Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

Milli Məclisdə görüş

 

Aprelin 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avronestdə Avropa Parlamenti (AP) nümayəndə heyətinin rəhbəri Xristian Vigenin ilə görüşdü. Qonağı salamlayan Milli Məclisin Sədri Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdən söz açdı. Sədr qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Aİ ilə əməkdaşlıq əlaqələri yaranıb. Ölkəmizdə Aİ-nın proqramları həyata keçirilib.

Son 10 ildə isə Azərbaycanla Aİ arasında münasibətlərin ikitərəfli əməkdaşlıq səviyyəsinə yüksəldiyini və genişləndiyini deyən Oqtay Əsədov Avronestdə AP nümayəndə heyətinin rəhbərinin Bakıya səfərinin əlaqələrin bundan sonra da uğurla inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirdi.

Oqtay Əsədov Milli Məclisdə Avronestlə əlaqələrin inkişafına dair qrupun fəaliyyət göstərdiyini diqqətə çatdırdı, Azərbaycanın bu kimi təşkilatlarla münasibətlərin qurulmasında və genişlənməsində maraqlı olduğunu dedi. Milli Məclisin Sədri onu da bildirdi ki, Avronestin fəaliyyəti əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edəcəkdir.

Görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Xristian Vigenin AP sədrinin salamlarını Milli Məclisin Sədri Oqtay Əsədova çatdırdı. O, Azərbaycanın Aİ və AP ilə əlaqələrini yüksək qiymətləndirdi. Xristian Vigenin onu da bildirdi ki, Avronest Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 4.