Kürdəmirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir

 

Kürdəmirdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, müxtəlif nəslin nümayəndələrini, xüsusən gəncləri təmsil edən 200 nəfərdən çox ziyalının qatıldığı müzakirələrdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov və rayon fəalları çıxış etmişlər.

Kitabın zaman-zaman tarixi saxtalaşdırmağa çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbə olduğunu vurğulayan natiqlər göstərmişlər ki, bu günlər dünya sərsəm erməni təbliğatının növbəti hay-küyü içərisindədir. Tarixin bütün mərhələlərində ikiüzlü və xain kimi tanınan ermənilər yenə öz bədnam "soyqırımı" uydurmaları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışırlar. Dünya sivilizasiyasında öz yeri, yurdu, torpağı olmayan erməni türk dünyasına düşmən münasibətini bir daha açıqlayır, özünü soyqırıma məruz qalmış məzlum xalq kimi göstərir. Təqvim vərəqləri 24 aprelə yaxınlaşdıqca ermənilər əslində olmayan "erməni soyqırımı"nı tarixin səhifələrinə həkk etməyə cəhd göstərirlər. XX əsrin əvvəllərində baş verən Birinci dünya müharibəsində Türkiyənin vəziyyəti daha da ağırlaşmışdı. Belə ki, 1913-cü ildə çar Rusiyası Qafqazda öz siyasi məqsədləri naminə "məzlum ermənilərin" müdafiəsinə qalxmış, Türkiyənin ermənilər yaşayan şərq vilayətlərində islahatlar aparılmasını hökumətdən tələb etmişdi. Əslində ermənilər rus-türk müharibəsindən faydalanaraq Şərqi Anadolunun 6 vilayətində "Ermənistan dövləti" yaratmaq istəyirdilər. Qısa müddət ərzində silahlanan erməni daşnakları türk dövlətini sarsıtmaq, ona arxadan zərbə vurmaq məqsədilə 1914-cü ilin sonunda Qafqazda tərkibində 10 min silahlını birləşdirən dörd erməni drujinası yaratmışdılar. Bu silahlı birləşmələrin məqsədi türk əsilli insanları məhv etmək, onları öz ata-baba torpaqlarından köçürməklə həmin ərazilərə sahiblik etmək idi. Torpaq hərisliyi ilə alışıb yanan ermənilər 1915-ci ilin əvvəlində xəyanətkar hərəkətlərinə, düşmənçiliklərinə görə köçürülməyə etiraz olaraq türklərə qarşı silahlı hücuma keçmiş, yerli sakinləri kütləvi surətdə qırmışlar. Aprel ayının 24-də baş verən bu qanlı toqquşmada minlərlə türk şəhid olmuş, erməni vəhşiliyinin qurbanına çevrilmişdir. Lakin öz cinayətlərini ört-basdır edən ermənilər bu tarixi saxtalaşdırmağa daim səy göstərmiş, aprelin 24-nü "soyqırımı günü" kimi rəsmiləşdirməyə çalışmışlar. Lakin onların bu böhtan kampaniyası 100 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, öz təsdiqini tapmamış və dünya birliyi bu gün də həmin uydurma faktını qəbul etmir. Mənfur erməni siyasətçiləri isə öz saxtakarlıqlarından əl çəkmir, qədim tarixi türk torpaqları olan Azərbaycan da daxil olmaqla bütün ərazilərdə mənfur siyasətlərini davam etdirirlər.

Natiqlər vurğulamışlar ki, bu gün müzakirə olunan "Gorus-2010: absurd teatrı mövsümü" əsəri məhz ermənilərin türk dünyasına qarşı xəyanətləri barədə tarixi faktlara söykənən həqiqətləri geniş ictimaiyyətə təqdim edir. Əsəri indiyədək bu mövzuda yazılan mənbələrdən fərqləndirən cəhət təhkiyədəki elmi üslubla paralel çıxış edən publisistik ovqat, filosof müdrikliyi və tədqiqatçı səbri ilə ərsəyə gələn ümumiləşdirmələrdəki fundamentallıqdır. Siyasi hadisələrin təhlili zamanı metodoloji araşdırmalar, tarixi faktlara yanaşma və şərhlərdəki sərrastlıq, prinsipiallıq və inandırıcılıq müəllifin böyük elmi təfəkküründən xəbər verir.

Əvvəlcə kitabın adının yaranması amilinə diqqət yetirək. 2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda deyil, məhz qədim Azərbaycan şəhəri olan Gorusda dünya erməni diaspor jurnalistlərinin yığıncağını təşkil etmiş və bu yığıncaqda öz sərsəm bəyanatları ilə əslində erməni siyasətini ifşa etmişdi. Bu o Serj Sarkisyandır ki, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmənin təşkilatçılarından biri olmuşdur. Özünü elm adamı kimi təqdim edən erməni prezident adıçəkilən tədbirdə öz əsassız arqumentləri ilə gülünc mülahizələr müəllifinə çevrilmişdir. Akademik Ramiz Mehdiyev bu əsəri ilə erməni diplomatiyasına sarsıdıcı zərbə vurmuşdur. Müəllif həm də mötəbər auditoriya hesab etdiyi dünyaya öz fikirlərini belə çatdırır: "Dağlıq Qarabağ heç vaxt erməni torpağı olmayıb. Bu torpaqlar Azərbaycanın tarixi hissəsidir. Bura Qafqaz albanlarının yaşadığı ərazi olub. Beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən missiyanı yerinə yetirməlidir, torpaqlarımızın işğaldan azad olunması üçün öz səylərini gücləndirməli və hüququn gücünə riayət etməlidir".

Erməni saxtakarlığını şərh edən müəllif "Ermənistan tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionudur" fikri ilə dodaqlarda istehzalı təbəssüm yaratmaqla bir millətin tarix boyu qurtula bilmədiyi cəfəng ideyanın heçliyə yuvarlanmasını elmi təhlillərlə sübut edir. Bədnam "alim", başabəla siyasətçi hesab edilən erməni prezidentin Dağlıq Qarabağın ərazi mənsubiyyəti haqqında erməni diaspor jurnalistlərinə verdiyi "məlumatların" heç bir tarixi mənbəyə əsaslanmadığını yazan müəllif öz qəti mövqeyini belə bildirir: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra". Əslində bu fikirlər ulu öndər Heydər Əliyevin siyasi mübarizəsinin davamı, Prezident İlham Əliyevin siyasi iradəsinin təsdiqidir.

Diqqətə çatdırılmışdır ki, akademik Ramiz Mehdiyev təcavüzkar mövqeyindən çəkinməyən rəsmi Ermənistanın anlaşma üçün yaranan hər bir obyektiv imkanı əldən qaçırmaqla real sülhü uduzduğunu qeyd edir. O, Azərbaycanın hərtərəfli inkişafının bütün dünya tərəfindən qəbul edildiyini önə çəkərək təcavüzkar dövlətin rəhbərlərini bir daha xəbərdar edir. Müəllif Ermənistanın hazırkı vəziyyətini belə qiymətləndirir: "Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd sərhədindən ikisi bundan sonra da "qıfıllı" vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur". Göründüyü kimi, ritorik sualdır, həm də, əslində Ermənistan dövlətinin hazırkı vəziyyətinin hərtərəfli təhlilidir. Biz kitab boyu bütün vəziyyətlərin beləcə təhlillərlə açıqlandığının şahidi oluruq. "Gorus-2010: absurd teatrı mövsümü" əsərində ermənilərin tarixən bu ərazilərə gəlmə olduqları elmi dəlillərlə sübut olunur. Hətta erməni "alimlərin" tarixi mənbələri belə saxtalaşdırmaqdan çəkinmədikləri faktlar əsasında sübut edilir. Əsərdə Rusiya-İran müharibələrinin nəticəsi olan 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin İrandan, Osmanlı imperiyasının Şərq əyalətlərindən İrəvana, Naxçıvan və Qarabağa köçürülmələri faktları öz əksini tapmışdır. Ermənilərin bu torpaqlara gəlmə olduqlarını təsdiqləyən tarixi statistik məlumatlara kitabda geniş yer verilmişdir. Erməni diaspor jurnalistlərinin yığışdıqları, müəllifin təbirincə desək, absurd teatrın səhnələşdirildiyi məkan - Gorus şəhərinin özü də itirdiyimiz qədim yurd yerimiz olan Zəngəzurda yerləşir. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Elə həmin dövrdə Ermənistan (daşnak) Respublikası Zəngəzurla bağlı torpaq iddiaları irəli sürüb, silahlı toqquşmalar baş verib. Təkcə 1905-1907 və 1914-1920-ci illərdə erməni daşnakların törətdiyi qırğınlar nəticəsində Zəngəzur mahalında yarım milyon Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilmişdir. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmiş, 4472 qadın və uşaq öldürülmüşdür. Əsərdə tarixi abidələrin dağıdılması, yer adlarının dəyişdirilməsi faktlarının yolverilməz olduğu, beynəlxalq təşkilatların qərarlarına laqeydlik halları erməni şovinizminin tarixi cinayəti kimi dəyərləndirilir.

Yekdilliklə vurğulanmışdır ki, bütün bu təhlillər bir daha göstərir: akademik Ramiz Mehdiyev tarixi faktları ortaya qoymaqla elmi dəlillər əsasında hiyləgər erməni siyasətinin iç üzünü məharətlə açır.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S.5.