"ÜNS" adlı möcüzə

 

 Düz beş il bundan əvvəl ölkəmizin paytaxtı, hamımızın ürəkdən sevdiyimiz Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiyanın və Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə "ÜNS yaradıcılıq səhnəsi" teatrının təntənəli açılış mərasimi olmuşdur.

Aida xanım İmanquliyevanın xatirəsinə həsr edilmiş "ÜNS yaradıcılıq səhnəsi" layihəsinin müəllifi və rəhbəri Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayevadır. Qeyd etmək lazımdır ki, filoloq alim, elmlər doktoru olan Nərgiz xanım yüksək bədii-estetik zövq, dərin intellekt və mütərəqqi təfəkkür sahibidir. Məhz bu keyfiyyətlərin sayəsində onun istər ölkəmizin həyatında, istərsə də xaricdə çox böyük əhəmiyyət kəsb edən mədəni layihələri böyük uğur qazanmışdır. Nərgiz xanımın hər bir layihəsi orijinallığı ilə seçilir, sənət sərrafları arasında böyük əks-səda və maraq doğurur. Şübhəsiz, "ÜNS" teatrı da bu qəbildən olan layihələrdəndir.

"ÜNS" yaradıcılıq səhnəsi həqiqətən Nərgiz xanımın sevimli övladıdır. Təsadüfi deyildir ki, teatrın hətta daxili və xarici tərtibatı ideyası da Nərgiz xanım Paşayevaya məxsusdur. Mütəxəssislərin böyük rəğbətini qazanmış bu ideya stereotipləri dağıdaraq ümumbəşəri dəyərləri, Şərqlə Qərbi birləşdirmişdir. Başqa cür ola da bilməzdi, çünki bu layihənin leytmotivi məhz mədəniyyətlərin dialoqu, bütün mütərəqqi dünyaya eyni dərəcədə məxsus olan mənəvi dəyərlərin üzvi vəhdətidir.

Bütün bu ideyalar xarici teatr truppalarının tamaşalarında, milli və qərb musiqisi gecələrində gerçəkləşmiş, həqiqi sənətlə ünsiyyəti əsl bayrama çevirmişdir.

Nərgiz xanım Paşayevanın sözlərinə görə, teatrın əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin qaynaqlarına əsaslanaraq onu indiki müasir səviyyəyə çatdırmaq, ənənələrlə novatorluğu əlaqələndirməyə nail olmaq, teatrın ideya istiqamətlərindən biri isə şərq və qərb mədəniyyətlərinin sintezinin incəsənətdə və mədəniyyətdə bədii təcəssümünü nümayiş etdirməkdir.

O vaxt, teatrın açılış mərasimində ilk səhnə əsəri - Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış "Bakı" musiqili tamaşası göstərilmişdi. Tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin mahnıları ilə yanaşı, geniş dinləyici auditoriyasına məlum olmayan, uzun axtarışlardan sonra Moskva arxivlərində aşkar edilmiş melodiyalar da səslənmişdir.

Qısa müddətdə bakılı tamaşaçıların rəğbətini qazanmış "ÜNS" yaradıcılıq səhnəsi teatrsevərlər üçün, sözün həqiqi mənasında, bir udum hava kimi zərurətə çevrilmişdir. Ötən beş ildə bakılılar bu səhnədə Azərbaycanın və xarici ölkələrin teatr sənətinin bir sıra ən tanınmış nümayəndələri ilə, o cümlədən bakılıların yaxşı tanıdığı və sevdiyi rusiyalı aktyorlar Sergey Yurski, Aleksandr Şirvind, Mixail Derjavin, Gennadi Xazanov və başqaları ilə görüşmüşlər.

Elçinin "Şekspir" pyesi və Maqsud İbrahimbəyovun "Final" restoranı" əsəri əsasında hazırlanmış ilk antrepriz tamaşaların premyeraları, dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" müziklinin tamaşaları (bu tamaşanı müşayiət edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir) böyük uğurla keçmişdir. Dahi Lev Tolstoyun eyniadlı povesti əsasında P.Fomenkonun Moskva teatr-emalatxanasının "Ailə səadəti" adlı səhnələşdirilmiş kompozisiyası, Fransanın "Ofiletta" musiqi qrupunun konserti və digər tədbirlər də rəğbətlə qarşılanmışdır.

Moskvanın "Helikon-opera" teatrının "ÜNS" yaradıcılıq səhnəsində çıxışı isə Azərbaycanın əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun təbirincə desək, Azərbaycanın mədəni həyatında çox böyük əhəmiyyət kəsb edən bir hadisə, yaradıcı ünsiyyət üçün daha bir imkan olmuşdur. "Helikon-opera" musiqili teatrının bakılı tamaşaçılara təqdim etdiyi iki məşhur opera - Cüzeppe Verdinin "Traviata" və Jorj Bizenin "Karmen" əsərləri professor Nərgiz Paşayevanın bakılılara çox dəyərli hədiyyəsi idi.

Hər bir yaradıcı kollektivin dünyaya gəlməsi həmişə əlamətdar hadisə, möcüzə, bayram sayılır. Ən başlıcası isə, bu bayram ab-havasını tamaşaçılara çatdırmaq bacarığıdır. Bu baxımdan, "ÜNS" yaradıcılıq səhnəsi hələ çox gənc olmasına baxmayaraq, elə bir məkana çevrilə bilmişdir ki, orada hər kəs əbədi, yüksək, insanı ruhən saflaşdıran həqiqi sənətlə təmasda olur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 6.