"ÜNS" Yaradıcılıq Səhnəsi Teatrının beşillik yubileyi ilə bağlı "Buta" sarayında təntənəli mərasim keçirilmişdir

 

Aprelin 22-də "ÜNS" Yaradıcılıq Səhnəsi Teatrının beşillik yubileyi ilə bağlı "Buta" sarayında təntənəli mərasim keçirilmişdir. Yubiley mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Milli Məclisin deputatları iştirak etmişlər.

Mərasimdə teatrın fəaliyyətindən bəhs edən videofilm nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Prezident Dmitri Medvedevin 2011-ci il 20 aprel tarixli fərmanı ilə teatrın rəhbəri, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru professor Nərgiz Paşayevanın Rusiya-Azərbaycan əlaqələrinə verdiyi töhfəyə görə "Dostluq" ordeni ilə təltif olunduğunu bildirmişdir. Səfir fərmanın mətnini oxumuşdur.

Görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenov Azərbaycanda mədəniyyətin inkişafından danışmışdır. O.Süleymenov Mehriban xanım Əliyevanın aprelin 18-20-də Parisdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı zamanı etdiyi çıxışı yüksək qiymətləndirmişdir.

Sonra O.Süleymenov YUNESKO-nun "Mədəniyyətlərin müxtəlifliyinə görə" medalını Nərgiz Paşayevaya təqdim etmişdir.

Tədbirdə digər çıxış edən dünya şöhrətli mədəniyyət xadimləri "ÜNS"ün Azərbaycan mədəniyyətindəki yerindən danışmış, teatrın yaradılmasını böyük hadisə adlandırmışlar.

Professor Nərgiz Paşayeva ötən beş il ərzində teatra diqqətini və məhəbbətini əsirgəməyən Azərbaycan tamaşaçısına minnətdarlıq etmişdir. Yubiley gecəsi bir-birindən maraqlı çıxışlarla zəngin olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 6.