Azərbaycanın pravoslav xristian
icmasına
Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olması, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün ölkəmizi dünyada nümunəvi tolerantlıq məkanı kimi tanıtmışdır. Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Azərbaycanda etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması dövlət siyasətimizin prioritet istiqamətlərindəndir və bu sahədəki səylərimizi gələcəkdə də davam etdirəcəyik.
Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamızın xristian icması, o cümlədən pravoslav vətəndaşlarımız ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Əziz dostlar!
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2011-ci il
Azərbaycan.- 2011.-23 aprel.- S. 4.