. Ölkəmizi, əgər belə demək mümkünsə, öz tərəfinə çəkmək cəhdləri hələ ki səngimir. Baxmayaraq ki, biz bu cəhdlərə qarşı ardıcıl mübarizə aparır və sübut etməyə çalışırıq və hesab edirəm, müvəffəq olmuşuq ki, Azərbaycanın öz siyasəti var, öz məqsədləri var.
Biz
bütün ölkələrlə xoş münasibətlər
qurmaq əzmindəyik və qururuq. Biz əsrlər boyu
müstəmləkə, yaxud da ki, yarımmüstəmləkə
vəziyyətində yaşamışıq. Baxmayaraq
ki, zəngin tarixə, böyük mədəniyyətə
malikik, lakin müstəqil xalq kimi yaşamamışıq.
İndi isə bizim üçün fürsət və
bütün imkanlar var ki, - güclü iqtisadiyyat,
formalaşan siyasi sistem, cəmiyyətdə ölkəmizin
inkişafı ilə bağlı prinsipial məsələlərdə
fikir ayrılığının olmaması, maliyyə
resurslarımız, təbii resurslarımız, coğrafi vəziyyətimiz,
- Azərbaycan, sözün əsl mənasında, uğurla
inkişaf etsin.
Biz tam şəkildə
müstəqil siyasət aparırıq və yenə də
deyirəm, bizim siyasətimiz xoşniyyətlidir. Biz istəyirik
ki, qarşılıqlı hörmət əsasında,
bir-birinin işinə qarışmamaq şərtilə
bütün ölkələrlə münasibətlərimizi
gücləndirək. Buna nail olmaq üçün, əlbəttə
ki, təkcə enerji, yaxud da maliyyə resursları kifayət
etmir. Buna nail olmaq üçün cəmiyyətdə
dövlətçiliyə bağlılıq daha da
güclü olmalıdır. Gənc dövlət
üçün dövlət atributlarına hörmət,
bizim dövlətçilik prinsiplərimizə sədaqət,
gənclərin vətənpərvərlik ruhunda tərbiyə
alması xüsusi məna daşıyır.
Biz hələ ki, gənc
müstəqil dövlətik, baxmayaraq, mən hesab edirəm
ki, biz artıq keçid dövrünü başa vurmuşuq.
İqtisadi göstəricilər və reallıq da bunu
göstərir. Ona görə gələcək uğurlu həyatımızı
təmin etmək üçün mütləq dövlət
ideologiyası güclü olmalıdır və bu ideologiya azərbaycançılıq
ideologiyasıdır. Mən çox şadam ki, siz bu sualı
verdiniz. Hesab edirəm ki, bunlar vacib məsələlərdir və
biz bu məsələləri daim diqqət mərkəzində
saxlamalıyıq, proqramda bu məsələlər də nəzərdə
tutulmalıdır.
Xəzər Mühəndisləri
Cəmiyyətinin sədri, Britaniya Materiallar İnstitutunun
üzvü, kimya elmləri namizədi Rüfət ƏZİZOV
ölkəmizdə elmi-texnoloji inkişafla və peşəkar
kadrların hazırlanması ilə bağlı təkliflərini
söylədi:
- Hazırda neft sənayesindəki
inkişaf və digər sənaye sektorlarının
inkişaf etdirilməsi və ən əsası, gələcəkdə
Azərbaycanın neft ixrac edən ölkədən bilik və
texnologiyalar ixrac edən ölkəyə və yaxud da bilik və
texnologiyalar mərkəzinə çevrilməsi
üçün bizə, həqiqətən də, müasir
biliklərə, təcrübələrə yiyələnmiş
kadrlara, texniki sahələrdə kadrlara böyük ehtiyac
vardır. Əgər biz Qərbin təcrübəsinə
baxsaq, orada sənaye, təhsil və elm
üçbucağı yaradılmışdır, onlar inteqrə
olunmuş şəkildə birgə inkişaf edir və
bir-birinin tələblərini ödəyir. Bizdə də ilk
olaraq bu yola çıxmaq lazımdır. Bunun
üçün də ən münasib yol, - bu, Qərbdə
də geniş yayılmışdır, - elmi-texniki sahələrdə
peşəkar təşkilatların təsis olunması və
artıq fəaliyyət göstərən təşkilatların
dəstəklənməsidir.
Qloballaşan dünyada
təhsil, sənaye texnologiyaları çox sürətlə
inkişaf edir və bu sürətə çatmaq
üçün, müasir dünya elminə inteqrasiya olunmaq
üçün, əlbəttə ki, Azərbaycanın ilk
növbədə daim, davamlı olaraq yeniləşən, yeni
texnologiyalarla, yeni bilgilərlə, təcrübələrlə
zənginləşən təhsil sisteminə ehtiyacı
vardır.
Təhsil sistemində
yeniliklər dedikdə, kurikulumlardan başlayaraq laboratoriya
avadanlıqları ilə təchizat, prosedurlar, dərs
metodikaları, müəllim-tələbə münasibətlərinin
yenilənməsi kimi məsələlərə kompleks şəkildə
baxılmalıdır.
Hesab edirəm ki, xaricdə
təhsil alıb gəlmiş gənclərimizin birbaşa bu
işlərə cəlb olunması, onların xaricdə
gördükləri təcrübəni təhsilə və
böyük sənaye müəssisələrimizə gətirməsi
bu sahədə böyük imkanlar yarada bilər.
Digər tərəfdən,
gələcəkdə Azərbaycanın texnologiyalar ixrac edən
ölkəyə çevrilməsi üçün biz
qloballaşan elmi dünya ilə ayaqlaşmalıyıq. Gələcəkdə
özümüz texnologiyalar ixrac etmək istəyiriksə, nəinki
həmin o qlobal elmə çatmalı, hətta onu
ötüb keçməliyik. Bunun üçün də bizə
yenə də müasir kadrlar lazımdır. Bütün bu
prosesləri uzunmüddətli etmək üçün isə
Azərbaycanda məktəb yaşlarından başlayaraq,
elmi-texniki sahələrdə yaradıcı gənclərin
ortaya çıxarılması əsas məqsədlərimizdən
biri olmalıdır.
Son illərdə idman və
mədəniyyət sahələrində çox geniş
inkişaf vardır. Bu sahələrdə olan gənclər
müxtəlif layihələr vasitəsilə ortaya
çıxırlar. Lakin təəssüf ki, elmi-texniki sahələrdə
hələ ki, az iş görülübdür. İdman
yarışında qalib gəlmiş gənc ilə elm
olimpiadasında, elm yarışında qalib gəlmiş gənc
arasında, yəni fərq olmamalıdır, hər ikisinə
yüksək səviyyədə qiymət verilməlidir.
Bütün bu məsələlərdən
irəli gələrək iki təklif vermək istərdim:
peşəkar mühəndislik və elmi-texniki təşkilatların
inkişafına dövlət dəstəyi; həmin sahələrin
inkişafı üçün Azərbaycan Respublikası
Prezidentinin illik mükafatlarının təsis olunması.
Hesab edirəm, bunlar bir qədər yüksək səviyyəli
mükafatlar olmalıdır ki, gəncləri elmi-texniki
axtarışlara istiqamətləndirsin.
Təşəkkür
edirəm.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Mən hesab edirəm ki, sizin fikirləriniz bu
proqramda öz əksini tapmalıdır. Sirr deyil ki, hər bir
ölkənin inkişafını müəyyən edən
enerji resursları deyil, intellektual potensialdır. Bizim məqsədimiz
gələcəkdə, sözün əsl mənasında,
inkişaf etmiş ölkələrin sırasına daxil
olmaqdır. Hesab edirəm ki, son illərdə Azərbaycanda sənayenin
inkişafına, elmin inkişafına göstərilən dəstək,
yaxın gələcəkdə öz gözəl nəticələrini
verəcəkdir. Ölkəmizdə hazırda sənaye mərkəzləri
formalaşmaqdadır.
Bu barədə mən
bir müddət bundan əvvəl öz fikirlərimi
bildirmişəm. Hesab edirəm ki, əsas üç mərkəz
yaradılmalıdır. Biri Sumqayıt. Biz Sumqayıtı
müasir sənaye mərkəzinə çevirməliyik. Gəncə
şəhəri və Bakının Qaradağ rayonu.
Çünki orada həm ərazi, həm də infrastruktur
baxımından kifayət qədər yaxşı imkanlar
vardır. Bu sənaye mərkəzləri, eyni zamanda, elmin
inkişafı ilə də bağlı olmalıdır.
Elmimiz daha da sürətlə inkişaf etməlidir və
ölkə qarşısında duran vəzifələrin həllinə
kömək göstərməlidir. Misal üçün,
Sumqayıtda böyük texnopark yaradılır. Artıq 10-a
yaxın müasir müəssisə
yaradılmışdır. Mən göstəriş vermişəm
ki, o texnoparkın nəzdində texniki peşə məktəbləri
də fəaliyyətə başlasın ki, kadr
hazırlığı prosesi istehsalla uzlaşsın.
Yaradıcı gənclərin
dəstəklənməsi məsələləri də
xüsusi diqqətə layiqdir. Mükafatlarla bağlı məsələni
də biz proqramda nəzərdə tuta bilərik. Hesab edirəm
ki, cəmiyyətdə də elm sahəsində, idman sahəsində
uğurlar qazanmış gənclərə eyni münasibət
olmalıdır. Ancaq dünyada gedən proseslər də
müəyyən qədər bu fərqli yanaşmanı
şərtləndirir. Çünki hər hansı bir
dünya çempionatında medal qazanmış insan dərhal
dünyada məşhur olur. Bəzi idman növlərində
uğur qazanmış insanlar dərhal zənginləşir,
varlanır, amma istedadlı alim öz kitablarının
hesabına dolanmağa məcburdur. Yəni bu, dünya
reallıqlarıdır. Ancaq biz
çalışmalıyıq ki, müəyyən dərəcədə
bu ayrı-seçkiliyi aradan qaldıraq. Hesab edirəm ki,
ölkə daxilində bu məsələlərin ədalətli
həlli üçün imkanlar vardır. Mükafatlar
hesabına, ola bilsin ki, gənclər fondu yaradılsın -
daha doğrusu, hesab edirəm ki, yaradılmalıdır, -
dövlət büdcəsindən ora vəsait ayrılsın
və gənclər özləri müəyyən etsinlər,
bu vəsait hansı istiqamətlər üzrə xərclənməlidir.
Bu, həm mükafatlandırmaya da yönəldilməlidir.
Eyni zamanda, gənclərin elmi araşdırmalar aparmaları,
texniki məsələləri həll etmələri
üçün vəsait olmalıdır. Yəni, mən
hesab edirəm ki, biz bu məsələ ilə ciddi məşğul
olacağıq. Demək istəyirəm ki, ölkəmizin
uğurlu inkişafı diktə edir ki, biz elmi-texniki tərəqqiyə
daha da böyük diqqət göstərək. Bu istiqamətdə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
xüsusi əhəmiyyət daşıyır. Çünki
bu sahə həm intellektual potensialın güclənməsinə
xidmət göstərəcək, eyni zamanda, kommersiya cəhətdən
çox əlverişlidir. Gələcəkdə İKT
sektoru Azərbaycan iqtisadiyyatında daha da təsirli rol
oynayacaqdır. Bildiyiniz kimi, biz kosmik sənayenin yaradılması
ilə məşğul olmağa başlamışıq.
Süni peykin orbitə çıxarılması ilə məşğuluq.
Biz gələcəyə baxırıq. Gələcək də
elmi ixtiraların uğurundan asılı olacaqdır.
Hazırda Azərbaycan
kimi resurslarla zəngin olan ölkələr xaricdən
texnologiyaları alırlar. Bu, ən asan yoldur. Halbuki burada da
siyasət düzgün aparılmalıdır, bizə
lazım olan texnologiyalar alınmalıdır. Ancaq uzun illər
bundan sonra belə davam edə bilməz. Biz texnoloji
inkişafın bir parçası olmalıyıq. Ona görə
hazırda Azərbaycanda İKT sektorunda, hərbi sənaye
sektorunda birgə müəssisələrin yaradılması məsələləri
öz həllini tapır. Bəlkə də bu müəssisələrin
yaradılması daha da çox vaxt və daha da çox vəsait
tələb edir. Xaricdən texnologiyanı, yaxud da
avadanlığı almaq bəlkə də daha da asandır və
bəzi hallarda daha da ucuzdur.
Ancaq biz Azərbaycanda bu
texnoloji proseslərin qurulması ilə ona görə məşğuluq
ki, həm peşəkar kadrlar yetişsin, həm də hər
bir elmi-texniki istiqamətdə atılmış addım, ondan
sonra o sahədə inkişafı şərtləndirir. Necə
ki, vaxtilə neft sektoruna, neft quyularına qoyulan investisiyalar
xidmət sektoruna sərmayə yatırılmasına gətirib
çıxarmasına xidmət edibdir. Bu məsələlər
öz həllini tapmalıdır. Hesab edirəm ki, siz
qaldırdığınız məsələlərlə
bağlı müraciət etməlisiniz və biz bunu proqramda
nəzərə alaq.
"Nə? Harada? Nə
vaxt?" televiziya verilişinin Azərbaycanda rəsmi təmsilçisi
və aparıcısı Balakişi QASIMOV
çıxışında ölkəmizin hər bir rayonunda
olimpiya komplekslərinin, ayrı-ayrı idman mərkəzlərinin
açılmasının idmana dövlət
qayğısının nümunəsi kimi qiymətləndirdi.
Şəhər və kəndlərimizdə intellektual
klubların təşkil olunmasının zəruriliyini
vurğulayaraq dedi:
- Həmin klublarda gənclər
intellektual oyunlar üzrə yarışlar keçirə bilər.
Bu klublar kitab klubları kimi də fəaliyyət göstərə,
hansısa əsərləri müzakirə edə, yəni
bir-birilərinə kitablarla paylaşa və öz asudə
vaxtlarını səmərəli keçirə bilərlər.
Kəndlərarası, rayonlararası, şəhərlərarası
yarışlar keçirmək olar. Ümumrespublika
finalını isə hansısa bir televiziya kanalında
göstərmək olar. Bu da gənclərdə biliyə, elmə,
kitaba maraq yarada bilər. Yəni, belə bir təklif
vardır. Bundan başqa, istəyərdim, belə bir təklif
irəli sürüm ki, bu gün Azərbaycan Televiziyası,
sağ olsunlar, intellektual verilişləri və gənclərdə
milli dəyərləri kifayət qədər təbliğ
edirlər, elmlə bağlı verilişlərə vaxt
ayırırlar. Dövlət tərəfindən kommersiya
televiziyalarına belə bir məsləhət olsa idi ki, onlar
da intellektual verilişlərə müəyyən vaxt
ayırsınlar, milli dəyərləri, kitabı təbliğ
etsinlər, bu gün gənclərə lazım olan dəyərlər
haqqında söhbət açsınlar.
Bir də icazə versəniz,
cənab Prezident, belə bir sualım vardır. Yəqin ki, tək
məni maraqlandırmır. Biz bilirik ki, Sizin iş qrafikiniz
çox sıxdır. Yəni bu, təbii ki, belədir. Ancaq
belə bir sual var ki, boş vaxtınız olanda hansı
kanalları izləyirsiniz, hansı qəzetləri,
jurnalları oxuyursunuz?
Prezident İlham ƏLİYEV:
Sağ ol Balakişi, sualına görə.
Çalışım cavab verim. Birincisi, mən intellektual
klubların yaradılması ideyasını dəstəkləyirəm.
Hesab edirəm ki, biz bu təşəbbüsü
reallaşdırmalıyıq. Hazırda bizim bəzi bölgələrdə
Gənclər evləri fəaliyyət göstərir. Bu
yaxınlarda mən Astara rayonunda olmuşam. Orada da yeni Gənclər
evi yaradılmışdır. Orada həm kompüterlər,
kitabxanalar, müxtəlif dərnəklər fəaliyyət
göstərir. O klubların bazasında belə intellektual tədbirlərin
keçirilməsi yaxşı olar. Ölkə üzrə
çempionatlar da keçirilsin. Sizin yaxşı təcrübəniz
var və mən bu məsələni ürəkdən bəyənirəm.
Hesab edirəm ki, özəl kanallarda da bu məsələlərə
daha da böyük diqqət göstərilməlidir. Mən də
hesab edirəm ki, özəl kanallarda ölkəmizin, gənclərin
intellektual imkanlarını təqdim edən, yəni, milli dəyərlərə
söykənən verilişlər nə qədər çox
olsa, daha yaxşı olar. Bəzi hallarda daha çox əyləncəli
verilişlərə üstünlük verilir. Bu da yəqin
ki, bir növ zəmanənin tələbidir, çünki
daha çox reklam verilir, daha çox auditoriyanı cəlb
edir.
Ancaq əlbəttə,
televiziya yəqin ki, daha çox həm təhsil, həm
intellektual hazırlıq, həm milli dəyərlərə
bağlılığımızı da təbliğ etməlidir.
O ki qaldı mənim asudə vaxtıma, doğrudan da,
çox azdır. Mən demək olar ki, gecə-gündüz
işlə məşğulam. Sərbəst vaxt olanda
çalışıram daha çox idmanla məşğul
olum. Çünki keçmişdə də həmişə
idmanla məşğul olurdum, bu gün də
çalışıram ki, vaxtımı bu məqsədlər
üçün sərf edim. Televiziya kanallarına gəldikdə,
əgər hansınınsa adını çəksəm
yaxşı olmaz. Mən daha çox pultla işləyirəm.
Ona görə bəzi hallarda verilişlər elədir ki, pult
həmişə əlinin altında olmalıdır. Mən
axtarışdayam, belə desəm, daha düzgün olar.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər
fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü
Günay DAŞDƏMİROVA Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminə toxunaraq dedi:
- Bilirsiniz ki, bu gün
Azərbaycan Respublikasının, ümumiyyətlə, Azərbaycan
xalqının ən böyük problemi Dağlıq
Qarabağ problemidir. Hesab edirəm ki, təkcə Azərbaycan
Respublikasının Prezidenti yox, Azərbaycan
Respublikasının hər bir vətəndaşı, hər
bir fərdi bu problemlə məşğul olmalıdır, bu
problemin həlli üçün öz töhfəsini verməlidir.
Cənab Prezident, Siz Azərbaycan
gənclərindən - biz gənclərdən bu problemin həlli
ilə bağlı nələr gözləyirsiniz? Biz
Qarabağ üçün nələr etməliyik?
Prezident İlham ƏLİYEV:
Bilirsiniz, doğrudan da bu, bizim ən ağrılı problemimizdir.
Əfsuslar olsun ki, Azərbaycanın müstəqil həyatı
bu problemlə üzləşib. Hətta müstəqillikdən
əvvəl erməni separatçıları bu məsələni
qaldırmışlar və azərbaycanlılara qarşı
cinayətlər törətmişlər. Müstəqilliyimizin
ilk illərində baş vermiş hadisələr və
ölkədə hökm sürən anarxiya, xaos və vəzifə
uğrunda, iqtidar uğrunda mübarizə, vətəndaş
müharibəsi bu vəziyyətə gətirib
çıxardı. Biz çalışırıq ki, məsələ
öz həllini tapsın. Azərbaycanın mövqeyini siz
bilirsiniz, bu, prinsipial mövqedir. Bu mövqe həm ədalətə,
həm tarixə, eyni zamanda, beynəlxalq hüquq normalarına
əsaslanır. Ancaq əfsuslar olsun ki, dünyada mövcud
olan ikili standartlar, ayrı-seçkilik, fərqli yanaşmalar
imkan vermir ki, bu məsələ öz həllini tapsın.
Mən bu yaxınlarda
Liviya ilə bağlı hadisələrlə əlaqədar
öz fikrimi bildirmişəm. Demişəm ki, necə ola bilər
ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi
qəbul olunandan bir neçə saat sonra dərhal hərbi əməliyyat
başlayır. Ancaq bizim işğal edilmiş torpaqlarla
bağlı on səkkiz il bundan əvvəl dörd qətnamə
qəbul edilib və hələ də məsələ
danışıqlar mövzusudur.
Ermənistan tərəfi
hesab edir ki, mahiyyət ondan ibarətdir ki, Dağlıq
Qarabağa müstəqillik verilsin. Bu, heç vaxt
olmayacaqdır. Amma reallıq ondan ibarətdir ki, məsələnin
həlli üçün işğal edilmiş torpaqlardan erməni
qoşunlarının çıxarılması baş verərsə,
o zaman Ermənistan ilə Azərbaycan arasında sülh
müqaviləsi bağlana bilər. Dağlıq Qarabağda
hazırda yaşayan insanlar və oraya qayıdacaq Azərbaycan
vətəndaşları muxtariyyət şəraitində
yaşayacaqlar. Yəni, bu, dünya praktikasında
tanınmış bir yanaşmadır və məhz belə də
həll olunmalıdır. Əgər biz dünya birliyi
üçün hələ ki öz əhəmiyyətini
itirməmiş Helsinki Yekun Aktına baxsaq, görərik ki,
orada xalqların öz müqəddəratını təyin
etmək məsələləri ölkələrin ərazi
bütövlüyü məsələləri ilə ziddiyyət
təşkil etmir. Onu inkar etmir və ərazi
bütövlüyü çərçivəsində bu məsələlər
öz həllini tapmalıdır. Yenə də deyirəm, necə
ki bəzi ölkələrdə, o cümlədən Avropada
muxtariyyətlər vardır və o muxtariyyətlər mərkəzi
icra orqanları tərəfindən, necə deyərlər,
daha da böyük diqqət görürlər. Yəni məsələnin
həlli məhz bundan ibarətdir. Azərbaycan dövləti
heç vaxt - nə bu gün, nə on ildən, nə də
yüz ildən sonra razı olmayacaq ki, Dağlıq
Qarabağa müstəqillik verilsin. Bu, ümumiyyətlə,
danışıqlar mövzusu deyildir. Ermənistan tərəfi
isə çalışır ki, müxtəlif yollarla
vaxtı uzatsın. Məsələn, danışıqlar
prosesində müəyyən irəliləyiş əldə
olunur, ondan sonra yenə də geriyə addım atılır.
Sadəcə olaraq, vaxt uzadırlar, hesab edirlər ki,
dünyadakı erməni lobbisi və bəzi dövlətlərdəki
ermənipərəst qüvvələr mövcud status-kvonun
saxlanmasında onlara kömək göstərəcəklər.
Mən hesab edirəm ki,
son dövrün mühüm əlamətlərindən biri də
odur ki, artıq həmsədr ölkələr status-kvonun
saxlanmasının qəbuledilməz olduğu haqqında bəyanatlar
verirlər. Yəni bu, çox vacib məsələdir və
dəfələrlə Azərbaycan tərəfi çox təkidlə,
israrla tələb etmişdir ki, status-kvo dəyişdirilməlidir.
Bu o deməkdir ki, bizim torpaqlarımızdan erməni
işğalçı qüvvələrin
çıxarılması prosesi başlanmalıdır.
Hazırda danışıqlar masasında mövcud olan təkliflər
bütövlükdə qəbul edilə bilər. Bu təkliflər
Azərbaycanın ərazi bütövlüyünü qoruyur.
Eyni zamanda, Dağlıq Qarabağda yaşayan insanlar
üçün özünüidarə imkanları da
yaradır. Hesab edirəm ki, bu düstur gərək əsas
götürülsün. Bunun əsasında məsələ
öz həllini tapsın.
O ki qaldı məsələ
ilə bağlı gənclərin fəaliyyətinə, hesab
edirəm, gənclər və cəmiyyətimizin bütün
üzvləri hərə öz yerində ölkəmizin
güclənməsinə xidmət etməlidir. Kimin imkanı var,
təbliğat işini daha da fəal qurmalıdır. Bizə
qarşı dünya erməniliyi müharibə aparır. Bu,
reallıqdır. Bəlkə biz nadir ölkələrdənik
ki, bizə qarşı mütəşəkkil qrup, -
özü də bir ölkədə deyil, müxtəlif
ölkələrdə, - gündəlik fəaliyyət
göstərir. Azərbaycanı qaralamaq üçün, Azərbaycanı
gözdən salmaq üçün, Azərbaycanı ləkələmək
üçün. Bu addımlarla onlar bir neçə məqsəd
güdürlər. Çünki hazırda dünya erməniliyi
üçün bir nömrəli düşmən Azərbaycandır.
Bu, reallıqdır.
Bilirsiniz ki, onlar maliyyə
imkanlarına malikdirlər. Müxtəlif ölkələrdə
ermənipərəst siyasətçilər də vardır və
bu imkanlardan, mətbuatdan istifadə edirlər. Digər məqsəd
daha da praqmatik xarakter daşıyır, baxmayaraq ki, o da
düşmənçilik üzərində qurulubdur. O da
dünya birliyinə sübut etməkdir ki, Azərbaycan
qeyri-demokratik ölkədir, burada milli azlıqlar əzilir,
onların hüquqları pozulur və Dağlıq Qarabağ
erməniləri Azərbaycanın tərkibində yaşaya
bilməyəcəklər. Əgər bu, nə vaxtsa baş
verərsə, burada erməni qalmayacaq, azərbaycanlılar
hamısını məhv edəcəklər.
Bu tezis kökündən
yanlışdır. Çünki bizim keçmiş tariximiz
və indiki vəziyyətimiz onu göstərir ki, Azərbaycan
bütün xalqların nümayəndələri
üçün doğma vətəndir. Burada heç vaxt nə
milli, nə də dini zəmində ayrı-seçkilik
olmamışdır və olmayacaqdır. Mən buna tam əminəm.
Artıq bizim siyasətimiz o qədər güclüdür ki,
heç kim bu siyasətdən kənara çıxa bilməz.
Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər,
xüsusilə mədəniyyətlərarası dialoqla
bağlı tədbirlər bu mövqeyi daha da gücləndirir.
Ona görə biz gənclərdən daha da fəal
olmağı gözləyirik. Xüsusilə internet vasitəsilə.
İndi Azərbaycanda internet istifadəçilərinin
sayı təxminən 50 faizə yaxındır. Bizim gənclərimiz
çox fəal, çox müasirdirlər. İmkanı olan
hər bir gənc bizim təbliğat işimizə öz dəstəyini
verməlidir. Çünki bizim təbliğatımız
reallıq əsasında qurulur, ermənilər kimi miflər əsasında,
yaxud da ki yalan məlumat üzərində yox. Haqq, ədalət
bizim tərəfimizdədir.
Bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan torpaqlarında
yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi
yaxşı bilirik. İrəvan xanlığında
yaşayanların əksəriyyəti azərbaycanlılar
idi, Zəngəzur mahalı Azərbaycandan zorla
qopardılıb ki, böyük türk dünyasını
parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək,
bu ədalətsizliklər aradan qaldırılacaqdır. Mən
şübhə etmirəm ki, biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Bunun iki yolu vardır - ya hərb yolu, ya sülh yolu. Hələ
ki biz sülh yoluna üstünlük veririk. Çünki
ümidlərimiz vardır ki, bu yolla məsələ öz həllini
tapar. Əgər hazırda danışıqlar masasında
olan təkliflər ermənilər tərəfindən qəbul
olunarsa, o zaman məsələ tədricən, mərhələli
yolla öz həllini tapmağa başlayacaqdır. Bizim
mövqeyimiz həmişə ondan ibarət olmuşdur ki, bu məsələ
ancaq mərhələli yolla öz həllini tapmalıdır.
Belə olan halda, Azərbaycan vətəndaşları
hazırda işğal altında olan torpaqlara qayıdandan sonra
və biz orada bütün şəhərləri bərpa
etdikdən sonra, hesab edirəm ki, məsələ ədalətli
həllini tapacaqdır.
Ancaq bir də demək
istəyirəm ki, bu məsələ ilə bağlı bizim
mövqeyimiz birmənalıdır, qətidir. Azərbaycanın
ərazi bütövlüyü məsələsi heç
vaxt müzakirə mövzusu olmayıbdır. Bu məsələ
ilə bağlı heç vaxt güzəşt
olmayacaqdır. Ermənistan rəhbərliyi bunu nə qədər
tez anlasa, onlar üçün bir o qədər
yaxşıdır. Çünki vaxt bizə işləyir. Bu,
reallıqdır. Baxmayaraq ki, bizim vətəndaşlarımız
əziyyət çəkirlər, ancaq həm iqtisadi, həm
siyasi cəhətdən, həm də geosiyasi maraqlar
baxımından bu gün Ermənistan və Azərbaycan
müqayisəedilməz səviyyədədir. Bizim aramızda
olan bu böyük məsafə, bu uçurum getdikcə daha
da böyüyür və Azərbaycan kimi dinamik, müasir,
inkişafda olan və böyük hərbi gücə malik
ölkə Ermənistan üçün daim təhlükə
mənbəyidir. Bu təhlükəni aradan qaldırmaq
üçün onlar, sadəcə olaraq, işğal
edilmiş torpaqlardan çıxmalı və beynəlxalq hüquq
normalarına əməl etməlidirlər.
İngiltərənin
Mançester Universitetində insan resurslarının təhsil
vasitəsilə inkişaf etdirilməsi ixtisası üzrə
magistr elmi dərəcəsi almış Şahin SEYİDZADƏ
məşğulluq məsələlərindən
danışdı:
- Azərbaycanda hər
il 100 mindən artıq orta məktəb məzunu var və
onlardan 20 mindən bir az çoxu ali məktəblərə qəbul
olur. 80 min gənc isə kənarda qalır. Bunu nəzərə
alaraq məşğulluq problemini iş yerlərinin
açılmasından savayı, başqa bir yolla həll etmək
lazımdır. Yəqin ki, gənclər də buna
yanaşmanı dəyişməli, yəni, başa
düşməlidirlər ki, onlar da sahibkar ola bilərlər.
Onlar da iş yeri aça bilərlər və bu bacarıq
onlara lazımdır.
Bununla bağlı təklifim
var ki, ilk növbədə, regionlarda gənc sahibkarlara
xüsusi diqqət göstərilsin, onlar başqa yerdə
iş axtarmasınlar, özləri də iş yerləri
yaratsınlar və bunun əsasında gənc menecer nəsilləri
yetişsin.
Xaricdə belə bir
praktika var ki, universitetlərin nəzdindəki inkubatorlar tələbələrə
- gənc sahibkarlara mini-qrantlar verirlər ki, onlar hər
hansı bir ideyanı, təklifi reallaşdıra, hansısa
bir məhsulu ortaya çıxara bilsinlər. Bu inkubator modelləri
çox aktualdır və Azərbaycanda bununla bağlı təklifim
var.
Toxunmaq istədiyim ikinci
məsələ çox yaralı yerimizdir. Azərbaycanda
boşanmaların sayı ildən-ilə artır. 2011-ci ilin
birinci rübündə 15 mindən artıq nikah
bağlanıb, 2016 boşanma olubdur. Sonuncu böyük rəqəmdir.
Bununla bağlı kifayət qədər işlərin
görülməsinə ehtiyac vardır.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Siz konkret təkliflərinizi verin, biz baxaq ki, bu məsələ
ilə bağlı hansı addımlar atıla bilər. Əlbəttə,
boşanmanın artımı bizi də narahat edir. Ancaq burada
düzgün addımlar atılmalıdır. Əlbəttə,
biz inzibati yollarla heç nə əldə edə bilmərik.
Konkret mexanizmlər olsun, biz bu məsələni dərindən
araşdırmalıyıq. Konkret təkliflər olarsa, müəyyən
mənada bu məsələni də proqramda nəzərə
ala bilərik.
Hesab edirəm ki, biznes
inkubatorlarının yaradılması çox vacibdir. Biz buna
diqqət göstərəcəyik və proqramda öz əksini
tapmalıdır. Gənc sahibkarlara kreditlərin verilməsi məsələsinə
də baxmaq olar. Bilirsiniz ki, ümumiyyətlə,
sahibkarlığın inkişafı üçün dövlət
tərəfindən verilən kreditlər mühüm rol
oynayır. Hər il güzəştli şərtlərlə
təxminən 120-125 milyon manat həcmində kreditlər
verilir. Bu məbləğin müəyyən hissəsi
sırf gənc sahibkarlar üçün də nəzərdə
tutula bilər. Düzdür, burada təcrübə məsələsi
ortaya çıxa bilər. Çünki hər bir kredit
biznes plan əsasında verilir, onu hazırlamaq
üçün, əlbəttə ki, müəyyən təcrübə
olmalıdır. Kreditləri alanlar müəyyən illər ərzində
daha çox sahibkarlıqla məşğuldurlar. Ona görə
bu xüsusiyyəti nəzərə almaqla, Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə xüsusi bir məbləğ
nəzərdə tutula bilər. Bu təkliflər də
öz həllini tapmalıdır.
Azərbaycan İqtisad
Universitetinin tələbəsi Könül ASLANOVA
çıxışında gənc pedaqoji kadrların ali məktəblərdəki
rolundan danışaraq dedi:
- Təhsilin dövlət
siyasətinin əsas hissələrindən biri olduğunu nəzərə
alsaq, məncə, bu problem də diqqət mərkəzində
olmalıdır. Danılmaz faktdır ki, hazırda universitetdə
dərs deyən müəllimlərin əksəriyyəti təqaüd
yaşına çatmış və müasir dövrün
yeniliklərini mənimsəməkdə çətinlik
çəkən insanlardır. Bu da tələbənin əldə
etdiyi biliyə, bacarığa, ümumiyyətlə, onun
inkişafına birbaşa mənfi təsir göstərir.
Universitetdə tələbə nəzəri biliklərlə
yanaşı, müxtəlif bacarıq və vərdişlərə
də yiyələnməlidir. Əldə etdiyi biliyi təcrübədə
həyata keçirməyi bacarmalıdır. Bazar
iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətli
olmalıdır. Faktdır ki, bakalavr pilləsini bitirmiş tələbələrin
bir qismi işsizliklə üzləşir. Çünki
universitetdə ona əmək bazarına lazım olan bilik
verilməyibdir. Mən hesab edirəm ki, bu problemi həll etmək
üçün indiki müəllim heyətinin tədricən
cavan, müasir təfəkkürlü, xarici dilləri bilən
kadrlarla əvəzlənməsi daha yaxşı olardı.
Başqa bir alternativ həll
yolu kimi inkişaf etmiş ölkələrin təcrübəsini
misal göstərmək olar. Məsələn, xarici
universitetlərdə təkcə həmin ölkənin vətəndaşları
deyil, başqa ölkələrdən olan müəllim heyəti
də çalışır. Məncə, bu təcrübəni
Azərbaycana tətbiq etsək, yəni xaricdən müəllimlər
dəvət etsək, onların təcrübələrindən
faydalansaq, faydalı olar.
Prezident İlham ƏLİYEV:
Bu, çox ciddi məsələdir. Bu məsələ ilə
bağlı müvafiq göstərişlər verilmişdir.
Mən hesab edirəm ki, biz daha çox buna üstünlük
verməliyik, çünki xaricdə gənclərimizin
oxuması da vacibdir. Çünki onlar gediblər, başqa
ölkələrdə yaşayırlar, müstəqil həyat
sürürlər. Ancaq ölkə daxilində də təhsilin
səviyyəsi elə olmalıdır ki, buna ehtiyac
qalmasın. Ona görə xarici müəllimlərin Azərbaycana
cəlb edilməsi ilə əlaqədar müvafiq göstərişlər
verilmişdir və bu proses tədricən başlayır. Əlbəttə
ki, burada əsas məsələ maliyyə məsələsidir.
Biz bunu hesablamalıyıq. Çünki yüksək peşəkarlığa
malik olan xarici müəllim ancaq əlavə imtiyaz hesabına
başqa ölkəyə gedə bilər. Ona görə
maliyyə məsələləri, əlbəttə ki, əsas
məsələlərdir. Amma tədricən biz bu işə
başlamışıq. O ki qaldı yaşla bağlı
sizin fikirlərinizə, mən hesab edirəm, burada biz gərək
çox dəqiq siyasət aparaq. Çünki elə
yaşlı müəllim var ki, o öz təcrübəsini
bölüşərək gənclərə böyük
bilgilər verir. Sadəcə olaraq, burada yaş senzi əsas
rol oynamamalıdır.
Digər tərəfdən,
mən tam əminəm ki, indi bu, nəinki təhsil sahəsinə,
bütün sahələrə aiddir. Pensiya yaşına
çatmış insanlar pensiyaya getməlidirlər.
Hazırda pensiyaya çıxanların sosial problemlərinin həlli
işində müvafiq göstərişlər verilmişdir.
Məsələn, 2006-cı ilə qədər pensiyaya
çıxanların pensiya təminatı
yaxşılaşdırılacaqdır. Eyni zamanda, digər
başqa həvəsləndirici amillərdən də istifadə
etmək olar ki, pensiya yaşına çatanlar pensiyaya
çıxsınlar. Pensiyanın da məbləği elə
olmalıdır ki, onları təmin etsin. Xüsusilə biz
bunu Avropada, Asiyada da çox görürük, insanlar tələsirlər
ki, pensiyaya çıxsınlar. Hesab edirlər ki, ondan sonra həyat
başlayır. Çünki onlar ömür boyu işləyirlər,
pul qazanırlar, uşaqları böyüdürlər.
Pensiyaya çıxandan sonra gedirlər səyahətlərə,
gəzməyə, yəni həyatı görməyə
başlayırlar. Bizdə isə əksinədir. Bizdə
heç kim pensiyaya çıxmaq istəmir. Hamı, demək
olar, əksəriyyət istəyir ki, vəzifələrdə
axıra qədər işləsinlər. Beləliklə, həm
dediyiniz məsələ ortaya çıxır, eyni zamanda,
iş yerləri də boşalmır. Bu, daimi proses
olmalıdır, gənc kadrlar üçün iş yerləri
olmalıdır. Hər bir vətəndaş bilməlidir ki,
müəyyən yaşa çatandan sonra pensiyaya getməlidir,
o vəzifədən, o işdən
yapışmamalıdır. Pensiya təminatı da elə
olmalıdır ki, onu qane etsin. Ona görə bu məsələ
ilə bağlı bir müddət əvvəl mənim tərəfimdən
ümumi göstəriş verilmişdir ki, yaşı
çatmış insanların pensiyaya çıxması ilə
əlaqədar çox ciddi və dəqiq siyasət
aparılsın ki, bu proses müsbət istiqamətdə
getsin.
Ancaq yenə də mən
hesab etmirəm ki, hər bir yaşlı müəllim
lazımi biliyi verə bilməz. Halbuki, digər tərəfdən,
bu gün dünya elə dəyişir, texnoloji tərəqqi elə
sürətlə gedir ki, müasir biliklərə malik olmaq
üçün xarici dilin öyrənilməsi çox
vacibdir.
"Microsoft Azərbaycan"
şirkətində marketinq şöbəsinin rəhbəri Əsmər
DAŞDƏMİROVA insan resursları və intellektual potensial
məsələlərindən danışaraq dedi:
- Hörmətli cənab
Prezident, intellektual mülkiyyətin qorunması sahəsində
müəyyən işlər görülmüşdür.
Biz bilirik ki, Siz və "Microsoft" şirkətinin rəhbərliyi
bu il Davosda müzakirələr aparmısınız. Mən əminəm
ki, bu razılaşmalar İKT marketinqinin sürətli
inkişafına gətirib çıxaracaq, bu isə gənclər
üçün külli miqdarda iş yerləri
yaradacaqdır. Elə iş yerləri ki, gənclər orada
öz intellektual potensiallarını həyata keçirməyə
imkan tapacaqlar.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Bu məsələ ilə mən tanışam.
"Microsoft" şirkətinin Avropa üzrə prezidenti ilə
görüşüm olubdur. O da mənə dedi, bu, məni də
çox narahat edir. Mən müvafiq göstəriş
vermişəm. Burada, əlbəttə ki, müxtəlif tədbirlər
görülməlidir. Nəzarət olmalıdır, həm də
ictimai nəzarət. Hansısa mexanizmlər olmalıdır,
çünki bu sahəyə nəzarət etmək o qədər
də asan məsələ deyildir. Bizdə də o qədər
böyük təcrübə yoxdur. Bu işə bələd
adamlar da o qədər də çox deyil, bilsinlər ki, pirat
məhsuldur, yoxsa intellektual mülkiyyətdir. Əgər bu məsələ
ilə bağlı konkret təklifləriniz olarsa,
yaxşı olar ki, biz bu mexanizmi işləyək. Mən
hesab edirəm ki, bu, vacib məsələdir. Çünki
ümumiyyətlə, İKT sektorunun inkişafına biz
böyük diqqət veririk. Bu sektorun inkişafı bizim
üçün prioritetdir və növbəti illərdə
də prioritet kimi qalacaqdır. Mən çox şadam ki, beynəlxalq
qurumlar da Azərbaycanın bu sahədəki təcrübəsini
alqışlayırlar. Məsələn, Dünya İqtisadi
Forumu - Davos forumu Azərbaycanı İKT
hazırlığı üzrə MDB məkanında birinci
sıraya layiq görmüşdür. Bu il bu birinciliyi
saxlamalıyıq, əldən verməməliyik. Yenə də
deyirəm, bu sektor həm intellektual potensialın
inkişafına xidmət edir, həm ölkənin imici
üçün çox vacibdir, həm də burada biznes
imkanları da kifayət qədər genişdir.
Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının sədri
Şahin İSMAYILOV tələbə gənclər təşkilatlarının
fəaliyyətinə toxunaraq dedi:
- Əfsuslar olsun ki,
axır vaxtlar universitetlərdə tələbələr
ancaq tədris prosesində iştirak edirlər. Universitetlər,
belə deyək, tələbə həyatı
üçün o qədər də maraqlı deyildir. Bizim 39
universitetdə təşkilatımız var, hamısında da
müəyyən problemlər ortaya çıxır. Belə
ki, tələbə gənclər təşkilatlarının
tələbələri öz arxasınca aparmasında,
onların problemlərini qabartmasında, həlli isitqamətində,
demək olar ki, rolu yoxdur. Tələbə təşkilatlarının
universitetin həyatında, universitetin idarə olunmasında
iştirakı əksər hallarda çox aşağı səviyyədə
olur. Məsələn, biz 29 universitetdə araşdırma
aparmışıq və məlum olub ki, cəmi üç tələbə
gənclər təşkilatının sədri
rektoratlıqda və yaxud elmi şurada təmsil olunur. Bəzi
hallarda rektorlar tələbə təşkilatları rəhbərlərinin
seçkilərinə müdaxilə edirlər. Bu,
ümumilikdə tələbə həyatının nisbətən
sönük keçməsinə səbəb olur, tələbələrin
asudə vaxtının səmərəli təşkilində
müəyyən problemlər yaradır.
Bilirsiniz ki, tələbələr
sosial cəhətdən nisbətən kasıb kütlə
sayılırlar. Müəyyən dövrdə biz onlarla
sıx şəkildə işlədik. Müəyyən
sualları olur və bu gün çox gözəl imkan
yaranıb ki, bu sualları mən sizə çatdıram.
Onlar tələbələrə xüsusi güzəştlərin
tətbiq olunmasını istəyirlər. Bu sahədə
Avropada, ümumiyyətlə, dünyada olduqca böyük təcrübə
vardır. Tələbələrə xüsusi endirim
kartları tətbiq olunur və onlar həmin kartlardan endirimlər
əldə edə bilirlər. Təklif etmək istərdim, əgər
mümkün olsa, vahid tələbə kartı
yaradılsın və tələbələr bundan müəyyən
güzəşt kimi istifadə edə bilsinlər.
Bir məsələyə
də toxunmaq istərdim. Universitetlərdə tələbə
gənclər təşkilatları ilə yanaşı, tələbə
həmkarlar təşkilatları da fəaliyyət göstərir.
Araşdırsaq məlum olar ki, ən cavan tələbə həmkarlar
təşkilatının sədrinin ən yaxşı halda
yaşı 26, ən yaşlısının isə 50-dən
yuxarıdır. Bu da müəyyən suallara gətirib
çıxarır, tələbələrin təşkilatlardan
uzaqlaşmasına səbəb olur.
Cənab Prezident,
çox gözəl fürsət düşüb, tələbələrin
bizə ən çox sual verdiyi məsələ təqaüdlərin
artırılması ilə bağlıdır. Fürsətdən
istifadə edib bu sualı Sizə ünvanlamaq istərdim ki,
yaxın gələcəkdə tələbə təqaüdlərinin
artırılması ilə bağlı hər hansı planlar
varmı?
Prezident İlham ƏLİYEV:
Sağ olun, qaldırdığınız məsələlərlə
biz məşğul olacağıq. Əlbəttə ki, tələbələrin
asudə vaxtlarının keçirilməsi üçün
konkret təkliflər olarsa, məmnuniyyətlə baxıb məsələni
həll edəcəyik. Vahid tələbə kartının tətbiq
olunması ilə əlaqədar: əgər dünyada belə
praktika varsa, onu öyrənək və biz də onu tətbiq
edə bilərik ki, müəyyən güzəştlər
edilsin. Əlbəttə, elə etməliyik ki, tələbələrin
həyatı həm mənalı olsun, həm dolğun olsun, həm
də iqtisadi cəhətdən lazımi səviyyədə təmin
edilsinlər. Tələbə təqaüdlərinin
qaldırılması bizim planlarımızda var. Ancaq tələbə
təqaüdləri bizdə minimum əmək haqqının
səviyyəsi ilə bağlıdır. Belə bir fikir var
ki, minimum əmək haqqının səviyyəsindən
üstün olmamalıdır. Hazırda Azərbaycanda minimum əmək
haqqı 85 manatdır. Biz yaxın vaxtlarda onu qaldıracağıq
və beləliklə, tələbə təqaüdlərinin
qaldırılması üçün də imkan
yaranacaqdır. Onu da qeyd etməliyəm ki, baxmayaraq, təqaüdün
məbləği bizi qane etmir, amma MDB məkanında ən
yüksək səviyyələrdən biri də Azərbaycandadır.
Konkret təkliflər
olarsa, proqramda öz əksini tapa bilər. Mən çox
şadam ki, siz bu məsələni qaldırdınız.
Çünki bizdə 100 mindən artıq tələbə
var və onlar gənc yaşlarından yaxşı
yaşamalı, yaxşı da oxumalıdırlar.
Xaricdə Təhsil Alan
və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumunun həmtəsisçisi və sədri Orxan ƏKBƏROV
xaricdə təhsil alan məzunların ali təhsil məktəblərinə
tədris işinə cəlb olunması məsələlərindən
danışdı:
- Azərbaycan gənclərinin
xaricdə təhsil almalarına gənclərimiz bir xülya
kimi baxırdılar. İndi isə Sizin imzaladığınız
fərmanla təsdiqlənmiş Dövlət proqramı
çərçivəsində dünyanın 24 ölkəsinin
200-dən çox ən yaxşı universitetlərinə azərbaycanlı
tələbələr təhsil almağa gedirlər.
Ümumiyyətlə, hazırda dünyanın 30-dan çox
ölkəsində azərbaycanlı gənclər təhsil
almaqdadırlar. Onların bir qismi təhsilini bitirdikdən
sonra orada qalıb işləyir, digərləri isə Azərbaycana
qayıdır. Mən konkret olaraq bəzi məsələlərə
öz münasibətimi bildirmək istəyirəm. Bu gün
xaricdə təhsil alan Azərbaycan gəncləri pərakəndə
şəkildə azlığı deyil, intellektual
çoxluğu təşkil edirlər. Düşünürəm
ki, bu fürsətdən maksimum şəkildə istifadə
edərək onların intellektual bacarıqlarını və
qabiliyyətlərini Azərbaycanımızın
inkişafı üçün, gələcəyi
üçün düzgün istiqamətləndirə bilməliyik.
Bu, nədən ibarətdir? Az öncə toxunulan məsələ
Azərbaycanda təhsilin inkişafı məsələsi.
Dövlət proqramı xətti ilə xaricə göndərilən
tələbələr geri qayıtdıqdan sonra 5 il dövlət
orqanlarında çalışmalıdırlar. Mənə elə
gəlir ki, buna bir əlavə olaraq onların Azərbaycanda
ali təhsil ocaqlarında dərs demələri də nəzərdə
tutulsa, bu, təhsilimizin inkişafına çox gözəl
töhfələr verə bilər. Mənim dostlarımdan bir
çoxları var ki, bu gün Azərbaycanın bir çox
universitetlərində həqiqətən çox uğurla dərs
deyirlər. Bu, ilk təklifimdir.
Digər təklifim, cənab
Prezident, Bakıda gənclər mərkəzinin
açılmasına böyük ehtiyac var. Bu ehtiyacı belə
açıqlaya bilərəm: Azərbaycanda bir çox fəal
gənclər təşkilatı var və onların heç
də həmişə maddi imkanı olmur ki, bir hoteldə
konfrans zalını kirayə edib tədbir keçirsinlər.
Əslində bizə bir çox şey verəcək tədbirlər
maliyyə problemləri üzündən təxirə
salınır. Bütün bunlar olmasın deyə, ümumiyyətlə,
gənclərimiz asudə vaxtlarını dəyərləndirsin
deyə, sürətli internetlə təchiz olunmuş, beynəlxalq
və yerli tədbirlərimizi keçirə biləcəyimiz
konfrans və iclas zallarının olduğu və hətta
xaricdən qonaqlarımız gəldikdə onları yerləşdirə
biləcəyimiz Gənclər Mərkəzinin tikilməsi
çox yaxşı olardı. Məsələn,
Strasburqdakı İnternational Youth Center kimi.
Digər təklifim bundan
ibarətdir ki, xaricdə biz bir çox tədbirlər
keçiririk. Əlbəttə ki, böyük tədbirləri
Gənclər və İdman Nazirliyi maliyyələşdirir.
Amma elə hallar olur ki, biz mütləq ona qarşı cavab tədbiri
keçirməliyik, lakin maliyyə məsələlərinə
görə baş tutmur. Mənə elə gəlir ki, bunu
dediyiniz Gənclər Fondu tərəfindən aktiv maliyyələşmə,
- yəni uzun sənədləri doldurmaq vasitəsilə deyil,
- yolu ilə həll etmək olar.
Son olaraq demək istədiyim
bir məsələ var. Cənab Prezident, Sizinlə ilk
görüşümüzdə - 2009-cu ilin martında mən
hərbi geyimdə idim, əlimdə silah vardı. Bu gün
Sizin qarşınızda əlimdə qələmlə, əynimdə
kostyumlayam. Amma əmin ola bilərsiniz ki, Siz bizim yalnız
Prezidentimiz deyil, həm də Ali Baş
Komandanımızsınız. İstədiyiniz vaxt biz
Qarabağ problemini həll etməyə hazırıq. Hər
zaman əlimizdəki qələm silahla, əynimizdəki
kostyum hərbi geyimlə əvəz oluna bilər. Sağ olun.
Prezident İlham ƏLİYEV:
Çox sağ ol, bu məsələləri biz proqramda nəzərə
almalıyıq. Bakıda Gənclər Mərkəzinin
tikintisi ideyası mənim xoşuma gəlir. Hesab edirəm ki,
bu, yaxşı layihə ola bilər. İndi siz qeyd etdiniz
Strasburqda belə bir mərkəz var, yəqin ki, başqa
paytaxtlarda da var. Onların təcrübəsini öyrənməliyik,
bəlkə layihə də hazırlansın. Əsas odur ki,
bu mərkəz funksional baxımdan səmərəli olsun, -
orada hansı tədbirlər keçiriləcəkdir. Maliyyə
məsələlərini də həll edə bilərik. Gələn
ilin büdcəsində nəzərdə tutula bilər ki, belə
bir mərkəz tikilsin. Gənclər Fondu ilə əlaqədar
təklifinizlə bağlı mən də hesab edirəm ki,
burada çeviklik çox vacibdir. Yəni biz bürokratik əngəllərdən
uzaq olmalıyıq və vəsait səmərəli şəkildə
istifadə olunmalıdır. Ona görə ki, xaricdə
keçirilən tədbirlərin xüsusi əhəmiyyəti
var. Hazırda bizim xarici ölkələrdəki səfirliklərimizin
sayı da artıbdır, 50-dən yuxarı səfirlik var.
Onların əksəriyyəti son illər ərzində
yaradılmışdır. Eyni zamanda, diaspor təşkilatlarının
formalaşmasında müəyyən addımlar
atılmışdır. Hazırda biz istənilən paytaxtda
istənilən aksiyanı keçirə bilərik. Bizim
diaspor təşkilatlarımız və xaricdə oxuyan gənclərimiz
də fəal iştirak edirlər. Mən bunu
alqışlayıram və belə də olmalıdır.
Xaricdə oxuyan gənclərin
sayı artmaqdadır və dövlət tərəfindən
ayrılan vəsait də artır. Əgər birinci illərdə
on milyon manat nəzərdə tutulmuşdusa, bu il bu məbləğ
15 milyon manatdır. Lazım olanda biz bu məbləği
artıracağıq ki, bu proqramı davam etdirək. Bilirsiniz
ki, bu proqram Dövlət Neft Fondunun xətti ilə icra edilir.
Dövlət Neft Fondunun xətti ilə icra edilən layihələr
xüsusi əhəmiyyət kəsb edən layihələrdir.
Xaricdə gənclərin oxuması layihəsi proqrama daxil edilərkən
biz öz niyyətimizi göstərmişik. Çünki
doğrudan da, hazırda xaricdə oxuyan gənclərin həm
təhsil səviyyəsi, həm peşəkarlığı
müsbət cəhətdən fərqlənir. Məqsəd
ondan ibarətdir ki, - hesab edirəm ki, burada bu barədə
fikir ayrılığı yoxdur, - Azərbaycanda təhsilin səviyyəsi
o qədər yüksək olsun ki, o fərq aradan qalxsın.
Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel
SƏFƏROVA ideoloji baxımdan gənclərin
qarşısında duran məsələlərdən
danışdı:
- Zənnimcə,
bütün burada deyilənlərin üst qatında ideoloji
aspektlər durur. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi,
dövlətçilik, azərbaycançılıq, milli-mənəvi
dəyərlərə sahib çıxma özündə bir
ideologiya formalaşdırır. Düşünürəm ki,
bu gün Azərbaycan gəncliyində kifayət qədər
potensial var. Eyni zamanda, dövlətin də kifayət qədər
potensialı var ki, Azərbaycan gəncliyi modelini dünyaya
çıxaraq. Avropaya inteqrasiya təşkilatı olaraq biz və
eyni zamanda, digər gənclər Avropada qurumlarda təmsil
olunuruq, Azərbaycanın haqq və ədalət səsini
dünyaya çıxarırıq. Belə bir anda Azərbaycan
gənclik modelinin formalaşdırılıb dünyaya təqdim
edilməsi, düşünürəm ki, çox mütərəqqi
hal olardı. Onu da qeyd edim ki, artıq bu model
formalaşmağa doğru gedir, sadəcə, bunda azərbaycançılıq
ideologiyasının hökm sürməsi daha yaxşı
olardı. Belə bir anda mən çox istərdim ki, Azərbaycan
gəncliyində intellektual təhlükəsizlik
formalaşsın. İntellektual təhlükəsizlik
özündə keyfiyyətli düşünməni ehtiva
edir. Bir neçə on illər öncə Azərbaycanda
fundamental elmlərlə bağlı böyük işlər
görülüb. Bizim komanda belə düşünür ki,
bu fundamental elmlərin daha da inkişafı sayəsində
keyfiyyətli düşünmənin yeni mərhələsi
başlayacaqdır. Bunun nəticəsində isə intellektual
təhlükəsizlik formalaşacaq, biz öz
sözümüzü intellektual gücümüzlə deyə
biləcəyik. Burada mən konkret təklif vermək istəyirəm.
İlk addım kimi biz belə düşünürük, bir
ixtiraçılıq mərkəzinin, ixtiraçılıq
institutunun açılması yaxşı olardı.
Çünki düşünürəm ki, Azərbaycan həm
sosial, iqtisadi, elmi, siyasi potensialına görə fərqlənən
bir dövlətdir. Burada Azərbaycan gəncinin üzərinə
düşən əsas məsələ iddiadır. Misal
üçün, mən çox istərdim ki, Azərbaycan
yaxın 20 il ərzində Yaxın Şərqin
düşünmə mərkəzi olsun. Çünki biz o
potensiala malikik. Baxın, burada nə qədər potensiallı
gənclər var. Əlbəttə, 4-5 il ərzində ilkin
addımlar atılarsa, düşünürəm ki, 10 ildən
sonra biz istədiyimiz nəticəni əldə edəcəyik.
İkinci bir məsələ
barədə qısaca demək istəyirəm. Burada yəqin
regionlardan gələn gənclər də var, yəqin onlar da
danışacaqlar. İstər paytaxt gəncləri, istərsə
də region gəncləri olsun, bu Azərbaycan gəncliyidir.
Amma bu gün paytaxt gəncliyində daha çox fəallıq
müşahidə olunur. Bunu Siz də
görürsünüz. Biz bir neçə illərdir region gəncləri
ilə kifayət qədər iş təcrübəsinə
malik təşkilatıq.
Əgər biz 3 milyon gəncdən
danışırıqsa, onun demək olar ki, əksəriyyəti
region gəncləridir. Mən region gəncləri
üçün bir forumun keçirilməsini təklif edirəm.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun, sizin təklifinizi də nəzərə
alacağıq. Region gəncləri ilə bağlı təklifiniz
dəyərlidir. Xüsusilə Azərbaycanı intellektual mərkəzə
çevirmək təklifinizi qeyd etmək istəyirəm ki,
doğrudan da, belə imkanlar var və biz buna
çalışmalıyıq. Mən yenə də demək
istəyirəm ki, biz özümüzü həm dünyaya
olduğumuz kimi təqdim etməliyik, həm də ən
önəmlisi, ölkə daxilində işlər elə
qurulmalıdır ki, Azərbaycanın potensialı daha da
güclənsin. Bu potensial isə ilk növbədə
intellektual potensialdır. Əgər o dediyiniz
ixtiraçılıq mərkəzi yaranarsa və
yaxşı nəticə verərsə, bu, əlbəttə
ki, ölkəmiz üçün böyük töhfə ola
bilər. Hesab edirəm ki, biz bu dəyərli təklifləri
mütləq proqramda nəzərə almalıyıq.
Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına daxil
olmasından, gənclərin fəaliyyətindən və gənclər
proqramı ilə bağlı maliyyə məsələlərindən
danışan Milli Məclisin deputatı Ceyhun OSMANOV deputat
seçildiyi rayonun problemlərinə toxunaraq dedi:
- Mən Milli Məclisə
Sabirabad rayonundan deputat seçilmişəm. İndi
seçicilər televizorda izləyirlər ki, onların
deputatı cənab Prezidentlə görüşür və
rayonun müəyyən problemlərini diqqətə
çatdırmasam, əlbəttə ki, bunu çox mənfi
dəyərləndirərlər. Oradakı gənclərin bir
xahişi vardır. Kənd gənclərinin həyatında məktəb
ən önəmli infrastrukturdur. Onların həm təhsili,
həm mədəni, həm idman həyatı məktəblə
bağlıdır. Siz çıxışınızda qeyd
etdiniz ki, Azərbaycanda qəzalı məktəb probleminə
son qoyulacaqdır. Təəssüflə qeyd edirəm ki, mənim
seçildiyim rayonda da qəzalı məktəblər
vardır. Onların bərpası kənd camaatının
ürəyincə olardı. Kənd yerlərində gənclərin
işlə təminatda problemləri daha çoxdur. Biz
çalışmalıyıq ki, kəndlərimiz
boşalmasın, gənclər iş dalınca şəhərə
gəlməsin. İri aqrar layihələr hazırlanıb həyata
keçirilsə, bu problem həll oluna bilər. Məsələn,
aran rayonunun həmişə ən böyük gəlir mənbəyi
pambıqçılıq olub. İndi ölkəmizin
inkişaf prioritetlərinə uyğun yeni böyük aqrar
layihələr reallaşdırılsa, kənd gəncliyi
torpağa bağlanar, bilər ki, onun həyatını
stimullaşdıran mexanizmlər vardır. Daha bir məsələ
də gənclərlə bağlıdır. Əslində,
ölkədə çox böyük siyasi iradə ortaya
qoyuldu. Azərbaycanda bələdiyyə seçkilərində
seçicilər gənclərin təmsilçiliyinə
üstünlük verdilər. Gənclər bələdiyyə
seçkilərində uğura nail oldular. Əlbəttə,
bu gəncliyə inam və etimadın təzahürüdür.
Prezident İlham ƏLİYEV:
Qəzalı məktəblərin təmiri ilə
bağlı konkret proqram vardır. Bizdə qəzalı məktəblərin
sayı haradasa, 200-300 civarındadır və onların
hamısını yenidən qurmaq, tikmək, təmir etmək
müəyyən vaxt aparacaqdır. Hesab edirəm ki, ən
real müddət 2 ildir. Biz 2011-ci və 2012-ci illərdə qəzalı
məktəblərin təmiri ilə məşğul
olacağıq, onların hamısını yüksək səviyyəyə
çatdıracağıq.
Hesab edirəm ki, hər
bir millət vəkili əlbəttə, seçildiyi dairədə
gedən işlərlə məşğul olmalıdır. Belə
olan halda regionlarda işlər daha da sürətlə gedəcəkdir.
O ki qaldı ölkəmizin inkişaf etmiş ölkələrin
sırasına daxil olması ilə əlaqədar məsələyə,
mən tam əminəm ki, biz bu məqsədə
çatacağıq. Mən qarşımıza bu məqsədi
qoymuşam. Deyə bilərəm ki, dünyada, sözün əsl
mənasında, inkişaf etmiş ölkələrin sayı
çox deyildir. Ancaq mən hesab edirəm ki, nə
üçün Azərbaycan onların sırasında
olmasın?! Çünki bizdə bütün imkanlar
vardır. Birincisi, siyasi iradə vardır. Bu məqsədə
nail olmaq üçün düşünülmüş
strategiya vardır. Taktiki addımlarımız da konkretdir, məqsədyönlüdür
və nəticəyə gətirib çıxarır.
İkincisi, ölkəmizin intellektual potensialı kifayət qədər
yüksəkdir, xüsusilə gənclərin. Sizin
qaldırdığınız məsələlərin həlli
hesabına biz intellektual potensialımızı daha da
artıracağıq. Üçüncüsü, ölkəmiz
müasirləşmə dövrünü yaşayır və
bu da bizim strateji seçimimizdir. Müasirləşmə
bütün istiqamətlərdə özünü göstərməlidir.
Həm iqtisadi, həm siyasi islahatlarda, həm də texnoloji
inkişafda, sənaye potensialımızın inkişafında.
Bizim təbii
resurslarımız vardır. Bu da böyük
üstünlükdür. Yəni, bu, bizə iqtisadi müstəqillik
verir. Biz iqtisadi cəhətdən heç kimdən
asılı deyilik. Bu, bizə imkan verir ki, siyasətimizi Azərbaycan
xalqının maraqları üzərində quraq. Azərbaycan
dünya birliyinin dəyərli üzvüdür.
İnkişaf etmiş ölkələrlə bizim çox səmərəli
əlaqələrimiz vardır. Ona görə bizim
bütün imkanlarımız var ki, gələcəkdə
inkişaf etmiş ölkələrin sırasına daxil olaq.
Həm bütün iqtisadi və siyasi islahatların
aparılması, həm ekoloji standartlar, həm də
yaşayış səviyyəsinin keyfiyyəti
baxımından. Son illərdə Azərbaycan bütün
reytinqlərdə çox uğurla inkişaf edir. Birləşmiş
Millətlər Təşkilatının, Davos İqtisadi
Forumunun, digər mötəbər beynəlxalq təşkilatların
reytinqlərində uğurlarımız qeyd olunur. Hətta
böhranlı illərdə də reytinq agentlikləri
reytinqimizi artırıblar. Yəni, belə imkanlar vardır. Nəzərə
alsaq ki, hazırda Azərbaycanın inkişaf modeli və
strategiyası tamamilə müəyyən edilib və biz bu
yolla gedirik, hesab edirəm, biz inkişaf etmiş ölkələrin
sırasına daxil olmalıyıq. Bunu etmək
üçün əlbəttə ki, bütün cəmiyyət
bir məqsədə can atmalıdır. Xüsusilə cəmiyyətin
fəal təbəqəsi olan gənclər bu təşəbbüslərə
bilirəm ki, böyük həvəslə qoşulurlar. Birgə
fəaliyyətin nəticəsində biz ölkəmizi
inkişaf etdirəcəyik. İnkişaf etmiş ölkəyə
çevirəcəyik və müstəqilliyimizi daha da
güclü edəcəyik.
Milli Məclisin
deputatı Fuad MURADOV parlamentdə gənclərlə
bağlı qanunvericilik sahəsində görülən
işlərdən söz açaraq dedi:
- Cənab Prezident, zənnimcə,
bugünkü görüşün əsas mahiyyəti ondan
ibarətdir ki, Azərbaycan gəncliyi dövlətçiliyimizin,
müstəqilliyimizin möhkəmləndirilməsində,
ictimai-siyasi hadisələrdə həmişə öndə
olan gənclikdir. Bu gün bizim burada olmağımız
bütün dünyaya, həm də bizi istəməyənlərə
bir mesajdır. Azərbaycan gənclərinin ən
böyük sərvəti ölkəmizin müstəqilliyidir,
dövlətçiliyidir. Gənclərimizin ən
böyük sərvəti Azərbaycan Prezidentinin həyata
keçirdiyi siyasətdir ki, bu gün gənclərimiz onun bəhrəsini
hər yerdə görürlər. Bu gün Azərbaycan gəncləri
həm parlamentdə, həm beynəlxalq təşkilatlarda, həm
Prezident Administrasiyasında, hökumətdə təmsil
olunurlar. Bu baxımdan təbii ki, gənclərimizin arzu və
istəkləri çox sürətlə reallaşır.
Cənab Prezident, Sizin dəstəyinizlə
bir neçə il bundan öncə çox geniş bir proqram
başladı. Bu da gənc ailələrə ipoteka
proqramıdır. Hətta orada mütərəqqi ideyalar oldu.
Sizin göstərişiniz əsasında qanunvericilikdə bir
neçə pilləli ipoteka təsbit olundu. Həm, deyək
ki, sosial ipoteka, normal ipoteka şərtləri və sosial
ipoteka şərtləri. Oraya hərbçilər, elmlə məşğul
olan insanlar daxil oldu. Təbii ki, o vaxt Azərbaycan inkişafda
idi. Bu gün deyə bilərəm ki, Azərbaycan
inkişafının yeni mərhələsindədir.
Ovaxtkı ipoteka şərtləri, cənab Prezident, təbii
ki, bugünkü reallıqları əks etdirmir.
Çünki orada minimal məbləğ 35 min manat çərçivəsində
idi. Amma bu gün artıq Azərbaycanın hər yerində
sürətli inkişaf gedir. Bu gün demək olar ki,
heç regionda da belə qiymətə mənzil tapmaq çətindir.
Biz çox xahiş edərdik
ki, - bu, gənclərin ümumi fikridir, - bu istiqamətdə
ilkin ödəniş məsələsinə baxılsın.
İndi biz proqramın həyata keçirilməsini gözləyirik,
bu təklifləri oraya verəcəyik. Eyni zamanda, bu məbləğlə
bağlı. Bu gün Azərbaycanın imkanları çox
sürətlə artır. Bu mənada biz çox istərdik
ki, cənab Prezident, bu məsələyə bir də
baxılsın. Düzdür, biz parlamentdə kiçik
işçi qrupu yaratmışıq. Məsələn,
Skandinaviya modelinin tətbiqi məsələsini nəzərdən
keçirmək olar. Gənc ailələrə dövlət tərəfindən
müəyyən şərtlərlə mərhələlər
üzrə ev verilə bilər. Amma gənc də gərək
işləsin, çalışsın ki, özünə mənzil
ala bilsin.
Bu, bütün gənclər
adından birinci xahişimdir. İkinci istiqamət isə
özünüz burada vurğuladınız ki, gənclər
fondunun yaranmasıdır. Bir neçə il öncə Sizin
tapşırığınız əsasında biz parlamentdə
"Dövlət gənclər siyasəti haqqında"
Qanuna Gənclər və İdman Nazirliyi ilə birlikdə
baxdıq və oraya çox mütərəqqi əlavələr
etdik.
Əlavənin biri də
məhz Azərbaycanda gənclər fondunun yaranması idi. O
gündən bugünə qədər biz demək olar ki, bunun
bütün təcrübəsini öyrənmişik,
dünyada olan bütün təcrübə öyrənilib.
Bu gün biz demək olar ki, bu istiqamətdə tam
hazırıq, cənab Prezident. Təbii ki, biz bu təkliflərimizi
artıq işçi qrupuna da vermişik və bütün sənədləri
hazırlamışıq.
Siz bayaq vurğuladınız,
əgər məsləhət olsa, biz bu işə
başlayardıq. Sizin vurğuladığınız kimi, biz
bu məsələdə təşkilatlanmış gənclərlə
bərabər fərdi gəncləri də yaddan
çıxarmamalıyıq.
Sonda demək istəyirəm
ki, cənab Prezident, Siz burada bütün məsələlərə
toxundunuz. Demək olar ki, bütün məsələlər
diqqət mərkəzindədir.
Bu gün Azərbaycanda
gənclər təşkilatları çox fəaldır. Demək
olar ki, əksər böyük tədbirlər məhz gənclər
tərəfindən həyata keçirilir. Bu, normal haldır,
çünki Azərbaycan gəncləri sayca da çoxdurlar
və intellektual səviyyəcə də irəlidədirlər,
yeni texnologiyadan bacarıqla istifadə edirlər.
Prezident İlham ƏLİYEV:
Fuad, hesab edirəm ki, qaldırdığın məsələlər
də öz həllini tapmalıdır, həm mənzil-qərargahla,
həm də ipoteka ilə bağlı. Əlbəttə ki, həyat
yerində durmur. İndi ölkəmizin imkanları da artır
və biz bütün məsələləri gərək ədalətli
həll edək. Hesab edirəm ki, bu məsələ də
proqramda öz əksini tapacaqdır.
O ki qaldı gənclər
fondunun yaradılmasına, mən giriş sözümdə bu
barədə dedim və bilirəm ki, sizin də fikriniz eynidir.
Tezliklə bu fond yaradılmalıdır. Yəqin ki, proqramda
da onun yaradılması haqqında göstəriş verilməlidir
və dövlət əlbəttə ki, o fondun fəaliyyəti
üçün maliyyə dəstəyini göstərəcəkdir.
Hesab edirəm ki, əgər
hazırlıq işləri ilə bağlı konkret təkliflər
hazırlanarsa, orada istiqamətlər üzrə məsələlərin
həlli üçün vəsait nəzərdə
tutulmalıdır. Vəsaitin idarə olunması prinsipləri
çox şəffaf olmalıdır. Yəqin ki, biz bu vəsaitdən
gənclər təşkilatlarının birbaşa
iştirakı ilə və ən prioritet məsələlərin
həlli üçün istifadə etməliyik. Biz həm
ölkə daxilində gənclərlə bağlı siyasəti
gücləndirmək üçün, eyni zamanda, xaricdəki
tədbirləri də müəyyən dərəcədə
o fondun hesabına həll edə bilərik.
Mən bugünkü
görüşü çox yüksək qiymətləndirirəm.
Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar,
həm bilikli, həm də Vətənə, dövlətə
bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr
etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır.
Biz çalışırıq öz işimizlə ölkəmizi
elə inkişaf etdirək ki, hər bir vətəndaş
haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın
vətəndaşıdır.
Ölkəmizdə
aparılan işlər - həm xarici siyasətimiz, siyasi
islahatlar, iqtisadi təşəbbüslər
bütövlükdə müsbət istiqamətdə gedir.
Ancaq biz daim inkişafda olmalıyıq. Biz əldə
edilmiş nailiyyətlərlə kifayətlənməməliyik
və daim axtarışda olmalıyıq. Xüsusilə gənclər.
Gənclər həmişə axtarışdadırlar. Gənclər
cəmiyyətimizin ən fəal üzvləridir. Mən
çox şadam ki, gənclərimiz Vətənə
bağlıdırlar, Vətəni sevirlər, vətənpərvərdirlər,
biliklidirlər, peşəkardırlar və biz bu müsbət
meyilləri gücləndirməliyik.
Belə
görüşlərin keçirilməsində böyük
fayda vardır. Çünki mən sizdən sizi narahat edən
problemləri eşidirəm, sizin təklifiniz çox vacibdir.
Bütün bu təkliflər ümumiləşdirilib Dövlət
proqramına daxil edilməlidir. Yenə də deyirəm,
Dövlət proqramı konkret xarakter
daşımalıdır. Bu gün
danışdığımız məsələlərlə
bağlı, əgər, bütün təklifləriniz
lazımi səviyyədə öz həllini taparsa, demək
olar ki, bu istiqamətdə çox ciddi addımlar
atılacaqdır.
* * *
Görüşün
sonunda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-23 aprel.- S. 1, 2, 3.