Belarus Avronestdə iştirak məsələsində
Azərbaycanın dəstəyini
yüksək qiymətləndirir
Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının üzvü olan 6 tərəfdaş ölkəni proqramın Parlament Assambleyasında (Avronest) Belarusun tamhüquqlu iştirakını dəstəkləməyə çağırmışdır. BELTA-nın yaydığı xəbərə görə, bu barədə jurnalistlərə Minskdə səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın Avronestdə parlament nümayəndə heyətinin sədri Əli Hüseynov bildirmişdir.
O demişdir ki, Belarusda keçirilən prezident seçkilərindən sonra, daha dəqiq desək, bununla bağlı hadisələrdən sonra Avropa Parlamenti Avronestin işinə Belarusun iştirakı olmadan başlamaq barədə qərar qəbul etmişdir. Əli Hüseynovun sözlərinə görə, bu zaman tərəfdaş ölkələrin, o cümlədən Azərbaycan deputatlarının rəyi nəzərə alınmamışdır.
Praqa zirvə görüşünü xatırladan Əli Hüseynov diqqətə çatdırmışdır ki, zirvə görüşündə altı ölkənin hamısının Avronestdə qeyd-şərtsiz bərabər əsasda iştirak edəcəyi barədə razılaşma əldə olunmuşdur. Bununla əlaqədar olaraq, nə üçünsə Belarus nümayəndə heyətinin qismən vətəndaş cəmiyyətinin, müxalifətin nümayəndələrindən formalaşdırılması ideyasının ortaya çıxması ilə bağlı təəccübləndiyini bildirmişdir. Əli Hüseynov əmindir ki, Parlament Assambleyasında "xalq tərəfindən seçilmiş, parlamenti hakimiyyət orqanı kimi təmsil edən adamlar" işləməlidirlər. Nəticədə nümayəndə heyətinin yalnız qismən deputatlardan formalaşdırılması barədə qərar qəbul edilməmişdir. Bunun müqabilində Avropa Parlamenti 2010-cu il seçkilərindən sonra Belarusun Avronestdə iştirakından ümumiyyətlə, imtina etməyi qərara almışdır.
Əli Hüseynov altı tərəfdaş ölkənin bu yaxınlarda imzaladığı məktubu xatırladaraq bildirmişdir ki, məktubda tərəfdaş ölkələr Belarusun Avronestdə bərabərhüquqlu iştirakının zəruri olduğunu bildirirlər.
* * *
Belarus bu ölkənin Avronestdə iştirak məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Bunu Nümayəndələr Palatası sədrinin müavini Viktor Quminski aprelin 21-də Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın Avronestdə parlament nümayəndə heyətinin sədri Əli Hüseynovla görüşündə bildirmişdir.
Palata sədrinin müavininin sözlərinə görə, Belarus-Azərbaycan münasibətlərini, sadəcə, dostluq deyil, həm də qardaşlıq münasibətləri adlandırmaq olar. V.Quminski Belarusun Avronestdə iştirakı məsələsində konstruktiv və ölçülüb-biçilmiş mövqeyinə görə Azərbaycan parlamentinə minnətdarlığını bildirmişdir.
V.Quminskinin fikrincə, iki ölkənin parlament təmsilçiləri arasında qarşılıqlı anlaşma dövlətlərarası münasibətlərin inkişafına kömək edir.
Əli Hüseynov Belarus və Azərbaycan arasında qardaşlıq münasibətlərinin yaranması, tərəflərin ağır vəziyyətlərdə dəfələrlə bir-birinə dəstək olmaları barədə fikirlə razılaşmışdır.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Minsk
Azərbaycan.- 2011.-23 aprel.- S. 4.