Əli Həsənov: Azərbaycan
gəncləri daim dövlətin diqqət mərkəzindədir
Azərbaycan gəncləri
daim dövlətin diqqət mərkəzindədir. 2010-cu ildə
ölkəmizdə gənclər proqramı tam şəkildə
yerinə yetirilmişdir. Hazırda 2011-2015-ci illərdə gənclər
siyasətinin müəyyənləşdirilməsi, gənclərin
təhsili, ailə, məişət, məşğulluq məsələləri,
mənzil şəraitinin
yaxşılaşdırılması və digər məsələlərlə
bağlı yeni Dövlət Proqramı hazırlanır. Həmin
proqramla bağlı Prezident İlham Əliyev sərəncam
imzalamış, müvafiq işçi qrupu yaradılmışdır.
Yaxın zamanlarda işçi qrupu Dövlət
Proqramını hazırlayıb Prezidentə təqdim edəcəkdir.
AzərTAc xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov aprelin 22-də
jurnalistlərə müsahibəsində demişdir.
Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının əsasının 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən şöbə müdiri həmin ildə ulu öndərin Gənclər və İdman Nazirliyini yaratdığını, Gənclər Proqramını qəbul etdiyini vurğulamışdır. Həmin vaxtdan indiyədək Azərbaycan gənclərinin dövlət quruculuğu prosesinə cəlb olunması, onların ailə, məişət, təhsil, iş, fiziki və mənəvi sağlamlıq məsələləri, asudə vaxtlarını mənalı keçirmələri və digər məsələlərlə bağlı gənclər siyasəti davamlı olaraq həyata keçirilir.
Ə.Həsənov bildirmişdir ki, aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən onların bütün arzu və istəklərini dinləmiş, işçi qrupuna lazımi tapşırıqlar vermişdir.
Şöbə müdiri əlavə etmişdir ki, istər ölkə daxilində təhsil alan, intellektual sahədə çalışan, fiziki əməklə məşğul olan, hərbi hissədən tərxis olunan, istərsə də Azərbaycanın təhsil proqramları çərçivəsində xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gənc "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının diqqət mərkəzində olacaq və gənclər, sözün həqiqi mənasında, dövlətin qayğısı ilə əhatə olunacaqlar. Prezident İlham Əliyev bu iradəni ortaya qoymuşdur və bununla bağlı dövlətimizin kifayət qədər maddi-mənəvi resursları vardır.
Azərbaycan.- 2011.-23 aprel.- S. 5.