Azərbaycan Diplomatik Akademiyasında kitab mərkəzinin açılışı və bu münasibətlə I Beynəlxalq mədəniyyət festivalı keçirilmişdir

 

Aprelin 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) kitab mərkəzinin açılışı və bu münasibətlə I Beynəlxalq mədəniyyət festivalı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.

Mərasimin iştirakçıları əvvəlcə Beynəlxalq mədəniyyət festivalında iştirak edən 17 dövlətin stendi ilə tanış olmuşlar. Stendlərdə hər ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablar, jurnallar, broşürlər, fotoşəkillər, müxtəlif geyim və bəzək əşyaları, şirniyyat məmulatları nümayiş etdirilmişdir.

Qonaqlar mərkəzin kitab fondu ilə də tanış olmuşlar.

Mərasimdə ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək bildirmişdir ki, mərkəz hər zaman yenilikçi ideyalar irəli sürən Diplomatik Akademiyanın növbəti uğurlu layihəsidir. Rektor demişdir ki, mərkəz ilk mərhələdə diplomatlar üçün nəzərdə tutulurdusa, indi bu zəngin kitab fondundan hər kəs istifadə edə bilər. Bundan əlavə, mərkəzdə müxtəlif mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Dünya üzrə ən son nəşrlərin mərkəzə gətiriləcəyini vurğulayan rektor həmçinin qeyd etmişdir ki, ənənəvi olaraq keçiriləcək Beynəlxalq mədəniyyət festivalı xalq diplomatiyasının bir hissəsidir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev zəngin kitab fonduna malik mərkəzin təkcə ADA-nın tələbələrinə deyil, bütün kitabsevərlərə əvəzsiz töhfə olduğunu bildirmişdir. Nazir həmçinin I Beynəlxalq mədəniyyət festivalının əhəmiyyəti haqqında danışmışdır.

ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə mərkəzdə yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd etmişdir. M.Brayzə demişdir: "Bu kitabların rəngarəngliyi içərisində mən özümü Vaşinqtonda hiss etdim".

Tədbir ayrı-ayrı ölkələrin milli rəqs qruplarının ifalarından ibarət konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 5.