Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində müzakirə olunmuşdur

 

Aprelin 23-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış etmişdir. O, ermənilərin əsrlər boyu Azərbaycan ərazilərinə iddia etdiklərini, hətta dövlətlərini belə əzəli Azərbaycan torpaqlarında yaratdıqlarını vurğulamışdır. Qeyd edilmişdir ki, onlar böyük dövlətlərin himayəsinə sığınaraq müntəzəm surətdə azərbaycanlılara qarşı müxtəlif qırğınlar, terror aktları törətmişlər. Həmişə də törətdiklərini azərbaycanlıların adına yazmaqla dünya ictimaiyyətini çaşdırmağa cəhd göstərmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni saxtakarlıqları və yalanlarının ifşası baxımından son dərəcə sanballı elmi tədqiqat əsəridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun kitab haqqında məruzəsi dinlənilmişdir.

Məruzəçi bildirmişdir ki, görkəmli filosofun bu əsərinin adı onun məzmununu tamamlamaqla, çox gözəl əks etdirir. Bu kitabın əsas məqsədi beynəlxalq elmi ictimaiyyətin və ekspertlərin diqqətini 2010-cu il oktyabrın 16-da, tarixi Azərbaycan torpağı olan, sovet dövründə Ermənistana verilən Zəngəzur mahalının Gorus şəhərinin "siyasi teatr səhnəsində" göstərilmiş, müəllifi, rejissoru və yeganə ifaçısı S.Sarkisyan olan faciəli tamaşanın absurd mahiyyətinə diqqəti cəlb etməkdən ibarət olmuşdur. Dərin tarixi-politoloji araşdırmaların, ümumiləşdirmələrin əsasında yazılmış bu əsərdə konkret faktlar, elmi yanaşmalar kontekstində ermənilərin tarixən apardıqları uydurma təbliğat kampaniyası, o cümlədən hazırkı Ermənistan rəhbərliyini zəbt etmiş S.Sarkisyanın cəfəng siyasi mülahizələri ifşa edilməklə yanaşı, gerçək həqiqətlərə müasir dövrün prizmasından obyektiv nəzər salınır. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir, erməni-daşnak ideoloqlarının rəhbərliyi və iştirakı ilə xalqımıza qarşı amansızlıqla həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur. Əsərin ideya məzmununu, tarixi, ideoloji və təbliğati təsir effektini gücləndirən nüanslardan biri də budur ki, akademik Ramiz Mehdiyev zəngin mənbələr əsasında, konkret faktlarla, eləcə də ciddi arqumentlərlə Ermənistan prezidentinin səsləndirdiyi fikirlərin həqiqətdən uzaq olduğunu göstərir. Bu baxımdan "Gorus-2010: absurd teatrı mövsümü" əsəri, eyni zamanda, Azərbaycanın müasir mərhələdə əks-hücum diplomatiyası müstəvisində istinad edəcəyi prioritet məsələləri də özündə ehtiva edir. Müəllif elə erməni alimləri Ronald Suni və Corc Burnutyana istinadla bunu tarixdən xəbəri olmayanlara və ya onu saxtalaşdıranlara bir daha xatırlatmışdır. O, kifayət qədər zəngin tarixi mənbələrdən istifadə edərək erməni təbliğatının Qarabağın (Arsaxın), Naxçıvanın, İrəvanın "qədim erməni torpağı" olması barədə uydurmalarını tarixi faktlarla ifşa etmişdir. Akademik Ramiz Mehdiyevin əsərinin diqqəti çəkən bir cəhəti də ondan ibarətdir ki, o, "Arsax" terminindən cəsarətlə istifadə edir, tarixçiləri və siyasətçiləri bu sözdən çəkinməməyə çağırır. Müəllif Arsaxın Qarabağın dağlıq hissəsinin tarixi adı və Sünik, Qandzak, Uti, Paytakaran və Aran kimi digər vilayətlərlə yanaşı, Qafqaz Albaniyası dövlətinin bir hissəsi olduğunu bildirir. Arsaxın maddi-mədəni irsinin Azərbaycanın islamdan əvvəlki dövrünə aid olması isə tarix elmində xeyli əvvəl qəbul edilmişdir. Gəlmə ermənilər və onların dili ilə "Arsax" sözü arasında heç bir əlaqə yoxdur. Kitabda bu müddəa elmi dəlillərlə, tarixi mənbələrdən istifadə edilməklə tutarlı faktlarla bir daha sübut olunmuşdur.

Akademik Ramiz Mehdiyev müvafiq tarixi sənədə istinad edərək göstərir ki, Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi. Faiz nisbətində götürdükdə, bu, 79 faiz və 21 faiz təşkil edir. Üstəlik, azərbaycanlı ailələrinin erməni ailələrindən daha böyük olduğunu nəzərə alsaq, ermənilərin mütləq sayı daha da az olmuşdur. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

Məruzəçi qeyd etmişdir ki, akademik Ramiz Mehdiyev Ermənistanın tez-tez istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipinin işğalçılıq siyasətini ört-basdır etmək cəhdi olduğunu da xüsusi vurğulayır. Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək" hüququnu əsas gətirməyə çalışırlar. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarından İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu səbəbdən Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcəkdir.

İcmanın əlaqələndirmə şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev bildirmişdir ki, görkəmli filosofun ən böyük uğurlarından biri dərin elmi məzmunun geniş oxucu kütləsinə sadə, anlaşıqlı dildə çatdırılmasıdır. Bu, elmdə nadir haldır. Müəllif ermənilərə bir neçə elmə - tarix, fəlsəfə, sosiologiya, hüquq və arxeologiyaya istinad etməklə kompleks, sanballı cavab vermişdir. Kitab sağlam düşüncəli erməni gəncləri üçün də faydalıdır. Z.Balayanın və digər şovinistlərin əsərlərinin zəhərlədiyi bu gənclər kitabdan öz tarixləri barədə əsl həqiqəti öyrənərlər. A.Kamyu "Alman dostuma məktublar" əsərində qeyd etmişdir: "Sozlər vadar etdikləri hərəkətlərin rəngini və çalarını qəbul edir. Sizdə Vətən anlayışı qan və daha tutqun rənglərə boyanıb, bizdə isə Vətən anlayışı əqlin nuru və ziyasına boyanmışdır". Akademik Ramiz Mehdiyevin bu əsəri bir daha sübut etdi ki, biz azərbaycanlılarda Vətən anlayışı açıq rənglərə boyanaraq elmə və əqlə əsaslanır.

İcmanın idarə heyətinin üzvləri - Dövlət İdarəçilik Akademiyasının dosenti Həvva Məmmədova, Milli Məclisin deputatları Rövşən Rzayev, Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP rayon təşkilatının sədri Təvəkkül Əliyev vurğulamışlar ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı istər tarixi, istərsə də siyasi baxımdan kifayət qədər sanballı əsər olmaqla Azərbaycan həqiqətlərinə obyektiv işıq salır. Təklif edilmişdir ki, kitab erməni dilinə tərcümə olunub icmanın saytına qoyulsun.

 

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 3.