Azərbaycanla Rumıniyanın strateji tərəfdaşlığı güclənir

 

Rumıniya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilmişdir. Rəsmi Buxarestin Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin strateji müttəfiqliyi dönməz xarakter daşımaqla, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir.

Hər iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi amillərdən biri də Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Rumıniyanın belə bir qərar qəbul etməsi müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Rumıniyanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Rumıniya ilə münasibətlərini bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu ölkənin Şərqi Avropada strateji imkanlarını nəzərə alan ulu öndərin ilk xarici səfərlərindən birini məhz Rumıniyaya etməsi həm də Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya niyyətinin rəmzi ifadəsi idi. Azərbaycan bu regionda ilk səfirliyini də məhz adıçəkilən ölkədə açmışdır. Cənab İlham Əliyev də Prezident kimi Şərqi Avropa ölkələri arasında ilk dəfə Rumıniyaya səfər etmişdir. Bu günə kimi ölkələrimiz arasında əlaqələrin inkişafını təmin edən 50-dən çox sənəd imzalanmışdır. Ən müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və GUAM fortmatında əməkdaşlıq buna bariz nümunə ola bilər.

Rumıniya Prezidenti Trayan Beseskunun bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcəkdir. Dövlət başçıları arasında keçirilən görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunmuşdur. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də geniş fikir mübadiləsi aparılmışdır.

Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsi sayəsində əldə edilmiş nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Prezident İlham Əliyev bildirmişdi: "Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır. Enerji sahəsində əməkdaşlıq inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac edilir. Azərbaycanın Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini gücləndirir. Qaz sahəsində də uğurlu əməkdaşlıq üçün gözəl şərait mövcuddur. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" üzrə bəyannamə imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, bu bəyannamə əsasında, o cümlədən Azərbaycan resursları hesabına ödəniləcəkdir. Azərbaycanın zəngin qaz ehtiyatları vardır və bu resurslar müxtəlif yollarla dünya bazarına çıxarılır. Rumıniya-Azərbaycan əlaqələri bu baxımdan müstəsna xarakter daşıyır. Çünki Rumıniya həm Nabukko layihəsinin fəal üzvüdür, eyni zamanda, AGRİ layihəsinin təşəbbüskarıdır".

Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn tanınmış prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT Nizamnaməsinin müddəalarına, BMT TŞ-nin müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun həll olunmasını dəstəkləyir. Rumıniya Prezidenti bu dəfəki rəsmi səfəri zamanı bir daha bəyan etdi ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Rumıniyanın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Rumıniya sənədlərinin imzalanma mərasimi də keçirildi. Bu sırada "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq protokolu"nu xüsusi qeyd etmək olar. Prezident Trayan Besesku iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə bildirmişdi: "Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolu oynayır. Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır. Zənnimizcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bu günə qədər bütün təşəbbüslərimiz reallığa çevrilmişdir. Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir. Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir".

Rumıniya Prezidenti Trayan Besesku iki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyi böyük xidmətlərə görə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edildi. Rumıniya Prezidenti dövlətimizin başçısı İlham Əliyevi Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı ilə təltif etdi. Qeyd edək ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən ikinci dövlət başçısıdır. Xatırladaq ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti bu ölkənin ali mükafatı olan "Rumıniya Ulduzu" ordeni ilə təltif edilmişdi.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Rumıniya-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları güclənmişdir. Ölkələrimiz arasında mövcud olan münasibətlər və bunun dinamik inkişafı belə bir proqnozdan çıxış etməyə əsas verir ki, Azərbaycan-Rumıniya əlaqələri yaxın gələcəkdə daha da yüksək olacaq. Bu isə ölkələrimizdə demokratik inkişafa, sosial-iqtisadi tərəqqiyə təkan verəcəkdir.

 

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 1.