"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi" mövzusunda müşavirə keçirilmişdir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Ombudsman Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi" mövzusunda birgə müşavirə keçirmişlər.

İyirmidən artıq QHT rəhbərinin iştirakı ilə keçirilən müşavirədə son 3 ayda əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, ictimai nəzarətin və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sahəsində ƏƏSMN tərəfindən görülmüş işlər müzakirə edilmiş və çıxışlar dinlənilmişdir.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, tədbirdə "Tərəqqiyə Elmi Dəstək" İctimai Birliyi tərəfindən ölkə əhalisi arasında ünvanlı sosial yardımın təyinatında şəffaflığın təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş müstəqil sorğunun nəticələri təqdim edilmişdir. Sorğunun nəticələrinə əsasən, ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsində müsbət istiqamətdə dəyişikliklərin qeydə alındığı müəyyən olunmuşdur.

Nazirliyin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə İctimai Şuranın yaradılması, qurumla birgə layihələr icra edən QHT nümayəndələrinə təlimlərin keçilməsi, regional peşə tədris mərkəzlərində sosial işçi peşəsi üzrə mütəxəssislərin hazırlanması və s. təklif edilmişdir.

Sonda nazirliyin fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi, QHT-lərlə birgə layihələrin təşkili, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə əlaqədar dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması barədə qərar qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2011.-24 aprel.- S., 4.