Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyi qeyd olunmuşdur

 

Azərbaycanın xalq rəssamı, yaradıcılığının mühüm hissəsini mətbuata həsr etmiş Hüseyn Əliyevin 100 yaşı tamam olur. Bu münasibətlə aprelin 22-də "Xalq qəzeti" redaksiyasında yubiley tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov açmışdır. O, 92 il əvvəl nəşrə başlamış "Kommunist" qəzetinin (indiki "Xalq qəzeti") ilk gündən öz ətrafına ölkənin tanınmış ziyalılarını, yazıçılarını, jurnalistlərini topladığını xatırlatmış, Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədhüseyn Sidqi, Əli Vəliyev, Mir Cəlal Paşayev, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov, Nəsir İmanquliyev digər tanınmış qələm sahiblərinin bu mətbu nəşrlə sıx əməkdaşlıq etdiyini, bir sıra məşhur yazarların məhz bu qəzetdə çalışdıqlarını yada salmışdır. Görkəmli fırça ustası Əzim Əzimzadə xeyli müddət qəzetin baş rəssamı işləmişdir. Belə tarixi şəxsiyyətlərlə birlikdə çalışanlardan biri istedadlı rəssam Hüseyn Əliyev olmuşdur. 52 il redaksiyanın bədii tərtibat şöbəsinə başçılıq edən Hüseyn müəllim bu nəşrin gözəgəlimli, oxunaqlı, səliqəli çıxmasına böyük əmək sərf etmişdir.

Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumunu Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu bitirən Hüseyn Əliyev 1935-ci il oktyabr ayının 4-dən "Kommunist" qəzetində fəaliyyətə başlamışdır. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə gedən Hüseyn müəllim şərəfli ömür yolu keçmişdir. O, 1944-cü ilin avqust ayında qəzetin redaktoru Əli Vəliyevin SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıtmış təqaüdə çıxana kimi burada əmək fəaliyyətini davam etdirmişdir.

Səmərəli əmək fəaliyyətinə görə Hüseyn Əliyevə 1976-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssam, 1982-ci ildə isə xalq rəssamı fəxri adı verilmişdir. O, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanını almışdır. Müharibədə iştirakına görə bir neçə medala layiq görülən Hüseyn Əliyev dinc quruculuq illərində "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir.

Şərəfli mənalı ömür sürmüş Hüseyn Əliyevin vəfatından 20 il keçir. Lakin onun qoyub getdiyi sənət əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün xalq tərəfindən sevilir.

Vaxtilə görkəmli rəssamla bir kollektivdə çalışan onu yaxından tanıyan qələm yoldaşları dostlarından Firudin Rəsulov, Mehman Fərzullayev, Tamara Əliyeva, Telman Əliyev, əməkdar jurnalistlər Fərman Bağırov Tahir Aydınoğlu yaxşı yoldaş, səmimi ailə başçısı öz işinə daim məsuliyyətlə yanaşan fırça ustası haqqında xatirələrini söyləmiş, onun Azərbaycan rəngkarlıq sənətində qoyub getdiyi irsin tədqiq edilməsinə, öyrənilməsinə yayılmasına ciddi zəruriyyət duyulduğunu vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S.7.