Ermənilərin cəfəng iddiaları

 

"24 aprel soyqırımı" ermənilərin əsl oyunudur, başqa adı yoxdur. Sadəcə, bir az siyasiləşib və daha məqsədyönlü olub. Son illər hər aprelqabağı "erməni soyqırımı" adlı oyun qabardılmış şəkildə gündəmə gətirilir, vəziyyət bilərəkdən gərginləşdirilir, uydurma sənəd o dövlətin, bu dövlətin parlamentinə, alt palatasına, üst palatasına çıxarılır, tarixin heç bir səhifəsi vərəqlənmədən, tarixçilərin, tədqiqatçıların iştirakı olmadan "müzakirə" edilir və bəziləri tərəfindən də qəbul olunur. Hətta iddianı qəbul etməyən ölkələr cəzalandırılmaqla da hədələnir. Bir sözlə, tarixçilərin öhdəsinə buraxılmalı olan bu "hadisə" siyasətçilərin maraq vasitəsinə çevrilib.

Hər il aprelin 24-də dünyanın diqqəti kəsilir Ağ evə, görək ABŞ Prezidenti nə deyəcək. Ssenariyə əsasən bir tərəfdə də etiraz aksiyası keçirən erməni lobbiçiləri əllərində şüar və plakatlarla hazır vəziyyətdə dayanır Ağ evin qarşısında. Nəhayət, Prezident Osmanlı imperatorluğu dövründə guya erməni qətllərini qınayan bir çıxış edir. Lakin ABŞ rəhbəri "soyqırımı" ifadəsi işlətmir, onun əvəzinə "ağır fəlakət", "böyük fəlakət" deyir və bununla da uydurma 1915-ci il türk-erməni məsələsinə tarazlı münasibət bildirir.

Bu kampaniya ABŞ-da prezident seçkiləri zamanı daha çox kara gəlir. Prezident olmaq istəyən real namizəd seçkiöncəsi debatlarda səsini və rəğbətini qazanmaq üçün erməni mənşəli seçicilərinə vəd edir ki, qalib gələrsə "erməni soyqırımı"nı tanıyacaq. Seçiləndən sonra isə bu "yük"ün altına girmir, "soyqırımı" əvəzinə başqa söz işlədir. Bu haqsız və ədalətsiz oyundan bezən və hiddətlənən Türkiyə isə Ağ ev rəhbərini 1915-ci ildə və ona qədər baş vermiş hadisələrə birtərəfli yanaşdığını, bu işi tarixçilərin ixtiyarına buraxmağı tövsiyə edir. Əsəblər yenidən gərilir, emənilər isə daha da aqressivləşərək "soyqırımı" ifadəsini alanadək mübarizə aparacağıq deyirlər. Ədalət xatirinə deyək ki, ötən il Prezident Barak Obama nəinki "soyqırımı" sözünü işlətdi, əksinə, bu məsələnin Konqresə çıxarılmasını belə əngəllədi. Birbaşa ovaxtkı Konqres rəhbərinə müraciət edərək məsələnin müzakirədən çıxarılmasını tələb etdi.

Hər il aprelin 24-də Türkiyə-Ermənistan münasibətləri və ya bu münasibətlərin tənzimlənməsi barədə söz demək səlahiyyətini başqa dövlətlərə kim verib? Hansı beynəlxalq hüquq normalarına əsasən hansısa bir ölkənin rəhbəri çıxış etməli, məlumatı olmadığı tarix barədə "söz" deməlidir və hər şey də bu "söz"dən asılı olmalıdır? Sanki yazılmamış qanundur. Kim edib bu seçimi? Elə isə bu başsağlığı hər il yəhudilərə, bosniyalılara, qırmızı kxmerlərin məhv etdiyi miloynlara, Katına, Yaponiyaya niyə verilmir? Bunlar ki, rəsmi olaraq tanınmış soyqırımlarıdır. Axı, Xirosima və Naqasaki vəhşətinə Amerikanın imza atdığı tarix daha yaxındır, onun şahidləri daha çoxdur, nəinki 1915-ci il "24 aprel" hadisələrinin. Xocalıda qar üstünə axan körpələrin qanı qurumayıb, bunlar niyə xatırlanmır?

Hər il uydurulmuş bu oyun gündəmə gətirilir, mərasim keçirilir, xüsusən Avropa ölkələrinin parlamentləri canfəşanlıq göstərərək "layihəni" müzakirəyə çıxarır, onsuz da gərgin dünyanın əsəblərini bir az da tarıma çəkirlər. Əslində, bunlar siyasi gərginliyi daha da artırmağa, alovun üzərinə körüklə getməyə xidmət edir. Bir sıra siyasi və iqtisadi maraqları üçün Türkiyəni gözdən salmağa cəhd edən dövlətlər bilmirlər ki, bunların xeyri yoxdur, əksinə, Türkiyənin nüfuzu getdikcə artır. Bu da onun ilk növbədə coğrafi strateji mövqeyi ilə bağlıdır. Bütün siyasi maraqları qoyaq bir yana, axı Türkiyə Asiya və Avropa qitələri arasında körpü olan bir ölkədir. Qara dənizi Aralıq dənizi ilə bağlayan boğazlar bu dövlətin ərazisindədir. Orta Asiya, Qafqaz və Orta Şərqdəki təbii enerji qaynaqlarının kəsişdiyi nöqtədə yerləşir Türkiyə. Onu necə sıxışdırmaq, zərərsizləşdirmək olar? Bunlardan sonra həm də Türkiyə neçə yüzillik dövlətçilik təcrübəsi olan bir ölkədir. Yəni, dünya bunu bilmirmi? Olmazmı ki, bu məsələyə birdəfəlik son qoyulsun. Amerika da, Qərb də, dünya da bilir ki, tarixin təsdiq etmədiyi "tarixi hadisə" yazıla bilməz. Almanlar yəhudilərə qarşı həyata keçirdikləri soyqırımı etiraf etdilər. Çünki bu yaşanmış və yazılmış tarixdir, faktlar və sənədlər ortadadır.

...1890-cı ildən etibarən davamlı şəkildə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin türklərə qarşı başladığı üsyan və qətllər Anadolunun ucqarlarında yaşayan türk kəndlərinin dağılıb talan edilməsinə, insanların qətlə yetirilməsinə gətirib çıxardı. Bu hadisələr Anadolunun şərqində və Kilikiya adlanan cənub bölgələrində kütləvi hal alırdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşir. Sonra Van, Sason, Adana üsyanları baş verir. Erməni birləşmələri, terror qrupları o qədər quduzlaşırlar ki, 1905-ci ildə Türkiyə sultanına sui-qəsd cəhdi edirlər. Birinci Dünya müharibəsinin başlanması isə bu həssas bölgədə vəziyyəti daha da gərginləşdirir. Türkiyədə yaşayan ermənilər çar Rusiyasına qoşularaq Osmanlılara qarşı vuruşurlar. Osmanlı dövləti 1915-ci ildə radikal qərar qəbul etməyə məcbur olur. 27 may tarixli "Köç" qərarı verilir və bir neçə erməni terrorçu cəzalandırılır. Onların çoxu türk kəndlərinə hücum edərək silahsız insanları qətlə yetirən cinayətkarlar idi. İndiyədək bəzi dövlətlər araşdırmalardan qaçsalar da, tarixi mənbələr göstərir ki, 1910-1922-ci illər ərzində erməni silahlı birləşmələri 523 min türkü qətlə yetirmişdir. Həmin dövrdə Türkiyədə isə dörd yüz minədək erməni yaşayırdı.

Birinci Dünya müharibəsi başa çatandan dərhal sonra Ariel adlı bir ingilis zabiti "Göy" adlı kitab çap etdirir. Kitabın leytmotivi bundan ibarətdir ki, guya Osmanlı imperiyası milyon yarım ermənini soyqırıma məruz qoyub. Bu kitab çox keçmədən 7 milyon tirajla çıxarılaraq xristian dövlətlərində yayılır. İçərisində də türkçülüyə, xüsusən də Osmanlı türklərinə həqarət və nifrət dolu yazılar. Xristian cəmiyyətləri bu kitabı böyük hay-küylə qarşılayır, reaksiyalar verirdilər. Antiosmanlı və antitürk təbliğatı da bundan sonra başlayır. Xarici mətbuat hədyanlar yazır.

"Soyqırımı" sözü 1950-ci ildə dövriyyəyə buraxılıb. SSRİ rəhbərliyində təmsil olunan Anastas Mikoyanın təşəbbüsü ilə hər il aprelin 24-ü Ermənistanda matəm günü keçirilir. Qondarma erməni soyqırımı ilk dəfə 1965-ci ildə Uruqvayda tanındı. İndiyədək bu hadisəni 19 Avropa və Amerika ölkəsi soyqırımı hadisəsi kimi qəbul edib. Təəssüf ki, tarixi bilmədən tarixə siyasi münasibət bildirən ölkələrin çoxu Avropa İttifaqının üzvləridir. Qondarma erməni soyqırımını tanıyan yeganə müsəlman ölkəsi isə ermənilərin çox yaşadığı Livandır. Qərb dövlətləri gözəl bilir ki, parlamentlərində "soyqırımı"nın tanınmasının heç bir hüquqi əsası yoxdur, onlar sadəcə, siyasi oyunun iştirakçılarıdır.

Bugünədək dünyanın heç bir tarixçi alimi, tədqiqatçısı 1915-ci ildə Osmanlıda ermənilərə qarşı soyqırımı təsdiq edən məqalə, monoqrafiya, sənədli və ya bədii əsər yazıb ortaya qoymayıblar, ictimai müzakirəyə çıxarmayıblar. Bu barədə ölkələrin parlament və Konqreslərinə sənəd təqdim etməyiblər. Əksinə, Amerikanın, İngiltərənin və Rusiyanın, hətta Fransanın bir neçə tədqiqatçısı ermənilərin o dönəmlərdə kütləvi şəkildə türkləri qırması haqqında tükürpədici faktları açıqlayıblar. Bircə fakt: Birinci Dünya müharibəsində Türkiyəyə qarşı döyüşən rus general-leytenantı Volxovitinov 1915-ci ildə bu müharibəyə həsr etdiyi kitabında yazır: "Ermənilərin bu qədər qaniçən, amansız hərəkətləri çarı da bezdirmişdi. O, vəhşi əməllərinə görə erməniləri heç sevmirdi".

Emənistanın təməli soyqırımı ideologiyasının üzərində qurulub. Çörəyi türk dünyasına qarşı terrordan, günahsız insan qanı tökməkdən çıxan erməni cinayətkarları 1970-ci illərdən başlayaraq hər il aprelqabağı xaricdəki türk nümayəndəliklərinə və səfirlərinə qarşı terror aksiyaları həyata keçiriblər. Məqsədləri necə olursa-olsun, uydurma "soyqırımı" Türkiyəyə qəbul etdirmək, ondan külli miqdarda təzminat almaq və Türkiyə torpaqlarında "böyük Ermənistan" yaratmaq yuxusunu çin etməkdir.

Yenə aprel ayıdır. Neçə gündür ki, yenə oyunlar başlayıb. Ssenari eynidir. Amma Avropa İttifaqı, başqa güclü dövlətlər də unutmasınlar ki, yeniləşmiş dinc dünya qurmaq istəyirlərsə, bu cür uydurmalardan, ortaya atılmış yalan iddialardan birdəfəlik imtina edərək "24 aprel" oyununa son qoymalıdırlar.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 5.