Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş şəxslərə
maddi yardım göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik
Stansiyasında (AES) baş
vermiş qəza nəticəsində böyük
bir ərazi xarabalığa çevrilmiş,
yüz minlərlə
insan radioaktiv şüalanmaya məruz qalmış, çarəsiz
xəstəliyə düçar
olmuşdur.
Həmin qəzanın nəticələrinin
aradan qaldırılmasında
yaxından iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı
zərər çəkmiş,
ötən müddət
ərzində onların
bir çoxu dünyasını dəyişmişdir.
Azərbaycanda Çernobıl əlillərinin
sosial müdafiəsinin
gücləndirilməsi, onların
sağlamlığının qorunması istiqamətində
dövlət tərəfindən
zəruri tədbirlər
həyata keçirilmişdir. 1993-cü ildə qəbul edilmiş "Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə Çernobıl qəzası
nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu müəyyənləşdirilmiş,
onlara bir sıra güzəşt və imtiyazlar verilmişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Çernobıl AES-də baş vermiş qəzanın ildönümü
ilə əlaqədar
qərara alıram:
1. Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
şəxslərə 200,0
(iki yüz) manat məbləğində
birdəfəlik maddi yardım göstərilsin.
2. Bu sərəncamın
1-ci hissəsinin icrası
məqsədilə:
2.1. Azərbaycan
Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000,0 (bir milyon yüz
min) manat məbləğində
vəsait ayrılsın;
2.2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 2.1-ci bəndində
nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini
müəyyən olunmuş
qaydada təmin etsin;
2.3. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2011-ci il
Azərbaycan.- 2011.-23 aprel.- S. 4.