Qədim və yeni Bakı!
Sanki köhnə ilə yenilik üz-üzə dayanaraq bir-birini sorğu-suala çəkir. Klassika, yoxsa modernizm? Yaxud da hansımız daha gözəlik? Başı buluda söykənən göydələnlər, yoxsa "bəstəboy"unda tarixin minbir olayını yaşadan, ulu keçmişdən xəbər verən, şəhərin qədimliyini təsdiqləyən binalar? Əslində, bu sualın cavabını biz də axtardıq. Şəklə baxdıqca qəribədir ki, ziddiyyətli görüntülərdən qürur da duyduq. Axı tikintinin, quruculuğun nəyi pisdir?!
Dünyanın əksər ölkələrində adətən paytaxt görünüşünə görə iki hissədən ibarətdir - təzə və köhnə. Bu "köhnə" ifadəsi sıradan çıxmış demək deyil. Qədimliyə işarədir, tarixin daş yaddaşıdır.
Ölkələr var ki, heç bir maddi-mədəniyyət abidəsi, zəngin keçmişi yoxdur. Nə vaxtsa tapdığı əl boyda daş parçasını üfürə-üfürə qoruyur ki, onun tarixidir. Bizim paytaxtımızda isə görün nə qədər əski zamanların memarlıq üslubunda yaradılmış abidələr, qədim dövrlərdə şəhərsalma mədəniyyətini əks etdirən tikililər var. Dünənlə bugünün üz-üzə dayandığı bu məqamlar isə həqiqətən gözəldir.
F.XƏLİLZADƏ,
A.MƏMMƏDOV,
Azərbaycan.- 2011.-23 aprel.- S. 8.